Şagird niyə öyrəndiyini tez unudur?
Müəllimlərin çoxuna tanış olan bir vəziyyət var. Dərs bitir, şagirdlər suallara cavab verir, tapşırıqları yerinə yetirir, müəllim də düşünür ki, mövzu kifayət qədər yaxşı mənimsənildi. Bir neçə gün sonra həmin mövzuya yenidən qayıdanda isə tamam başqa mənzərə ilə qarşılaşırıq. Dünən çox rahat cavab verən şagird bu dəfə tərəddüd edir, bəzən isə “bilirdim, amma yadımdan çıxıb” deyir.
Belə hallarda ilk düşündüyümüz şey şagirdin dərsi kifayət qədər öyrənməməsi olur. Halbuki məsələ hər zaman bununla bağlı deyil. Bəzən şagird məlumatı öyrənir, amma onu yaddaşından geri çağırmaq üçün kifayət qədər məşq etmir.
Məhz bu nöqtədə son illərdə təhsil sahəsində tez-tez müzakirə olunan "Retrieval Practice" yanaşması diqqət çəkir. Azərbaycan dilində bunu sadə şəkildə “xatırlayaraq öyrənmə” kimi izah etmək olar. Texnikanın əsas məntiqi çox sadədir: şagird öyrəndiyi məlumatı yalnız yenidən oxumamalı, müəyyən vaxtdan sonra ona baxmadan xatırlamağa çalışmalıdır.
Məsələn, şagird yeni sözləri beş dəfə oxuya bilər. Oxuduqca sözlər ona tanış gələcək və bir müddət sonra “mən bunları bilirəm” düşüncəsi yaranacaq. Ancaq kitab bağlandıqda və həmin sözləri özü deməli olduqda vəziyyət dəyişə bilər. Çünki məlumatı görəndə tanımaqla onu köməksiz şəkildə xatırlamaq eyni şey deyil.
Biz bunu gündəlik həyatımızda da yaşayırıq. Məsələn, müəyyən bir insanın adını görəndə dərhal tanıyırıq, amma kimsə qəfil “Onun adı nə idi?” soruşanda bir neçə saniyə düşünməli oluruq. Məlumat beynimizdədir, sadəcə onu tapıb çıxarmaq lazımdır.
"Retrieval Practice" də məhz bu “tapıb çıxarma” prosesini məşq etdirir.
Bu yanaşmanın təhsildə tətbiqi yeni olsa da, onun arxasında uzun illərdir aparılan yaddaş və öyrənmə tədqiqatları dayanır. Henri Ridriger və Cefri Karpicke tərəfindən aparılmış məşhur araşdırmalardan birində məlum olmuşdu ki, materialı sadəcə təkrar oxumaq qısa müddətdə insana daha rahat və tanış hiss etdirə bilər. Lakin müəyyən vaxt keçdikdən sonra məlumatı yaddaşdan geri çağırmağa çalışanların öyrəndiklərini daha yaxşı xatırladığı müşahidə olunurdu.
Burada maraqlı bir məqam da var. Şagird üçün asan görünən üsul hər zaman onun üçün daha faydalı olmur. Bir səhifəni təkrar-təkrar oxumaq rahatdır. Kitabı bağlayıb “indi görək nə xatırlayıram” demək isə daha çətindir. Ancaq həmin çətinlik öyrənmənin özünün bir hissəsi ola bilər.
"Retrieval Practice" bəzən yanlış olaraq test və ya sorğu ilə eyniləşdirilir. Halbuki məqsəd şagirdi qiymətləndirmək deyil. Əsas məqsəd onun beyninə “bu məlumatı özün tap” imkanı yaratmaqdır.
Müəllim dərsin əvvəlində çox sadə bir cümlə ilə bunu edə bilər:
“Dəftərlərinizi hələ açmayın. Keçən dərsdən yadınızda qalan üç şeyi yazın”.
Bu fəaliyyət cəmi iki-üç dəqiqə çəkə bilər. Şagird həmin anda keçən dərsdə öyrəndiklərini beynində axtarmağa başlayır. Sonra dəftərini açaraq yazdıqlarını yoxlayır. Nəyi doğru xatırladığını, nəyi unutduğunu, hansı məlumatı qarışdırdığını görür.
Burada müəllimin rolu da dəyişir. O, yalnız “doğru–yanlış” deyən şəxs olmur, həm də şagirdə öz öyrənmə prosesini görmək imkanı yaradır.
Bu üsulu tətbiq etmək üçün xüsusi proqram, bahalı resurs və ya uzun tapşırıq vərəqlərinə ehtiyac yoxdur. Bəzən “kitabı bağla və nə xatırladığını de” cümləsi kifayət edir.
Azərbaycan dili dərsində şagird mətni oxuduqdan sonra kitabı bağlayıb əsas hadisələri danışa bilər. Təbiət dərsində müəllim lövhədəki sxemi silib su dövranının mərhələlərini xatırlamağı istəyə bilər. Riyaziyyatda əvvəl izah edilmiş qaydanın bir neçə nümunədən sonra şagird tərəfindən köməksiz tətbiqi tələb oluna bilər. Xarici dil dərsində isə yeni sözlər öyrənildikdən sonra sözlərin özləri gizlədilib yalnız şəkillər göstərilə bilər.
Əsas şərt budur ki, cavab həmin anda şagirdin qarşısında olmasın. Çünki cavaba baxaraq xatırlamaq əslində xatırlamaq deyil.
İbtidai siniflərdə bunu daha çox oyun formasında etmək mümkündür. Məsələn, müəllim dərsin sonunda “Bu gün öyrəndiyimiz üç şeyi kim xatırlayır?” deyə bilər. Digər bir variantda müəyyən şəkil qısa müddətə göstərilir, sonra gizlədilir və uşaqlardan şəkildə gördüklərini söyləmələri istənilir.
Xarici dil dərsində müəllim beş yeni sözü öyrətdikdən sonra sözləri gizlədərək şəkilləri saxlayır. Uşaqlar şəkillərə baxıb sözləri deməyə çalışırlar. Əgər şagird çətinlik çəkirsə, ona ilk hərf və ya başqa kiçik ipucu verilə bilər. Burada məqsəd uşağı sıxışdırmaq deyil. Əksinə, onun “mən bunu xatırlaya bilirəm” hissini yaşamasına imkan yaratmaqdır.
5–9-cu siniflərdə mənim çox praktik hesab etdiyim üsullardan biri “boş vərəq” fəaliyyətidir. Müəllim mövzu bitəndən sonra deyir:
“İki dəqiqə ərzində bu mövzudan yadınızda qalan hər şeyi yazın. Kitabı açmayın”.
Sonra şagirdlər kitablarını və ya dəftərlərini açaraq yazdıqlarını müqayisə edirlər.
Bu zaman çox maraqlı mənzərə yaranır. Şagird bəzən özü də təəccüblənir: “Mən elə bilirdim bunu bilirəm, amma unutmuşam.” Başqa bir məlumatı isə düşündüyündən daha yaxşı xatırladığını görür.
Bu fəaliyyət müəllim üçün də faydalıdır. Sinifin hansı hissəni yaxşı mənimsədiyini, hansı məqama yenidən qayıtmağa ehtiyac olduğunu çox qısa müddətdə görmək mümkündür.
Başqa bir sadə variant “3–2–1” fəaliyyətidir. Şagird mövzudan xatırladığı üç məlumatı, iki əsas anlayışı və hələ də qarışdırdığı bir məqamı yazır. Beləcə həm yaddaş məşqi edilir, həm də müəllim şagirdin hansı mövzuda dəstəyə ehtiyacı olduğunu görə bilir.
Yuxarı siniflərdə isə bu yanaşma xüsusilə faydalı ola bilər. Çünki şagirdlər imtahanlara hazırlaşarkən çox vaxt saatlarla kitab və konspekt qarşısında oturur, eyni səhifəni dəfələrlə oxuyurlar. Onlarda dərsə çox vaxt sərf etdikləri üçün yaxşı hazırlaşdıqları hissi yaranır.
Halbuki hazırlığın müəyyən hissəsində kitabı bağlamaq da lazımdır.
Şagirdə belə sadə ardıcıllıq öyrətmək mümkündür: əvvəl mövzunu öyrən, sonra mənbəni bağla, xatırladığını yaz və ya danış, daha sonra cavabını yoxla. Səhvlərinə bax və bir müddət sonra eyni məlumatı yenidən xatırlamağa çalış.
Məsələn, tarix dərsində şagird bir hadisəni oxuduqdan sonra özünə “Bu hadisənin səbəbləri nə idi?”, “Nəticədə nə dəyişdi?”, “Bundan əvvəl baş vermiş hansı hadisə ilə əlaqəlidir?” kimi suallar verə bilər. Bu zaman söhbət yalnız tarix və rəqəmlərin əzbərlənməsindən getmir. Şagird səbəb-nəticə əlaqələrini də yaddaşından qurmağa çalışır.
Məncə, "Retrieval Practice"in ən yaxşı tərəflərindən biri də budur: onu dərsin ayrıca bir hissəsinə çevirmək məcburiyyətində deyilik. Bəzən üç dəqiqə kifayət edir.
Dərsin əvvəlində “Keçən dərsdən nə xatırlayırsınız?” sualı verilə bilər. Mövzunun ortasında kitablar bağlanıb iki sual cavablandırıla bilər. Dərsin sonunda şagird bu gün öyrəndiyi üç şeyi yaza bilər. Hətta bir həftə əvvəl keçilmiş mövzudan qəfil bir sual vermək də eyni məqsədə xidmət edə bilər.
Burada “qəfil” sözünü imtahan mənasında işlətmirəm. Əksinə, fəaliyyətin gərginlik yaratmaması vacibdir. Şagird hər cavabın qiymətə təsir etdiyini düşünürsə, öyrənmə məşqi asanlıqla növbəti yoxlamaya çevrilir.
"Retrieval Practice" zamanı səhv etmək də prosesin normal hissəsi olmalıdır. Şagird yanlış cavab verdikdən sonra doğru cavabı görməli və öz səhvini düzəltməlidir. Əks halda yanlış məlumatın yaddaşda qalması riski yaranır.
Bir başqa vacib məsələ də budur ki, texnikanı yalnız sadə sual-cavaba çevirmək olmaz. “Bu nədir?”, “Neçədir?”, “Harada baş verdi?” kimi sualların yeri var, amma şagirdə “Niyə?”, “Necə?”, “Hansılar arasında əlaqə var?” tipli suallar da vermək lazımdır.
2021-ci ildə "Educational Psychology Review" jurnalında dərc olunan sistematik icmalda "Retrieval Practice"in real sinif mühitində tətbiqi ilə bağlı çoxsaylı araşdırmalar nəzərdən keçirilmişdi. Müxtəlif yaş qruplarında və müxtəlif fənlərdə aparılmış tədqiqatların ümumi nəticəsi bu yanaşmanın öyrənməyə müsbət təsir göstərdiyini ortaya qoyurdu. Əlbəttə, hər bir təlim üsulu kimi bunu da kontekstə, yaş qrupuna və şagirdlərin səviyyəsinə uyğunlaşdırmaq lazımdır.
Məncə, burada müəllim üçün əsas mesaj çox sadədir. Biz şagirdlərə tez-tez “öyrən”, “təkrar et”, “imtahana hazırlaş” deyirik. Amma bəlkə də onlara necə təkrar etməyin daha faydalı olduğunu da göstərməliyik.
Bəzən “bir də oxu” demək əvəzinə belə demək daha yaxşı nəticə verə bilər:
“Kitabı bağla. İndi özünə bax gör, nə xatırlayırsan.”
Şagird həmin anda dayanacaq, düşünəcək, bəzən söz tapa bilməyəcək, bəzən də “mən bunu bilirdim, amma yadıma düşmür” deyəcək. İlk baxışda bu, çətinlik kimi görünür. Əslində isə beynin işlədiyi məqamlardan biri məhz budur.
Çünki öyrənmək yalnız məlumatı qəbul etmək deyil. Lazım olan anda həmin məlumatı yaddaşdan tapıb çıxara bilmək də öyrənmənin bir hissəsidir.
Bəlkə də buna görə şagirdin “yadıma düşmür” dediyi anı həmişə uğursuzluq kimi qiymətləndirməməliyik. Bəzən həmin bir neçə saniyəlik düşünmə, hazır cavabı yenidən oxumaqdan daha çox şey öyrədir.
Günay Əkbərova
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi




