Təhsil və milli təhlükəsizlik: qarşılıqlı əlaqənin yeni mərhələsi

5 Oktyabr, 2026 - 12:59
Təhsil və milli təhlükəsizlik: qarşılıqlı əlaqənin yeni mərhələsi

“Biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil”.
                                                                                                                            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  

Məhz bu məqam təhsil ilə milli təhlükəsizlik arasında əlaqənin mahiyyətini ortaya qoyur. Əgər müasir təhlükəsizlik mühitində əsas risklərdən biri informasiya və ideoloji təsirlərdirsə, həmin təsirləri düzgün qiymətləndirə bilən, saxta və manipulyativ informasiyanı həqiqətdən ayıra bilən və müstəqil düşünmə qabiliyyətinə malik insan yetişdirmək artıq yalnız pedaqoji vəzifə deyil, həm də strateji milli təhlükəsizlik məsələsidir.

Bu yanaşmanın siyasi-strateji əhəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 oktyabr 2026-cı ildə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışında da xüsusi vurğulanıb. Dövlətimizin başçısı ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər mühüm olduğunu qeyd edərək bildirib:

“İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. ... Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında.”
Prezident daha sonra ideoloji risklərə qarşı mübarizədə təhsilin rolunu xüsusi olaraq önə çəkib: “Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”.

Bu fikirlər müasir təhsilin qarşısında duran vəzifənin yalnız bilik verməklə məhdudlaşmadığını göstərir. Söhbət eyni zamanda insanın informasiya immunitetinin, tənqidi düşüncə qabiliyyətinin və manipulyativ təsirlərə qarşı müqavimətinin formalaşdırılmasından gedir.

Təhsil ənənəvi olaraq iqtisadi inkişafın, insan kapitalının və sosial tərəqqinin əsas amillərindən biri hesab olunur. Lakin onun milli təhlükəsizlik baxımından əhəmiyyəti daha genişdir. Təhsil insanın dünyagörüşünü, intellektual və mənəvi potensialını formalaşdırmaqla dövlətin uzunmüddətli təhlükəsizliyinə birbaşa təsir göstərir.

Təhsil yalnız milli iqtisadiyyat üçün peşəkar insan kapitalı hazırlamır, həm də milli dövlətçilik üçün şüurlu və məsuliyyətli vətəndaş formalaşdırır. Başqa sözlə, savadlı insan yalnız daha yaxşı mütəxəssis deyil. O, eyni zamanda informasiyanı təhlil edə bilən, faktla dezinformasiyanı fərqləndirən, manipulyativ təsirləri tanıyan, müxtəlif informasiya mənbələrini müqayisə edən və dövlətin milli maraqlarını daha dərindən dərk edən vətəndaşdır.

Bu baxımdan müasir təhsilin qarşısında yeni vəzifə yaranır: şagirdə və tələbəyə yalnız “nəyi bilmək” deyil, həm də “məlumatı necə yoxlamaq”, “doğru ilə yanlışı necə ayırmaq” və “informasiya qarşısında necə düzgün mövqe tutmaq” bacarığını öyrətmək. Rəqəmsal texnologiyaların, sosial şəbəkələrin və süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə bu bacarıqlar milli təhlükəsizliyin mühüm elementinə çevrilir.

Beləliklə, XXI əsrdə təhsil ilə milli təhlükəsizlik arasındakı əlaqə əvvəlki dövrlərlə müqayisədə daha çoxşaxəli xarakter alır. Təhsil iqtisadi təhlükəsizliyi insan kapitalı vasitəsilə, informasiya təhlükəsizliyini media və rəqəmsal savadlılıq vasitəsilə, ideoloji təhlükəsizliyi isə tənqidi və müstəqil düşüncə qabiliyyətinin formalaşdırılması vasitəsilə dəstəkləyir.

Burada müəllimin rolu xüsusilə böyükdür. Müəllim artıq yalnız bilik ötürən pedaqoq deyil; o, həm də informasiya bolluğu şəraitində şagirdə düzgün istiqamət verən, faktları təhlil etməyi öyrədən, milli-mənəvi dəyərlərlə müasir dünyagörüşünü uzlaşdıran və gənc nəslin düşüncə immunitetinin formalaşmasına töhfə verən şəxsdir.

Deməli, müasir milli təhlükəsizliyin ən mühüm dayaqlarından biri insanın düşüncə qabiliyyətidir. Düşünən, təhlil edən, sual verən, informasiyanı yoxlayan və milli-mənəvi dəyərlərini dərk edən vətəndaş cəmiyyətin informasiya və ideoloji risklərə qarşı dayanıqlılığının mühüm amilinə çevrilir. Bu mənada məktəb və universitet yalnız təhsil müəssisəsi deyil, həm də milli təhlükəsizliyin, insan kapitalının və milli düşüncə potensialının formalaşdığı strateji məkanlardır.

Dövlətin fiziki sərhədləri olduğu kimi, mənəvi və informasiya sərhədləri də vardır. Fiziki sərhədləri sərhədçi qoruyur. İnformasiya sərhədlərini texnologiya qoruyur. Amma dövlətin ideoloji dayanıqlığını ilk növbədə savadlı, düşünən, milli dövlətçilik şüuruna malik vətəndaş qoruyur.

Buna görə təhsil məsələsinə yalnız iqtisadi inkişaf, əmək bazarı və insan kapitalı prizmasından baxmaq artıq kifayət deyil.
Təhsil həm də milli təhlükəsizlik siyasətidir. Məktəb və universitet yalnız bilik verən məkan deyil, həm də insanın informasiya və ideoloji təsirlərə qarşı immunitetinin formalaşdığı məkandır.

Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri yalnız texnoloji cəhətdən güclü, rəqəmsal baxımdan inkişaf etmiş dövlət qurmaq deyil. Eyni zamanda düşünən, bilən, araşdıran, informasiya mənbəyini yoxlayan, milli dövlətçilik dəyərlərini anlayan və süni intellekt dövrünün imkan və risklərini dərk edən vətəndaş yetişdirməkdir.

Çünki gələcəyin dövlətləri yalnız silah və texnologiya ilə deyil, bilik, elm, təhsil və insan kapitalı ilə də rəqabət aparacaqlar.
Və nəhayət, bir həqiqət getdikcə daha aydın görünür: Dövlətin ən möhkəm qalası yalnız daşdan, betondan və poladdan tikilmir. Dövlətin ən möhkəm qalası savadlı insanın düşüncəsində qurulur. İdeoloji təhlükəsizliyin ən etibarlı sərhədi isə məhz bilikdir.

Zahid Fərrux Məmmədov,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim