Naxçıvanın gələcək inkişafında NDU-nun artan rolu: Yeni missiyalar və gözləntilər
11 avqustun 2026-cı il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər etdilər. Bu qədim diyara növbəti — dövlət başçısı kimi artıq on yeddinci səfəri özlüyündə çox şey deyir. On yeddi səfər o deməkdir ki, Naxçıvana münasibət heç vaxt vaxtaşırı diqqət yox, ardıcıl və sistemli bir dövlət siyasəti olub. Səfərin özü də bunu doğrulayan tədbirlərlə müşayiət olundu — sənaye parkının təməlqoyma mərasimindən tutmuş, hərbi hissələrə döyüş bayraqlarının təqdim edilməsinə, Azərbaycan Televiziyasına verilən geniş müsahibədən tutmuş, sosial-iqtisadi inkişafı sürətləndirən yeni Sərəncamın imzalanmasına qədər.
Dövlət başçısının Naxçıvana hər səfəri, adətən, konkret rəqəmlərlə, konkret sərəncamlarla yekunlaşır və bu dəfə də belə oldu. Səfərdən bir gün sonra - avqustun 12-də Prezident "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzaladı. Sənəd 2026–2027-ci illər üçün geniş bir inkişaf paketini əhatə edir: ümumilikdə 258 milyon manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsait bir neçə əsas istiqamətə yönəlib: alternativ və bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təhsil və sosial obyektlərin tikintisi, habelə yaşayış fondunun əsaslı təmiri... Rəqəmlərin arxasında minlərlə ailənin gündəlik həyat şəraiti dayanır və bu, sərəncamın quru maliyyə sənədi olmaqdan çıxıb, insanların rifahına birbaşa təsir edən sosial sənədə çevrildiyini göstərir.
Səfər ərəfəsi zamanı təməli qoyulan obyektlər də diqqətdən kənarda qalmamalıdır: Naxçıvan Sənaye Parkı (2024-cü ildə imzalanmış Fərmanla yaradılıb), şəhərin mərkəzində beşulduzlu "Naxçıvan" Mehmanxana Kompleksi (təxminən 2028-ci ildə istifadəyə veriləcək), "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlər, eləcə də "Əcəmi seyrangahı" istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışı və Möminə xatun türbəsində aparılan bərpa işləri. Bütün bunlar bir araya gələndə Naxçıvanın sənayeləşmə, turizm, energetika və mədəni irsin qorunması istiqamətlərində eyni vaxtda irəlilədiyini göstərir.
Bu obyektlər barədə düşünəndə aydın olur ki, söhbət sadəcə tikinti meydançalarından getmir. Hər birinin arxasında gec-tez Naxçıvan Dövlət Universitetinin qapısına gəlib çıxan bir yol var.
Sərəncamın Naxçıvan Dövlət Universitetinə həsr olunan bəndi xüsusi əhəmiyyət kəsb edir. Tələbələr üçün 1000 yerlik müasir yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə ayrılan 25 milyon manat sadəcə infrastruktur layihəsi deyil. Bu, sosial rifahın birbaşa təhsil keyfiyyətinə, təhsil keyfiyyətinin isə region və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinə transformasiya olunduğu bir zəncirin başlanğıc həlqəsidir. Tələbələrin yaxşı yaşayış və məişət şəraitinə malik olması onların akademik nailiyyətlərinə, elmi araşdırmalara cəlb olunma imkanlarına və nəticədə formalaşan mütəxəssis potensialının keyfiyyətinə birbaşa təsir göstərən amildir.
Naxçıvan Sənaye Parkı bunun ən bariz nümunəsidir. 2024-cü ildə imzalanan Fərmanla başlayan, indi isə 310 hektarlıq nəhəng ərazidə real formaya düşən bu layihə özü-özünə işləmir — ora elektrik-energetika mühəndisi, istehsalat proseslərini idarə edəcək mütəxəssis, parkın rentabelliyini hesablayacaq iqtisadçı lazımdır. Maraqlıdır ki, Naxçıvan Dövlət Universitetinin özündə artıq illərdir qismən fəaliyyət göstərən bir Texnologiyalar Parkı var. Gələcək prespektivdə texnologiyalar parkının tam fəaliyyəti gözlənilir. Deməli, bu, universitet üçün tamam yad bir təcrübə deyil — universitet bu formatı, bu məntiqi daxildən tanıyır. Sənaye Parkı böyüdükcə ona kadr göndərən ilk mənbənin regionun öz universitetinin olması nəzərdə tutulur. Bu, sadəcə iqtisadi layihə deyil — universitetin mühəndislik və iqtisadiyyat yönümlü fakültələri üçün gələcək məzunların işə düzələcəyi konkret ünvandır.
"Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarına gələndə isə iş bir az daha elmi məcraya keçir. Bərpa olunan enerji sadəcə "qurub işə salmaq" məsələsi deyil — bu, fizika, riyaziyyat və ekologiyanın kəsişməsində duran, dünyada hazırda ən sürətlə inkişaf edən elm sahələrindən biridir. Naxçıvan Dövlət Universitetinin təbiət elmləri istiqamətində illərdir çalışan alimləri, fizika-riyaziyyat elmləri doktorları var. Bu adamların əməyi indiyədək bir qədər nəzəri qalırdısa, şəhərin özündə 50 MVt gücündə real stansiyalar işə düşəndə, bu elm birdən-birə əlçatan, gözlə görünən, tələbənin gedib içində praktika keçə biləcəyi bir yerə çevrilir. Bu, universitet üçün açılan ən böyük fürsətlərdən biridir — çünki tələbə üçün "gedib bax, bu necə işləyir" imkanı olan bir obyektin yaxınlıqda olması kitabdan oxumaqla müqayisə olunası şey deyil.
"Naxçıvan" Mehmanxana Kompleksi məsələsi isə fərqli bir sual doğurur. Prezident özü müsahibəsində açıq etiraf edib ki, Naxçıvanın mehmanxana infrastrukturu zəifdir və bu, turizmin inkişafına mane olur. Bəs kim hazırlayacaq bu yeni beşulduzlu kompleksin işləyəcəyi kadrları? Bu sual təsadüfi deyil, çünki NDU-da onsuz da 25 ölkədən 2000-dən çox əcnəbi tələbə təhsil alır, universitet beynəlxalq mübadilədə fəal iştirak edir. Yəni universitetin özü artıq beynəlxalq mühitlə işləmək təcrübəsinə malikdir. Mehmanxana kompleksi 2028-ci ildə hazır olanda, ora lazım olan hotelçilik, turizm menecmenti, xarici dil bilikli mütəxəssisləri — bunların hamısı indi universitetdə formalaşdırılmalı olan potensialdır. Bu, sadəcə hotel tikintisi deyil, universitetin turizm yönümlü təhsil proqramlarını gücləndirməsi üçün bir işarə, bir tələbdir.
Və nəhayət, Əcəmi Naxçıvaninin abidəsinin açılışı ilə Möminə xatun türbəsindəki bərpa işləri — bunlar sırf humanitar elmin sahəsidir. Bir türbəni bərpa etmək, XII əsrin memarlıq dilini bugünə düzgün daşımaq arxiv sənədləri, tarixi mənbələr, memarlıq təhlili tələb edir, təsadüfi əl işi ola bilməz. Universitetin Tarix və filologiya sahəsində, eyni zamanda memarlıq sahəsində illərdir aparılan araşdırmalar — bax, bu cür bərpa layihələri məhz belə akademik zəminin üzərində dayana bilər. Əcəmi Naxçıvani kimi bir memarın irsi haqqında yazılacaq növbəti elmi məqalə, çox güman ki, məhz Naxçıvan Dövlət Universitetinin aiditoriyalarından çıxacaq. Uzun illərdir memarlıq mütəxəssisləri yetişdirən Naxçıvan Dövlət Universiteti ən böyük misiyalarından bir də məhz Memar Əcəmi irsi və ənənələrini yaşatmaqdır.
Beləliklə, bu obyektlərin hamısına birlikdə baxanda, qarşımızda təsadüfi bir tikinti xəritəsi yox, universitetin gələcək on ilinin konturları canlanır. Sənaye Parkı mühəndis, günəş stansiyaları fizik və ekoloq, mehmanxana turizm mütəxəssisi, türbə isə tarixçi və memar çağırır və bu çağırışların hamısının cavabı, əslində, bir yerdə cəmlənir: Naxçıvan Dövlət Universitetində.
Nicat Yaqubov
Filologiya üzrə fəlsəfə doktoru, dosent, NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru




