Təsviri incəsənət dərsində: Hər xətt bir düşüncədir – Müəllimin pedaqoji gündəliyindən
Sinif otağı mənim üçün sadəcə dərs keçirilən yer deyil. Ora düşüncələrin formalaşdığı, xarakterlərin möhkəmləndiyi, gələcəyin səssiz şəkildə qurulduğu məkandır. Hər dəfə sinfə daxil olanda anlayıram ki, qarşımdakı şagirdlər yalnız öyrənən deyil, həm də axtaran, düşünən, hiss edən fərdlərdir. Müəllimin işi istiqamət göstərməkdir.
Təsviri incəsənət dərsində mənim üçün əsas məqsəd “gözəl çəkmək”dən daha çox doğru hiss etməkdir. Çünki incəsənət texnika ilə başlayır, amma düşüncə ilə tamamlanır. Uşaq kağız qarşısında oturanda əslində təkcə rəsm çəkmir, o öz daxili dünyası ilə dialoqa girir. Müəllim isə o dialoqu anlayan ilk şəxs olmalıdır.
Bir dəfə sərbəst mövzu verdim. Şagirdlər müxtəlif səhnələr üzərində işləyirdilər. Onlardan biri geniş bir səma təsvir etmişdi. Səmanın ortasında isə tək bir işıq nöqtəsi vardı. Yaxınlaşıb soruşdum:
— Bu işıq nədir?
Şagird sakitcə dedi:
— Müəllim, insan bəzən çətinliklərlə üzləşir. Amma daxilində bir inam varsa, o işıq onu ayaqda saxlayır.
O cavab mənə bir daha xatırlatdı ki, biz dərsdə yalnız rəng və xətt öyrətmirik. Biz düşünməyi, möhkəm durmağı, daxili gücü qorumağı öyrədirik. Təhsil həm də mövqe formalaşdırmaqdır.
Dərslərimdə tez-tez deyirəm: “Sən necə düşünürsənsə, elə də çək”. Çünki yaradıcı təfəkkür sərbəst ifadə bacarığı tələb edir. Uşaq qorxaraq inkişaf edə bilməz. Onun səhv etmək haqqı olmalıdır. Səhv isə son deyil, inkişafın başlanğıcıdır. Dərsdə ən çox önəm verdiyim məsələ şagirdin özünü rahat hiss etməsidir. Əgər uşaq “yanlış çəkərəm” deyə çəkinirsə, artıq yaradıcılıq dayanır. Mən isə tez-tez deyirəm: “Rəssamın səhvi olmur, onun axtarışı olur”.
Mən istəyirəm ki, şagirdlərim bir-birinə bənzəməsin. Hərəsinin xətti, rəng seçimi, baxışı fərqli olsun. Çünki cəmiyyət də məhz fərqli düşünən insanların hesabına irəliləyir. Təsviri incəsənət dərsi uşağa yalnız kompozisiya qurmağı yox, qərar verməyi də öyrədir. Hansı rəngi seçmək, hansı xətti davam etdirmək – bunlar kiçik görünən, amma xarakter formalaşdıran seçimlərdir. Bəzən şagird deyir: “Müəllim, alınmadı”. Mən cavab verirəm: “Alınmayan iş yoxdur, davam etməyən iş var”. O anda uşaq yenidən cəhd edir. Və həmin ikinci cəhd onun özünə inamının başlanğıcı olur. Mənim üçün ən böyük uğur şagirdin “mən bacardım” deməsidir.
Dərslərimizin sonunda kiçik sərgilər təşkil edirik. Sərgidə nümayiş etdirilən hər rəsm uşağın özünü ifadə etmək yolunda qazandığı kiçik nailiyyətdir. İnanıram ki, müəllim fənnə dair bilik və bacarıqları aşılamaqla yanaşı, həm də dəyər ötürür. Səbr, zəhmət, estetik baxış, məsuliyyət, hörmət – bunlar dərs planında ayrıca yazılmır, amma hər dərsdə hiss olunur. Təsviri incəsənət uşağa hər boşluğun doldurula bilən olduğunu öyrədir. Hər qaralama yeni başlanğıcdır. Hər xətt davam etməyə layiqdir. Həyat da bir az belədir. Hər dərs mənim üçün yeni bir səhifədir. Hər səhifənin sonunda özümə belə bir sual verirəm: “Bu gün bir uşağın həyatına nə qədər işıq sala bildim?”
Sahib Şəmizadə
Bakı şəhəri Azər Namazov adına 180 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.




