Süni intellekt dövründə təhsil: düşüncəni necə dərinləşdirək?
Yeni təhsil ilinin başladığı bu günlərdə PISA nəticələri, yeni təhsil proqramları, məktəblərin vəziyyəti, təhsilin keyfiyyəti, hətta dərslərin başlanması ilə yenidən artan şəhər tıxacları müzakirə olunur. Lakin bütün bunların fonunda daha fundamental bir sual getdikcə daha çox əhəmiyyət qazanır: süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə təhsil uşağa nə öyrətməlidir – daha çox məlumatı, yoxsa düşünməyi?
Generativ süni intellekt artıq məktəb və universitet həyatının bir hissəsinə çevrilib. Şagird və tələbə saniyələr ərzində məlumat, xülasə, esse, həll yolu və arqument əldə edə bilir. Bunun təhsil baxımından mühüm üstünlükləri var. Lakin eyni rahatlıq başqa bir təhlükə də yaradır: insan müəyyən mərhələdən sonra düşünmək əvəzinə düşünmə işinin özünü texnologiyaya ötürməyə başlaya bilər.
Burada məsələ yalnız cavaba aparan yolun qısalması deyil. Daha ciddi problem odur ki, insan bu qısa yola alışdıqca zehni səy göstərmək ehtiyacı və istəyi də zəifləyə bilər. Çətin mətni oxumaq, problemi özü həll etməyə çalışmaq, bir fikrin üzərində uzun müddət dayanmaq əvəzinə hazır cavaba yönəlmək zamanla davranış vərdişinə çevrilə bilər.
Yuval Noah Hararinin süni intellektlə bağlı müzakirələrində diqqət çəkdiyi əsas məsələlərdən biri də texnologiyanın yalnız bizim üçün işləməsi deyil, getdikcə bizim yerimizə müəyyən zehni funksiyaları yerinə yetirməyə başlamasıdır. Təhsil baxımından əsas həssas məqam da burada ortaya çıxır: insanın artıq qazandığı bir bacarığı texnologiyaya həvalə etməsi ilə hələ formalaşmamış bir bacarığın inkişaf etmədən texnologiyaya ötürülməsi eyni şey deyil.
Yetkin insanın hesablamanı kalkulyatora verməsi ilə uşağın düşünmə, yazma, müqayisə etmə və arqument qurma bacarığı formalaşmadan bunları süni intellektə ötürməsi arasında ciddi fərq var. Buna görə də süni intellektin təhsilə daxil olması avtomatik şəkildə təhsilin yaxşılaşması anlamına gəlmir. Əksinə, nəzarətsiz və məqsədsiz istifadə koqnitiv tənbəlliyi, diqqətin tez dağılmasını və “ani cavab” gözləntisini gücləndirə bilər. İnsan hər suala bir neçə saniyə ərzində cavab aldıqca cavabı bilməməyə, gözləməyə, axtarmağa və səhv etməyə qarşı daha dözümsüz hala gələ bilər.
Halbuki dərin düşüncə müəyyən mənada səbir tələb edir. Bir kitabı sona qədər oxumaq, anlaşılmayan səhifəyə yenidən qayıtmaq, əks fikri dinləmək, ilk cavabından şübhələnmək və lazım gəldikdə “bilmirəm” deyə bilmək də intellektual inkişafın mühüm hissəsidir.
Süni intellekt dövrünün paradoksu məhz buradadır: informasiya çoxalır, lakin onun üzərində düşünmək üçün ayırdığımız zaman azalır.
Dünyanın qabaqcıl təhsil sistemlərində də müzakirə artıq “süni intellekti məktəbə buraxaq, yoxsa qadağan edək?” səviyyəsindən uzaqlaşır. Çin, Sinqapur və Cənubi Koreya kimi ölkələr süni intellekt savadlılığını təhsilə inteqrasiya etməyə çalışır. Avropa ölkələrində, Böyük Britaniya və Avstraliyada isə texnologiyadan istifadə ilə yanaşı etik məsuliyyət, məlumatın yoxlanılması, təhlükəsizlik və tənqidi düşüncə məsələləri ön plana çıxır.
Bu yanaşmaların ortaq məntiqi aydındır: məqsəd uşağı süni intellektdən qorumaq deyil, onun düşüncəsinin süni intellektdən asılı vəziyyətə düşməsinin qarşısını almaqdır.
Məhz burada “müdriklik zəkası” anlayışı daha böyük əhəmiyyət qazanır. Türkiyənin tanınmış psixoloqlarından Prof. Dr. Acar Baltaş müdrikliyin inkişafında kitab oxumağı, sənətlə, xüsusilə abstrakt sənətlə maraqlanmağı və insanın özündən fərqli düşünən insanlarla ünsiyyətdə olmasını önə çəkir. Bu üç fəaliyyətin ortaq bir xüsusiyyəti var: heç biri insana hazır cavab təqdim etmir.
Kitab insanı başqa həyatlarla və başqa dünyagörüşləri ilə qarşılaşdırır. Abstrakt sənət dərhal anlaşılmayanın qarşısında dayanmağı, yozmağı və mənalandırmağı tələb edir. Bizdən fərqli düşünən insanlarla ünsiyyət isə öz fikrimizi yeganə həqiqət kimi görməyimizin qarşısını alır. Generativ süni intellekt isə düzgün istifadə edilmədikdə bunun əksini – sürəti, rahatlığı və hazır cavabı – ön plana çıxara bilər.
Ona görə də gələcəyin təhsilində yalnız “süni intellektdən necə istifadə etməli?” sualı kifayət etməyəcək. Bəlkə də daha vacib sual budur: süni intellektdən nə zaman istifadə etməməliyik?
Məsələn, şagird və ya tələbənin yeni öyrəndiyi mövzuda əvvəlcə özü düşünməsi, yazması, arqument qurması və problemi həll etməyə çalışması, yalnız bundan sonra süni intellektdən müqayisə, yoxlama və alternativ baxış vasitəsi kimi istifadə etməsi daha məqsədəuyğun ola bilər. Başqa sözlə, texnologiya hər zaman birinci addım deyil, bəzi öyrənmə proseslərində ikinci mərhələ olmalıdır.
Bu dəyişiklik ev tapşırıqlarına münasibətin də yenidən nəzərdən keçirilməsini tələb edir. Evdə süni intellekt vasitəsilə bir neçə dəqiqə ərzində hazırlanmış esse və standart tapşırıqların əvvəlki mənada şagird və tələbənin real bilik və bacarığını nə dərəcədə ölçdüyü artıq ciddi sual doğurur. Buna görə gələcəyin qiymətləndirmə sistemində dərsdaxili yazı, şifahi cavab, debat, təqdimat, problem həlli və arqumentasiya daha böyük əhəmiyyət qazana bilər.
Bu mənada müəllimin əsas vəzifələrindən biri dərs prosesində şagird və tələbəni mümkün qədər düşünməyə vadar edən intellektual mühit yaratmaq olmalıdır. Müəllim yalnız məlumat ötürən şəxs deyil; sual verən, şübhə yaratmağı bacaran, fərqli cavabların müqayisəsini tələb edən və tələbəni öz mövqeyini əsaslandırmağa sövq edən pedaqoji istiqamətləndiricidir.
Məsələn, müəllim müəyyən mövzuda şagird və tələbələrdən dərs zamanı, süni intellektin və digər rəqəmsal yardımçı vasitələrin iştirakı olmadan qısa esse yazmağı tələb edə bilər. Burada məqsəd texnologiyanı cəzalandırmaq və ya süni intellektə qarşı mübarizə aparmaq deyil. Məqsəd tələbəyə müəyyən zaman intervalında öz yaddaşı, biliyi, düşüncə ardıcıllığı və arqumentasiya qabiliyyəti ilə tək qalmaq imkanı verməkdir.
Belə tapşırıqların başqa bir üstünlüyü də var. Müəllim tələbənin real düşüncə səviyyəsini, fikirlər arasında əlaqə qurmaq bacarığını, dilini və arqumentasiya qabiliyyətini daha obyektiv görə bilir. Eyni zamanda dərsdaxili yazı süni intellekt tərəfindən hazırlanmış mətnlərin birbaşa təqdim edilməsinin qarşısını təbii şəkildə alır. Yəni süni intellekti qadağan etmədən də tədris prosesində onun müdaxilə edə bilmədiyi “müstəqil düşünmə sahələri” yaratmaq mümkündür.
Bu baxımdan gələcəyin yaxşı müəllimi bəlkə də ən çox cavab verən müəllim olmayacaq. Ən yaxşı müəllim daha çox və daha düzgün sual verən, şagirdi cavabın arxasındakı səbəbi axtarmağa, fikrini əsaslandırmağa və öz cavabından belə şübhələnməyə sövq edən müəllim olacaq.
Süni intellekt saniyələr ərzində yüzlərlə cavab təqdim edə bilər. Lakin hansı cavabın doğru, hansı arqumentin əsaslı, hansı məlumatın manipulyativ, hansı nəticənin etik baxımdan problemli olduğunu müəyyənləşdirmək insan mühakiməsini tələb edir. Buna görə müəllimin gələcəkdəki əhəmiyyəti azalmaqdan daha çox başqa istiqamətdə arta bilər: müəllim artıq məlumatın əsas mənbəyi deyil, düşüncənin təşkilatçısı və intellektual prosesin moderatoru rolunu daşıyacaq.
Süni intellektdən imtina etmək mümkün deyil və buna ehtiyac da yoxdur. O, öyrənməni fərdiləşdirə, məlumat axtarışını sürətləndirə, yaradıcılığı və məhsuldarlığı artıra bilər. Ancaq təhsildə əsas prinsip aydın olmalıdır: texnologiya insanın düşüncə yükünü yüngülləşdirə bilər, amma düşünmək ehtiyacını aradan qaldırmamalıdır.
Çünki gələcəyin əsas problemi məlumat tapmaq olmayacaq. Əsas problem çoxlu məlumat və çoxlu hazır cavab arasında müstəqil mühakimə yürütmək, doğru sualı vermək və hansı cavaba etibar etməli olduğumuzu müəyyənləşdirmək olacaq.
Süni intellekt bizə sürət qazandırır. Təhsilin vəzifəsi isə bu sürətin bizi səbrsiz, hazır cavaba öyrəşmiş və zehni səy göstərməkdən qaçan insanlara çevirməsinə imkan verməməkdir.
Bəlkə də əsas sual artıq “süni intellekt nə qədər ağıllı olacaq?” deyil.
Əsas sual budur: süni intellekt bizim yerimizə daha çox düşündükcə, biz özümüz düşünməyə davam edəcəyikmi?
Əbülfəz Süleymanlı
sosiologiya üzrə elmlər doktoru, Üsküdar Universitetinin Sosiologiya kafedrasının professoru




