4 dəqiqədən 2 dəqiqəyə: Xarici dildə daha axıcı danışmağın 4/3/2 texnikası

10 Sentyabr, 2026 - 17:35
4 dəqiqədən 2 dəqiqəyə: Xarici dildə daha axıcı danışmağın 4/3/2 texnikası

Xarici dil öyrənənlərin çox tanış bir problemi var: sözü bilir, qaydanı bilir, hətta verilən tapşırığı da düzgün yerinə yetirir, amma danışmağa başlayanda dayanır. Fikirləşir. Yenidən başlayır. Lazım olan sözü xatırlamağa çalışır. Bəzən demək istədiyi cümləni əvvəlcə ana dilində qurub sonra tərcümə edir. Nəticədə sadə bir fikir belə uzun fasilələrlə ifadə olunur.

Maraqlıdır ki, burada problem həmişə söz ehtiyatının azlığı və ya qrammatikanın zəifliyi deyil. Bəzən şagird kifayət qədər bilir, sadəcə bildiklərini sürətlə istifadə etməyə öyrəşməyib.

Elə buna görə xarici dil dərslərində “daha çox bilmək”lə yanaşı, “bildiyini daha rahat istifadə etmək” üçün də ayrıca məşqə ehtiyac var.

Bu məqsədə xidmət edən maraqlı yanaşmalardan biri 4/3/2 "Fluency Technique", yəni 4/3/2 danışıq axıcılığı texnikasıdır. Adından da göründüyü kimi, burada üç rəqəm var: 4, 3 və 2.

Şagird əvvəlcə ona tanış olan müəyyən mövzu haqqında 4 dəqiqə danışır. Sonra tərəfdaşını dəyişir və eyni mövzunu bu dəfə 3 dəqiqə ərzində danışır. Üçüncü dəfə isə başqa dinləyiciyə həmin fikirləri 2 dəqiqə ərzində çatdırmağa çalışır.

Mövzu dəyişmir.

Əsas fikir dəyişmir.

Dəyişən yalnız zamandır.

İlk baxışda belə bir sual yarana bilər: eyni şeyi üç dəfə danışmaq şagird üçün darıxdırıcı olmazmı?

Əslində texnikanın gücü elə həmin təkrardadır. Şagird ikinci dəfə danışanda artıq “Nə deyəcəyəm?” sualına əvvəlki qədər enerji sərf etmir. Çünki nə danışacağını bilir. Beyin bu dəfə diqqəti daha çox “Bunu necə deyəcəyəm?” məsələsinə yönəldə bilir.

Üçüncü cəhddə isə vəziyyət bir qədər də dəyişir. Şagird artıq hansı sözlərdən istifadə edəcəyini, hansı cümləni necə başlayacağını, hansı fikri hansı fikirdən sonra söyləyəcəyini təxminən bilir. Üstəlik, əvvəl dörd dəqiqəyə dediyini indi iki dəqiqəyə çatdırmalıdır. Buna görə lazımsız pauzaları azaltmağa, fikirlərini daha sürətli toplamağa və artıq tanış olan dil vahidlərini daha çevik işlətməyə başlayır.

Bu texnikanı 1980-ci illərdə Kit Moris təqdim edib. Sonralar dil tədrisi üzrə tanınmış tədqiqatçı Paul Neyşn 4/3/2 fəaliyyəti üzərində apardığı araşdırmada maraqlı nəticələr müşahidə edib. Təkrar danışıq zamanı öyrənənlərin nitq sürəti artır, tərəddüd və fasilələri azalırdı. Sonrakı illərdə də 4/3/2 danışıq axıcılığının inkişaf etdirilməsi üçün istifadə olunan texnikalardan biri kimi araşdırılıb.

Burada bir məqam xüsusilə vacibdir: 4/3/2 yeni dili öyrətmək üçün deyil, artıq öyrənilmiş dili daha rahat istifadə etməyə kömək etmək üçün nəzərdə tutulub.

Yəni müəllim həmin gün şagirdlərə onlarla yeni söz təqdim edib dərhal “İndi dörd dəqiqə danışın” desə, texnikanın əsas məqsədi itə bilər. Çünki şagird danışıq axıcılığı üzərində deyil, yeni sözləri xatırlamaq üzərində işləyəcək.

Mövzu şagirdə tanış olmalıdır.

Məsələn:

My favourite school day

A memorable trip

My weekend

A person I admire

How I spend my free time

Should students use phones at school?

kimi mövzular seçilə bilər.

Şagirdin həmin mövzuda həm fikri, həm də istifadə edə biləcəyi kifayət qədər dili olmalıdır.

Birinci danışıqdan əvvəl qısa hazırlıq vaxtı vermək də faydalıdır. Amma burada şagirdin bütöv mətni yazıb sonra əzbərləməsi məqsədəuyğun deyil. Əks halda speaking fəaliyyəti yavaş-yavaş “yadda saxladığım mətni səsləndirim” tapşırığına çevriləcək. Şagird mövzu haqqında düşünə, 3–4 açar söz müəyyənləşdirə bilər. Sonra isə sərbəst danışmağa çalışmalıdır.

Məsələn, 8-ci sinifdə mövzu belədir:

How can we protect the environment?

Şagird ilk tərəfdaşına dörd dəqiqə danışır:

We can use less plastic. We should not throw rubbish in the streets. We can save water...

İlk cəhddə uzun fasilələr ola bilər. Bəzi fikirlər təkrar edilə bilər. Şagird hansı cümlə ilə davam edəcəyini düşünə bilər.

Üç dəqiqəlik ikinci danışıqda həmin şagird artıq əvvəl istifadə etdiyi ifadələri daha tez xatırlayacaq.

İki dəqiqəlik üçüncü danışıqda isə nitq çox vaxt daha yığcam və daha rahat olacaq. Çünki şagird artıq fikrinin yolunu tanıyır.

Məncə, bu texnikanın ən maraqlı tərəflərindən biri də budur: şagird öz inkişafını cəmi bir dərsin içərisində hiss edə bilir.

Birinci cəhddə çətinliklə dediyi cümlənin üçüncü cəhddə daha rahat gəldiyini özü görür.

Bu isə motivasiya baxımından az şey deyil.

Amma 4/3/2 yazılıb deyə bütün yaşlarda şagirdi mütləq dörd, üç və iki dəqiqə danışdırmalıyıqmı?

Xeyr.

Texnikanın prinsipini qoruyub zamanı yaş və dil səviyyəsinə uyğunlaşdırmaq daha məqsədəuyğundur.

Məsələn, 1–4-cü siniflərdə dörd dəqiqəlik sərbəst danışıq real olmaya bilər. Kiçik yaşlı şagirdlərlə bunu 60–45–30 saniyə formasında tətbiq etmək mümkündür.

3-cü sinif şagirdlərinə “My favourite animal” mövzusu verilə bilər. Şagird əvvəlcə bir dəqiqə danışır:

My favourite animal is a cat. It is small. It has four legs. It can run...

Sonra yeni tərəfdaşa eyni mövzunu 45 saniyəyə, daha sonra isə 30 saniyəyə danışır.

Hətta başlanğıc səviyyədə lövhədə bir neçə dəstək ifadəsi saxlamaq olar:

My favourite ... is ...

It is ...

It can ...

I like it because ...

Beləliklə, uşaq boşluğa atılmır. Ona danışmaq üçün kiçik bir “dil pilləkəni” verilir.

5–7-ci siniflərdə artıq 2–1,5–1 dəqiqəlik modeldən istifadə etmək olar. Mövzular şagirdin gündəlik həyatına yaxın seçildikdə nəticə daha yaxşı olur:

My school day

The best way to spend a weekend

A hobby I enjoy

Why should we read books?

Burada müəllim hər turda tərəfdaşların dəyişməsinə diqqət edə bilər. Eyni adamın qarşısında eyni nitqi üç dəfə söyləmək doğrudan da bir qədər süni görünə bilər. Yeni dinləyici gələndə isə şagirdin həmin məlumatı yenidən çatdırmasının kommunikativ səbəbi yaranır.

8–9-cu siniflərdə klassik 4/3/2 modelinə yaxınlaşmaq mümkündür. Şagirdlər artıq sadəcə özləri haqqında deyil, müəyyən məsələlərə münasibətlərini də əsaslandıra bilərlər.

Məsələn:

Is homework always necessary?

Should teenagers have less screen time?

What makes a good friend?

Is it better to study alone or with others?

Bu mərhələdə şagirdə bir şərt də qoymaq olar: fikrini ən azı iki səbəblə əsaslandırsın və bir nümunə versin.

Beləliklə, fəaliyyət yalnız sürətli danışmağa deyil, fikrin məntiqli qurulmasına da xidmət edir.

10–11-ci siniflərdə isə texnikanı müzakirə, təqdimat və imtahan hazırlığı ilə əlaqələndirmək mümkündür. Məsələn:

Artificial intelligence: opportunity or risk?

Should university education be free?

Does social media bring people closer?

Is studying abroad always an advantage?

Şagird ilk danışığında mövzunu daha geniş izah edə, sonrakı mərhələlərdə isə əsas arqumentlərini seçərək nitqini daha yığcam qura bilər. Bu bacarıq xüsusilə şifahi imtahan, müsahibə və təqdimat zamanı çox faydalıdır. İnsan hər bildiyini deməli deyil; əsas fikri verilmiş vaxtda aydın çatdırmaq da ayrıca bacarıqdır.

Texnikanı böyük siniflərdə tətbiq etmək də çətin deyil. Şagirdləri iki sıra şəklində qarşı-qarşıya yerləşdirmək olar. Bir sıra danışır, digər sıra dinləyir. Vaxt bitdikdə dinləyicilər bir addım hərəkət edir və tərəfdaşlar dəyişir. Sonra rollar əvəz olunur.

Burada müəllimin hər cümləni dinləyib səhv axtarması lazım deyil.

Əksinə, hər iki cümlədən bir şagirdi dayandırıb səhvini düzəltmək fəaliyyətin mahiyyətinə zidd ola bilər. Çünki bu dəfə şagird “fikrimi necə çatdırım?” deyil, “görəsən, indi hansı səhvi edəcəyəm?” deyə düşünməyə başlayacaq.

Axıcılıq məşqi zamanı müəyyən səhvlərə dözümlülük lazımdır.

Bu, səhvlərin əhəmiyyətsiz olması demək deyil. Müəllim fəaliyyət boyu tez-tez rast gəlinən 3–4 ümumi səhvi qeyd edib tapşırıq bitdikdən sonra siniflə birlikdə müzakirə edə bilər. Belə olduqda həm danışığın ritmi pozulmur, həm də şagird geribildirim alır.

4/3/2 texnikasını fərdi şəkildə də tətbiq etmək mümkündür.

Evdə dil öyrənən şəxs telefonunun səs yazısından istifadə edə bilər. Eyni mövzu haqqında əvvəl dörd, sonra üç, daha sonra iki dəqiqə danışıb hər üçünü yaza bilər.

Sonra birinci və üçüncü səs yazısını müqayisə etsin.

Fasilələr azalıbmı?

“Umm...”, “err...” kimi doldurucu səslər azalıbmı?

Eyni fikri daha aydın deyə bilibmi?

Lazım olan sözlər daha tez yadına düşübmü?

Bu müqayisə bəzən istənilən qiymətdən daha maraqlı geribildirim verir. Çünki öyrənən öz inkişafını özü eşidir.

Bir məsələni də unutmayaq: axıcı danışmaq sürətlə danışmaq demək deyil.

Məqsəd şagirdi iki dəqiqə ərzində mümkün qədər çox söz deməyə məcbur etmək deyil. Məqsəd uzun və süni fasilələri azaltmaq, tanış söz və strukturları daha avtomatik istifadə etmək, fikirlər arasında daha rahat keçid yaratmaqdır.

Bəzən xarici dil dərslərində belə bir vəziyyət yaranır: şagird illərlə qrammatika tapşırıqları edir, yüzlərlə söz öyrənir, testlərdə yaxşı nəticə göstərir, amma “İndi mənə bu mövzuda iki dəqiqə danış” deyiləndə çətinlik çəkir.

Çünki danışmaq haqqında öyrənməklə danışmağı məşq etmək eyni şey deyil.

4/3/2 texnikasının bizə verdiyi əsas mesaj bəlkə də çox sadədir:

Danışığı inkişaf etdirməyin yollarından biri yenə danışmaqdır — amma hər dəfə bir az daha rahat, bir az daha yığcam və bir az daha inamla.

Bəzən şagirdə yeni on söz öyrətməzdən əvvəl, artıq bildiyi yüzlərlə sözü rahat istifadə etməsi üçün fürsət yaratmaq daha faydalı ola bilər.

Dörd dəqiqədən üçə, üçdən ikiyə gedən yol yalnız vaxtın azalması deyil.

Əslində bu, şagirdin “Bilirəm, amma danışa bilmirəm” mərhələsindən “Bildiyimi istifadə edə bilirəm” mərhələsinə doğru atdığı kiçik, amma çox vacib addımlardan biridir.

Günay Əkbərova
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi