İrəvan xanlığı və Rusiya münaqişəsinin regional və beynəlxalq siyasi sistemə təsiri

24 Sentyabr, 2026 - 15:07
İrəvan xanlığı və Rusiya münaqişəsinin regional və beynəlxalq siyasi sistemə təsiri

Məqalədə XIX əsrin əvvəllərində İrəvan xanlığı ilə Rusiya imperiyası arasındakı hərbi-siyasi münaqişənin regional və beynəlxalq siyasi sistemə təsirləri kompleks şəkildə təhlil edilir. Tədqiqatın əsas hədəfi xanlığın işğalının Azərbaycan dövlətçiliyinin parçalanmasındakı rolunu və Cənubi Qafqazda dəyişən beynəlxalq güc balansını müəyyən etməkdir. İşdə Gülüstan (1813), Türkmənçay (1828) və Ədirnə (1829) sülh müqavilələrinin gətirdiyi geosiyasi transformasiyalar işıqlandırılır. Xüsusi diqqət Rusiya imperiyasının regionda uzunmüddətli dominantlığını təmin etmək məqsədilə həyata keçirdiyi demoqrafik mühəndislik siyasətinə – ermənilərin kütləvi şəkildə İrəvan və ətraf ərazilərə köçürülməsinə yönəldilir. Nəticədə sübut olunur ki, İrəvan xanlığının süqutu təkcə regional deyil, həm də Osmanlı və Qacar imperiyaları ilə Rusiya arasındakı qlobal rəqabətdə həlledici dönüş nöqtəsi olmuş, müasir dövrün etnik-siyasi münaqişələrinin təməlini qoymuşdur.

Cənubi Qafqazın geosiyasi arxitekturasında İrəvan xanlığının strateji mövqeyi və kilid rolu: XVIII əsrin ortalarında Nadir şah Əfşarın vəfatı və mərkəzi hakimiyyətin süqutu ilə Azərbaycanın dövlətçilik tarixində müstəqil xanlıqlar, o cümlədən strateji əhəmiyyətli İrəvan xanlığı təşəkkül tapdı. Osmanlı, Qacar və Gürcüstanla həmsərhəd olan bu xanlıq, XIX əsrin əvvəllərində hərbi islahatlar və balanslaşdırılmış xarici siyasət sayəsində yüksək müdafiə potensialı qazandı. Regionun iqtisadi və geosiyasi mövqeyi Cənubi Qafqazı Rusiya, Qacar və Osmanlı imperiyaları arasında kəskin hərbi-siyasi mübarizə poliqonuna çevirdi.

Rusiya imperiyasının hücum strategiyaları və xanlığın müdafiə islahatları (1804–1813)

1804-cü ilin mayında Qacarların rus qoşunlarını Cənubi Qafqazdan çıxarmaq tələbi rədd edildi və iyulun 10-da tərəflər arasında 10 illik müharibə başladı. Rusiya strateji mövqeyinə görə İrəvan xanlığını əsas hədəf seçmişdi; bura həm Osmanlı, həm də İranla sərhəddə hərbi baza kimi mühüm idi. Bu işğal planında Rusiya öz maraqları naminə ermənilərdən istifadə etməyi, ermənilər isə rusların köməyi ilə öz məqsədlərinə çatmağı hədəfləyirdilər. I Rusiya-İran müharibəsi dövründə İrəvan xanlığına ilk böyük hücum 1804-cü ildə general P.Sisianovun komandanlığı ilə reallaşdı. Rus ordusu (10 min əsgər) sayca daha çox olan Abbas Mirzənin qüvvələrini (30 min əsgər) məğlub etsə də, İrəvan qalasının inadlı müqavimətini qıra bilmədi. Qacar təhlükəsi və strateji çətinliklər fonunda xanlıq öz müstəqilliyini qorumağa çalışırdı. 1804-cü ildə İrəvan xanlığı (7 minlik qoşun) və Naxçıvanlı Kəlbalı xan rus mühasirəsinə qarşı döyüşdü. İyulun 25-də müdafiəçilərin süvari hücumu ilə rus batareyaları dağıdıldı və Sisianov geri çəkildi.

1808-ci ilin sentyabrında general-feldmarşal İvan Qudoviçin komandanlığı ilə İrəvan qalasına ikinci rus hücumu təşkil edildi. Hüseynqulu xanın hərbi-texniki hazırlığı və Həsən xanın ("Sarı aslan") rəhbərlik etdiyi 2 minlik qarnizonun müqaviməti nəticəsində rus ordusunun təslim tələbi rədd olundu. Noyabrın 17-də beş kolonla həyata keçirilən genişmiqyaslı hücum ağır itkilərlə (286 ölü və təxminən 900 yaralı) iflasa uğradı və bu məğlubiyyətdən sonra rus qoşunları mühasirəni qaldıraraq Tiflisə geri çəkilməyə məcbur oldu. 1809-cu ilin iyununda Məhəmmədəli xanın 15 minlik ordusu Pəmbək və Şörəyeldəki rus məntəqələrinə hücum etsə də, qarşısı alındı. 1810-cu ilin iyununda Nağı bəyin rəhbərliyi ilə 2 minlik İrəvan qoşunu Qazax sultanlığına hücum edərək ruslara itki verdi və qənimətlə geri döndü.

Münaqişənin regional siyasi sistemə təsiri. Rusiyanın Cənubi Qafqazdakı uğursuzluğu regionda ingilislərin və fransızların fəallığını artırdı. Xüsusilə, ingilislər İranın xarici siyasətində mühüm rol oynamağa başladılar. Bu məqsədlə ingilis hərbi mütəxəssislərinin bir dəstəsi Osmanlı ərazisindən İrəvana gəldi. Onların təkidi ilə İrəvan xanı Hüseynqulu xan 20 minlik qoşunla Osmanlı ərazisindən Gürcüstana hücum etdi. Lakin o, bu yürüşdə uğurlu nəticə əldə edə bilmədi.  Hüseynqulu xanın Osmanlı ərazisi vasitəsilə Pəmbək və Şörəyələ təşkil etdiyi hücum planı uğursuzluğa düçar oldu. Hüseynqulu xan ruslara qarşı mübarizəni davam etdirərək Pəmbək və Şörəyeli geri qaytarmaq məqsədilə Ərzurum hakimi Emin paşa ilə ittifaq qurmağa çalışmışdır. Lakin 1811-ci il 30 avqustda Mağizberd qalası yaxınlığında planlaşdırılan görüş Emin paşanın sui-qəsd nəticəsində öldürülməsi səbəbindən baş tutmamışdır. Nəticədə, hərbi-siyasi koordinasiya cəhdi uğursuzluqla yekunlaşmış və xan İrəvana qayıtmışdır. 

1810-cu ilin aprelində Əsgəranda Rusiya ilə Qacarlar arasında diplomatik danışıqlar aparılsa da, Rusiya İrəvan xanlığını tabe etmək üçün hərbi təzyiqləri artırırdı. 1813-cü ilin martında polkovnik Pestel tərəfindən İrəvan xanlığına qarşı həyata keçirilən hərbi yürüş dinc əhalinin kütləvi qətli və kəndlərin dağıdılması ilə nəticələndi. Bu "cəza tədbirlərinə" görə Pestel 1-ci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edildi. Həmin ilin 12 oktyabrında imzalanan Gülüstan müqaviləsi ilə birinci Rusiya-İran müharibəsi başa çatdı.   
İrəvan xanlığının süqutunun beynəlxalq güc balansına təsiri. Gülüstan müqaviləsi Azərbaycanda Rusiyanın mövqeyini artırdı. Müqaviləni Qacarlar tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə general Nikolay Rtişev imzaladı . Sülh müqaviləsinin şərtlərinə əsasən İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla Talış, Şirvan, Quba, Dərbənd, Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqları Rusiyaya verildi.

1813-cü il Gülüstan müqaviləsi ilə Şimali Azərbaycan xanlıqlarının əksəriyyəti Rusiya tərəfindən ilhaq edildi. Bu işğal nəticəsində əldə olunan hərbi-strateji resurslar Rusiyanın regiondakı mövqeyini möhkəmləndirdi və İrəvan ilə Naxçıvan xanlıqlarını təcrid vəziyyətinə saldı. Çarlığın sonrakı məqsədi bu iki xanlığı da tabe etməklə Cənubi Qafqazın işğalını tamamlamaqdan ibarət idi. Gülüstan müqaviləsinin (1813) şərtləri ilə razılaşmayan Qacarlar dövləti, diplomatik cəhdləri nəticəsiz qaldıqdan sonra revanş üçün hərbi hazırlıqlara başladı. Rusiyanın regional ekspansiyasını önləməyə çalışan İngiltərə, 1814-cü il sazişi əsasında şah ordusunun modernləşdirilməsini və maliyyələşdirilməsini üzərinə götürdü. Qacarların strateji planı həm xarici hərbi dəstəyə, həm də işğal altındakı Azərbaycan xanlarının daxili müqavimət potensialına əsaslanırdı. 

Gülüstan müqaviləsindən sonra tərəflər arasında ən kəskin mübahisə predmeti Rusiyanın Göyçə gölünün şimal və şimal-şərq ərazilərini işğal altında saxlaması idi. Hüseynqulu xan bu torpaqların geri qaytarılmaması səbəbindən Üçkilsəyə və rus sərhəd məntəqələrinə mütəmadi hücumlar təşkil edərək diplomatik təzyiqlərə məhəl qoymurdu. Bu qətiyyətli müqavimət nəticəsində rus komandanlığı geri çəkilməyə məcbur oldu: 1821-ci ildə İrəvan əhalisinə Göyçə örüşlərindən istifadə icazəsi verildi. Eyni zamanda, A.P.Yermolov sərhəd xəttinin müəyyənləşdirilməsi üçün danışıqlara razılıq verdi və Rusiya tərəfi Arpaçay istiqamətində bəzi ərazi iddialarından imtina etdi.

Üçkilsə (Eçmiədzin) katolikosluğu İrəvan xanlığının daxili sabitliyinə və suverenliyinə ciddi təhdid yaradan mərkəzlərdən biri idi. 1822-ci ilin yanvarında katolikos Yefrem, vergi siyasətini bəhanə edərək xanlığın icazəsi olmadan Qarabağa — Gülüstana getmiş və A.P.Yermolova şikayət etməyə cəhd göstərmişdir. Hüseynqulu xanın kəskin etirazından sonra, şah hökuməti ilə münasibətləri gərginləşdirmək istəməyən rus komandanlığı katolikosu qəbul etməmişdir. Xəyanətinin ifşasından və xanın qəzəbindən ehtiyat edən Yefrem, həmin ilin iyununda katolikosluqdan istefa verərək geri dönməkdən imtina etmişdir.

1825-ci ilin martında keçirilən Rusiya-Qacar danışıqlarında tərəflərin regional hegemonluq uğrunda kompromissiz mövqeyi fonunda, general A.P.Yermolov strateji ərazilərin mübadiləsini tələb etdi. Rusiyanın hərbi-siyasi təzyiqləri nəticəsində martın 28-də imzalanmış xüsusi aktla, Qacarlar dövləti sərhəd mübahisələrinə son qoymaq üçün Göyçə gölü ətrafındakı əraziləri Rusiya imperiyasına güzəştə getməyə məcbur oldu. Qacar hökumətinin Göyçə gölü ətrafındakı əraziləri birtərəfli qaydada Rusiyaya güzəştə getməsi İrəvan hakimi Hüseynqulu xanın kəskin etirazına səbəb oldu. Xanlığın ərazi bütövlüyünü qorumaq üçün o, hərbi-strateji əhəmiyyətli sərhəd zonalarına (Şörəyel, Abaran, Pəmbək və Göyçə) müxtəlif türk tayfalarını (ayrımlar, talınlar, seyidli, ağsaqqallı və qarapapaqlar) yerləşdirərək müdafiə xəttini möhkəmləndirdi. 1825-ci ildə İrəvan hakimi Hüseynqulu xan, Göyçə ətrafındakı Cild məntəqəsində yerləşən rus gözətçi dəstələrini ərazidən çıxararaq torpaqların xanlığa məxsus olduğunu bəyan etdi. Lakin knyaz Sevarsamidzenin diplomatik etirazlarından sonra, general A.P. Yermolovun əmri ilə hərəkətə keçən artilleriya ilə təchiz olunmuş rus piyada alayı strateji əhəmiyyətli həmin məntəqəni yenidən işğal etdi. 1825-ci ilin dekabrında İrəvan sərdarı Hüseynqulu xan və qardaşı Həsən xan hərbi əməliyyatlara başlayaraq Abadan qalasını azad etmiş, oradan qaçaraq Qarakilsəyə sığınan rus qoşunlarını məğlub etmişlər. Osmanlı mənbələrinə əsasən, bu qələbədən sonra strateji təhlükəsizlik məqsədilə bölgədəki köçəri tayfalar və bəzi kəndlər İrəvan və Qacar tərəfinə köçürülmüş, növbəti hədəf kimi isə Tiflisə hücum planları müzakirə edilmişdir.  

1826-cı il üsyanları fonunda İrəvan xanı Qacar qoşunları ilə hərbi koordinasiyaya girərək rus birliklərini geri oturtmuş, nəticədə Rusiyanın İrəvanı ələ keçirmək cəhdləri iflasa uğramışdır. Türkiyə arxiv sənədlərinə əsasən, Həsən xanın komandanlığı ilə Balıqçay, Sadağaçay və Qarakilsə keşikçi məntəqələri məhv edilmiş, strateji Gümrü yolu tam nəzarətə götürülmüşdür.

Etnik tərkibin süni transformasiyasının, regional və beynəlxalq və münasibətlər sistemində yaratdığı rol dəyişikliyi. 1826-1828-ci illər müharibəsində Qacarlar üzərində qələbə çalan Rusiya imperiyası, strateji diqqətini regionun digər güclü dövləti olan Osmanlıya yönəltdi. Balkanlardakı slavyan hərəkatları və "yunan üsyanı"na verilən dəstək, habelə Cənubi Qafqazın bölüşdürülməsi üzrə diplomatik uğursuzluqlar münasibətləri kəskinləşdirdi. Nəticədə, 1828-ci il aprelin 26-da I Nikolayın rəsmi müharibə elanı ilə başlayan birillik hərbi kampaniya Rusiyanın qələbəsi ilə başa çatdı.

1829-cu il sentyabrın 14-də imzalanmış Ədirnə sülh müqaviləsinin XIII maddəsi Osmanlı dövlətində yaşayan ermənilərin Rusiya tərəfindən işğal olunmuş Qərbi Azərbaycan torpaqlarına kütləvi köçürülməsinə hüquqi zəmin yaratdı. Çar Rusiyasının bu siyasətdə əsas strateji məqsədi regionun demoqrafik strukturunu xristianların xeyrinə dəyişməklə "xristian səddi" yaratmaq və Eçmiədzin katolikosluğu vasitəsilə qlobal miqyasda (Hindistandan İngiltərəyə qədər) erməni diasporu üzərində siyasi təsir imkanlarını genişləndirmək idi . 1829-cu il oktyabrın 10-da general Paskeviçin çar I Nikolaya məruzəsi ilə ermənilərin Osmanlıdan köçürülməsinin ikinci mərhələsi başladı. Çarın razılığı ilə Ərzurum və Qarsdan təxminən 10 min erməni ailəsinin Gürcüstana və yeni yaradılmış "Erməni vilayəti"nə (İrəvan və Naxçıvan) köçürülməsi qərara alındı. Paskeviç bu prosesi sistemli şəkildə idarə etmək üçün xüsusi komitə yaratdı və məskunlaşma prosesini tənzimləyən 12 bəndlik xüsusi qaydalar məcmusunu təsdiq etdi.

Osmanlı sultanı II Mahmud, imperiya daxilindəki erməni əhalisinin Rusiya ilə həmsərhəd bölgələrə kütləvi köçürülməsinin doğurduğu strateji təhlükəni önləmək üçün preventiv addımlar atdı. Bu məqsədlə, 1830-cu il fevralın 17-də xüsusi fərman imzalayan Sultan, vətənə xəyanətdə ittiham olunan bütün erməniləri əfv (amnistiya) edərək, onları öz daimi yaşayış yerlərində qalmağa təşviq etdi . Bir il sonra 84 min erməni Osmanlı torpaqlarından köçürülərək İrəvan, Naxçıvan, Axalkalaki və Ahıska bölgələrində yerləşdirildi . Ədirnə müqaviləsinin digər şərtlərinə görə Osmanlı imperiyası İrəvan və Naxçıvan xanlıqlarının çar Rusiyasına birləşdirilməsini rəsmən tanıdı . Rus tədqiqatçısı N.Şavrov yazırdı ki, İrandan sonra 1829-1830-cu illərdə Azərbaycana Osmanlı dövlətindən təqribən 85 minədək erməni köçürüldü. Köçürülən ermənilər üçün 200 min desyatin xəzinə torpağı ayrıldı və yerli müsəlman mülkədarlardan o dövrkü pulla 2 milyon manatlıq yerlər satın alındı.

Beləliklə, Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra əsasən qonşu İran və Osmanlı dövlətlərindən köçürülən ermənilərin hesabına Azərbaycanda ictimai-siyasi-demoqrafik dəyişikliklər ortaya çıxdı. Köçürmələr daha çox keçmiş İrəvan xanlığının ərazisinə  və ətraf regionlarda aparıldığından ən ciddi demoqrafik problemlər də bu torpaqlarda yaşandı.  Köçürmələr nəticəsində keçmiş İrəvan xanlığı ərazisində  ermənilərin sayı artdı. Rusiyanın bu köçürmə siyasəti Cənubi Qafqazda Rusiyanın mövqeyinin möhkəmləndirilməsi üçün dayaq yaratmaq, xristian əhalinin sayını artırmaq və yerli müsəlmanların asanlıqla idarə edilməsini təmin etmək məqsədi daşıyırdı.


Əfqan Vəliyev,
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsində mütəxəssis