Sirli söz səltənətindən seçilən söz sahibi
“Söz”dən söhbət açmaq istəyirəm. O söz ki, allahdan gələn və allaha ismarlanan bir varlıqdır. Ona görə varlıq deyirəm ki, insanlar da sözlərdə yaşayır, sözlərdə var olur, sözləri ilə seçilir, fərqlənir, tanınır, şöhrətlənir. Söz qənirsiz nemət, insanlara ilahi tərəfindən bəxş olunan ən böyük ərmağandır. Bəşəriyyət tarixin qucağında sözlə bəzənib, sözlə qidalanıb, sözlə pərvəriş tapıb, sözlə ucalıb. Söz ünsiyyətdə yaranır, kəlmələşir, uşaqların dilində uşaqlaşır, böyüklərin dilində böyükləşir. Söz məhəbbət dünyasını bəzəyəndə zərif bir varlığa çevrilir. Söz ana dilində övladın qidasına çevrilir, onun ruhunu oxşayır. Söz onun qədrini bilən ustadın, sənətkarın, şairin, yazıçının, bəstəkarın, rəssamın əlinə düşəndə isə şeirə, poeziyaya, yazıya, romana, musiqiyə, mahnıya, rəsmə çevrilir, sözdən çələng toxunur. Zər qədrini zərgər bildiyi kimi, söz qədrini də söz sərrafları bilər, ürəyə, qəlbə, könüllərə yol açar.
Yaşı 55-i təzə haqlasa da ürəyi, qəlbi, ruhu hələ gənc olan, yazıb yaratmaq eşqi ilə yaşayan könüllərə yol tapmağı bacaran söz adamı, şair Yaşar Həsənli haqqında da belə xoş sözləri demək olar. Qarşımda müxtəlif illərdə çapdan çıxmış üç kitabı “O zirvədə gözüm qaldı”, “Adımı şeirə yazdım”, “Sirli söz səltənəti” adlı şeir kitabları poeziyamıza öz dəsti xətti ilə gələn şairin həqiqətən söz dəryasının dərinliyinə baş vurmaqla sözün, şeirin zirvəsinə ucalmaq istəyindən xəbər verir. Buna həm də bir insan qəlbinin içindən gələn səslə, yüksək vətənpərvərlik hissi və hədsiz fədakarlığı ilə nail olmaq istəyir, əgər belə olmasaydı, dünyada ilk dəfə yalnız eyni hərflə başlayan sözlərlə şeir yaratmaq ideyası da baş tutmaz, bu çətinliyin qarşısında təslim olardı. Çünki bütün sözləri eyni hərflə, səslə başlayan bütöv bir şeir yazmaq hər kəsin hünəri deyil, hiss, fikir, duyğularını məntiqi bağlılıqla poetik ifadə etmək, həm də müxtəlif mövzuları əhatə edə bilmək qeyri-adi fədakarlıq tələb edir. Şair Yaşar Həsənli qəlbinin hökmü, öz vicdanının səsi ilə bu missiyasının öhdəsindən bacarıqla gəlmişdir. Bu da təsadüfi deyil... Məncə insan hazırın naziri olarsa, həyatın qədrini bilməz, həyatsevər, insanpərvər ola bilməz, çətin şərait güclü şəxsiyyətlər formalaşdırır, həqiqi yaradıcı insan da ən böyük çətinlik, məhdudiyyət, ehtiyac, maneələrdən keçməsə əsl sənət əsəri yarada bilməz. Yaşar da uşaqlıqdan bu çətinlikləri görüb, kənd həyatı, çoxuşaqlı ailə, maddi sıxıntılar, tələbəlikdə ehtiyac ucundan yuxusuz gecələr də keçirib, I Qarabağ savaşında oddan alovdan da keçib, bərkiyib, mətinləşib, iradəcə daha da möhkəmlənib və həyata, elinə, obasına, Vətəninə daha çox bağlanıb.
Yaşar Həsənli (Yaşar Abbasəli oğlu Həsənov) 400-dən çox alimi, akademiki olan Ordubad rayonunun Əndəmic kəndində ziyalı ailəsində dünyaya göz açmış, tarix müəllimi, qabaqcıl təhsil, maarif işçisi Abbasəli müəllimin ocağında (üç oğul və bir qız övladının hamısı yüksək səviyyədə ali təhsil almışlar, sevindiricidir ki, bu gün nəvələr də ailənin elm və təhsil ənənələrini layiqlə davam etdirirlər) vətənpərvər bir gənc kimi yetişmiş, əməyə, zəhmətə alışmış, orta məktəbi yüksək nailiyyətlərlə, qızıl medalla bitirərək Bakı Dövlət Universitetinin fizika fakultəsinə daxil olmuş, universiteti də fərqlənmə diplomu ilə bitirərək öz doğma kəndində xeyli müddət müəllimləri ilə çiyin-çiyinə fizika müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir. Anası Telli xanımın kənd kitabxanasında kitabxanaçı işləməsi və dil-ədəbiyyat müəllimlərinin təsiri ilə uşaq və yeniyetmə yaşlarından mütaliəyə böyük həvəs göstərmiş, tələbəlik illərindən yazdığı şeirləri ilə ədəbi yaradıcılığa başlamışdır. “O zirvədə gözüm qaldı” adlı ilk kitabını 1992-ci ildə Sədərəkdə mənfur düşmənlərlə döyüşlərdə şəhadətə qovuşan xaloğlusu qəhrəman şəhidimiz Həsənəliyev Asəf Ələkbər oğlunun xatirəsinə həsr etmişdir:
Zirvədə görürəm səni özüm də,
Mən onun tamını dada bilmərəm.
Elə ucaldın ki, mənim gözümdə,
Min il də yaşasam çata bilmərəm – deyən şair özü də tələbə ikən sovet imperiyasının işğalçı rejiminə qarşı mübarizə aparan gənclərin sırasında olmuş, dəhşətli “20 Yanvar” gecəsindən təsadüf nəticəsində yüngül yaralanmaqla sağ çıxmış, yenə də səngərlərə atılaraq yağı düşməni torpaqlarımızdan qovub çıxarmaq arzusu ilə yaşamışdır. 1992-ci il “Xocalı faciəsi”ndən sonra yazdığı “Məni torpaq elə...” şeirində dediyi kimi:
Ələ
məni, qat vətənə,
Qoy
torpağı azalmasın.
Qoy “Vətənim hər ötənə,
Tapdaq oldu” yazılmasın.
Qoy düşmənlər məndən keçsin,
Bu vətənə dəyməsinlər.
Hamı yolun məntək seçsin
Gözlərini döyməsinlər...
Bu vətənpərvərlik ruhu ilə gənc şair 1993-cü ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılmış, Tərtərdə, Goranboyda, Ağdərədə erməni işğalçıları ilə vuruşmuş və yaralanmışdır.
Şairin ən çətin alliterasiya (samit səslərin təkrarı) və assonans (sait səslərin təkrarı) üslubunda yazdığı “Bayraq” şeirində də bu vətənpərvərlik ruhu yüksəkdir:
Başımızı bürüyəndə bəlalar,
Bacarmarıq, başçımızın buyruğuna baxmasaq.
Böyüyəndə bağışlamaz balalar,
Başabəla bədnamları birdəfəlik boğmasaq.
44 günlük Vətən müharibəsində igid döyüşçülərimizi
Qəhrəmanlar qaldıraraq qalxanı,
Qarabağı qanlarıyla qoruyub.
Qarabağı qoparmağa qalxanın,
Qılıncları qəbzəsindın qırılıb – kimi misraları ilə ruhlandıran şair Zəfərimizə, Böyük Qələbəmizə ürək dolusu sevinirdi:
Qəfəsdəydi, qəlbi qara qubardı,
Qismətinin qaranlığı qurtardı.
Qəhrəmanlar qanlarıyla qaytardı
Qələbənin qülləsidir Qarabağ.
Qartallara qüdrət qatan qayaya,
Qəhrəmanlar qaça-qaça qalxırdı.
Qələbəni qayadakı qalaya,
Qazilərin qətiyyəti qaldırdı...
Şuşadakı şiddətlərə şahidlər-
Şəhadətlə şərəflənən şəhidlər.
Şeirlərlə şənlənirdi şagirdlər:
“Şərəfimiz, şöhrətimiz Şuşadır,
Şəkk-şübhəsiz şövkətimiz Şuşadır!” ...
Şair Yaşar Həsənlinin ümumiyyətlə mövzu seçimi çoxşaxəlidir, bütün mövzularda belə üslubda şeirləri də çoxdur. Onun yaradıcılığında mənim də diqqətimi çəkən, məni daha şox təəccübləndirən onun alliterasiya şeirləri oldu. Uzun illərin zəhməti ilə ərsəyə gələn kitabı bir-bir vərəqləyib şeirləri oxuduqca dilimizin zənginliyinə, şairin fədakarlığına, eyni hərflərlə başlayan sözlərin məntiqi bağlılıqla ipə, sapa düzülməsinə, şairin öz hiss və duyğularını şeir dili ilə poetik şəkildə səbrlə yetkin, bitkin ifadə etməsinə heyrət etməyə bilmirsən. Bu ancaq Uca Yaradana bağlı olan bir yaradıcı insanın təxəyyülünün, istedad və zəhmətinin bəhrəsi ola bilər. Bir də Yaşar Həsənli uşaqlıqdan şahmata böyük həvəs göstərib, şahmat turnirlərində yarışıb, qalib olub, ailəsində də güclü şahmatçılar var, məncə bu da onun daha əzmkar, iradəli və səbrli olmasına öz təsirini göstərib:
Danılmazdır dahilərin dəyanətlə dözdüyü,
Dərin-dərin düşüncəsin dünyasına düzdüyü,
Dilim-dilim doğransa da, danmaz düzü, düzlüyü,
Dahilər!
Dilimizin dəyərindən danışanda dahilər,
Doğru-dürüst, dayanıqlı dəlillərə dayanır.
Dilimizin dərinliyi, dadlı, dolğun deyimlər,
Dünyaları dolanaraq düşündürür duyanı.
Şair Yaşar Həsənli poeziyamızda gənc olsa da, onun yaradıcılığına görkəmli şair, yazıçılarımız, tanınmış söz-sənət adamları, dilçi alimlərimiz və ədəbiyyat, poeziya sevərlər yüksək qiymət vermişlər, şeirləri bədii qiraətçilərimiz tərəfindən səsləndirilir. Şairin ilk kitabına xeyir-dua verən Azərbaycan Xalq yazıçısı Hüseyn İbrahimov şeirimizə yeni gələn gənc şairin səmimi, ən ülvi hisslərlə yazdığı şeirləri çox bəyənmiş, qədim tarixi olan poeziyamızın enişli-yoxuşlu yollarında daha inamla və inadla addımlamağı tövsiyə etmişdir. 2021-ci ildə işıq üzü görən ikinci kitabına ön sözu yazan Moskvada yaşayan həmyerlimiz, hüquqşünas Güloğlan Məmmədov şairin müxtəlif mövzularda yazdığı şeir və qoşmalarında şairin milli dəyərlərə bağlılığını, səmimi məhəbbət şeirlərində belə saf, boyasız duyğuları ifadə etməsini, yazdıqlarında əsas gücü məna yükünə verməsini, eyni hərflərlə yazılan şeirlərində isə şeiri çətin sınaqlardan keçirməsini şairin böyük cəsarəti adlandırıb. Haqqında xoş sözlər deyilib: Xalq yazıçısı Kamal Abdulla, Hüseyn İbrahimov, yazıçı jurnalist Rəşad Məcid, Fəxri Uğurlu, şair, yazar Bəxtiyar Aslan (Türkiyə), Rəxmət Babacan (Özbəkistan), şair-publisist Əvəz Mahmud-Lələdağ, filoloqlar Sərdar Zeynal, Elçin İbrahimov, alimlər Akif Bağırov, Adil Abdullayev və başqaları hər biri özünəməxsus şəkildə şairin yaradıcılığını dəyərləndiriblər. Şairin sayca üçüncü kitabına filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər akademiyasının həqiqi üzvü, hörmətli Nizami Cəfərov ön söz yazaraq bütün sözləri eyni hərflə başlayan şeirlərinə heyran olduğunu, həm şeirin formal tələblərinə əməl etməklə, həm də dilimizin imkanlarını, normalarını, qanun-qaydalarını gözləməklə bədii cəhətdən kifayət qədər yüksək, təsvir vasitələri yerində olan, ifadə obrazları mükəmməl bir sənət əsəri kimi, dilimizin, ədəbiyyatımızın geniş imkanlarının göstəricisi kimi dəyərləndirib. Həmyerlimiz, tanınmış şair, Türk Dünyası Uluslararası Araşdırmalar Akademiyasının fəxri professoru Rüstəm Behrudi isə dünyanı özünəməxsus və fərqli şəkildə dərk etməyə can atan bir şairin sözləri sevə-sevə dara çəkməklə, hərdən hayqıraraq, hərdən pıçıldayaraq sözün rəsmini çəkdiyini, şairin sözlərlə hisslərin, duyğuların, olanların və olacaqların, yaşantıların canlı təsvirini sözün rəngləri ilə yaratdığını və sonda buna cəsarətlə nail olduğunu qeyd edir.
Mən də dəyərli insanların, söz-sənət sahiblərinin yüksək fikirlərinə şərik olaraq, əziz dostum, həmkəndlim, məktəbimizin fəxri məzunu, müəllim həmkarım, şair Yaşar Həsənlinin 55 illik yubileyi münasibətilə bir şeir, poeziyasevər insan kimi öz fikirlərimi bölüşmək istədim. Bəlkə də daha geniş, daha çox, daha yaxşı demək olardı... Yaşar müəllim sözün əsl mənasında buna layiq səmimi insandır. Yaşar müəllim gözəl ailə başçısı, qayğıkeş atadır, həyat yoldaşı da müəllim, həm də güclü şahmatçıdır, qızları Jalə və Lalə də yüksək səviyyədə ali təhsil almış, müxtəlif sahələrdə çalışırlar.
Sevənlər söhbətsiz, sözsüz saralır,
Savaşan sultanlar sözlə sarılır.
Səbrlə söyləmək sənət sayılır,
Sənətkar səsiylə seviləndi söz.
Şeir, sənət, söz aləmində yeni cığır açan, hər birimizi hərflərimizin sehrli, sirli aləmində dolandıraraq poeziyamızda fərqli bir yolun başlanğıcını qoyan istedadlı şair Yaşar Həsənlini yeni “Sirli söz səltənəti” kitabının işıq üzü görməsi və yüksək səviyyədə təqdimatı münasibətilə, həm də 55 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, sağlam canla gələcəkdə daha böyük yaradıcılıq uğurları arzulayıram. İşlərin daim uğurlu olsun, getdiyin yolda Ulu Tanrı yar və yardımçın olsun, Yaşar müəllim!
Əyyar Səfərov
Ordubad rayonu Əndəmic kənd tam orta məktəbin direktoru, riyaziyyat müəllimi




