Vətən tarixi elminin şərəfli inkişaf yolu: ADPU – 105

25 Avqust, 2026 - 10:26
Vətən tarixi elminin şərəfli inkişaf yolu:

105 illik yubileyini yaşayan Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU)  ölkəmizin təhsil sistemində müstəsna yer tutan, müəllimlərin yetişdirildiyi qocaman ali təhsil ocağıdır. Pedaqoji  kadr hazırlığı üzrə  ixtisaslaşmış təhsil müəssisəsi olaraq Pedaqoji Universitet gənclərin mənəvi potensialının formalaşmasında, milli kadrların hazırlanmasında və milli mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərən qabaqcıl ali təhsil müəssisələrindəndir.

Yaranması və ilk illəri

Azərbaycan Dövlət Pedaqoji Universitetinin təməli 1921-ci il avqustun 26-da Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun imzaladığı tarixi dekretlə qoyulmuşdur. Dekretdə deyilir: “Bu ilin sentyabr ayının 1-dən etibarən Bakı şəhərində ikinci dərəcəli məktəblər üçün dövlət dilində (Azərbaycan dilində) müəllimlər hazırlaya biləcək Azərbaycan Pedaqoji Kişi İnstitutu təsis edilsin”. Qocaman ali təhsil ocağı ana dilində fəaliyyətə başlayan birinci ali məktəb kimi cəmi 6 nəfər tələbə ilə müəllim hazırlığı sahəsində şərəfli bir missiyanı öz üzərinə götürmüşdür. İlk direktoru Fətulla Rzabəyli olmuş İnstitutda dərslər 1921-ci ilin noyabrından başlanmışdı. İlk günlər İnstitut üç ixtisas: tarix-ədəbiyyat, təbiyyat-coğrafiya və fizika-riyaziyyat üzrə müəllim kadrları hazırlayırdı.

1924-cü ildən başlayaraq Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən görkəmli rus alimləri - İ.Meşşaninov, V.Bartold, N.Marr, A.Samoyloviç, P.Juze və başqaları Ali Pedaqoji İnstitutda mühazirə oxumaq üçün dəvət olunmuşdular.
1925-1926-cı tədris ilində İnstitutda mövcud olan tarix-ədəbiyyat şöbəsi iki müstəqil şöbəyə: ədəbiyyat və tarix şöbəsinə ayrıldı. Tarix şöbəsinin dekanı vəzifəsinə Əziz Ubaydulin təyin edildi. Azərbaycan SSR XKS-nin 1926-cı il 16 iyul tarixli “Ali Pedaqoji İnstitutların yenidən təşkili haqqında” qərarına uyğun olaraq 1926/1927-ci tədris ilinin sonundan Ali Pedaqoji İnstitut V.İ.Lenin adına Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsində birləşdirildi.

Pedaqoji İnstitut fəaliyyəti boyu bir neçə dəfə yenidən təşkil olunmuşdur. Respublikada ali təhsilin yenidən qurulmasında və inkişaf etdirilməsində Azərbaycan SSR XKS-nin 1930-cu il 19 iyun tarixli “Azərbaycan SSR ali məktəblərinin və ali texniki məktəblərin yenidən təşkili və rayonlaşdırılması, onların müvafiq təsərrüfat idarələri və Xalq Komissarlıqları tərkibinə verilməsi haqqında” qərarı əsasında respublikada ali məktəblərin daxili quruluşunda əsaslı dəyişikliklər edilərək onlar ixtisas profilləri üzrə ayrıldı. Müvafiq qərara uyğun olaraq  universitetin pedaqoji fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Pedaqoji İnstitutu yaradıldı.
1930-cu illərin əvvəllərində universitetin bağlanması ilə Pedaqoji İnstitut müəllim hazırlığı sahəsində öz fəaliyyətini nisbətən genişləndirdi.

Bununla da, 1930-cu ildən Pedaqoji İnstitut öz inkişafının ikinci mərhələsinə daxil oldu.

Struktur dəyişiklikləri və Azərbaycan tarixi kafedrasının yaradılması

Pedaqoji İnstitutun həyatında Azərbaycan tarixi kafedrasının rolu xüsusilə diqqətəlayiqdir. Çünki keçmiş SSRİ dönəmində milli respublikaların tarixinə, o cümlədən Azərbaycan tarixinə, Vətən tarixinə  qoyulmuş siyasi-ideoloji məhdudiyyətlər nəzər-diqqətdən yayınmırdı.

1931-ci il sentyabrın 29-da rektorluğun iclasında 28 kafedra təsdiq edilmişdir ki, bunların sırasında Azərbaycan tarixi kafedrası da mövcud olmuşdur. O zamanlar kafedraya professor Vəli Xuluflu rəhbərlik etmişdir. 1937-1938-ci illərin kütləvi repressiyaları dövründə fakültənin görkəmli tarixçi alimləri professorlar - B.N.Tixomirov, Ə.Ubaydulin, A.S.Bukşpan, V.M.Xuluflu, P.P.Fridolin, dosentlər - M.Bayramov, Ə.Salamzadə, H.Qasımzadə və onlarla başqaları da repressiya qurbanları arasında olmuşlar.
1930-40-cı illərdə kafedranın müəllim heyətində azərbaycanlıların sayı artmışdır. Həsi Abdullayev, İsmayıl Hüseynov, Zülfəli İbrahimov, Əlisöhbət Sumbatzadə kafedrada müəllim kimi fəaliyyətə başlamışdılar.

Elmi kadrların yetişməsi və tədqiqat işlərinin genişlənməsi nəticəsində 1939/1940-cı tədris ilində institutda kafedraların sayı 31-ə çatdırıldı.

İkinci Dünya müharibəsi dövrü və elm sahəsində ilk uğurlar

1941-ci ildə müharibənin başlanması ilə əlaqədar, ali təhsil sistemində yenidənqurma işləri görüldü. Müharibənin çətin illərində belə, 1941-ci ildə Pedaqoji İnstitutun fəaliyyəti müvəqqəti olaraq Universitetlə birləşdirilsə də, 1943-cü ildə 5 fakültə və 25 kafedra ilə müstəqil fəaliyyətini bərpa etmişdir.

Keçmiş SSRİ-də milli respublikaların tarixinə laqeyd münasibət ucbatından dərs yükləri tədricən azaldılmış və bir müddətdən sonra bəzi kafedralar bağlanmışdır. Azərbaycan tarixi kafedrasının taleyi də bu təqiblərdən yan keçməmişdir. Bununla yanaşı, bu müddətdə tarixçilərimizin bir sıra elmi uğurları da olmuşdur. 1946-1947-ci illərdə Azərbaycan tarixi kafedrasının müdiri İsmayıl Hüseynov, Ümumi tarix kafedrasının müdiri Əlisöhbət Sumbatzadə, Zülfəli İbrahimov Moskva Dövlət Universitetinin Elmi Şurasında doktorluq dissertasiyasını müdafiə edərək, tarix elmləri doktoru alimlik dərəcəsi alan ilk azərbaycanlılar  olmuşlar.
1948-ci ildə tələbə qəbulunun azalması ilə əlaqədar olaraq Azərbaycan tarixi kafedrası bağlanır. 1958-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən Pedaqoji İnstitutda Azərbaycan tarixi kafedrasının bərpa edilməsi haqqında qərar qəbul edilsə də, buna imkan verilməmişdir.

1957-ci ildə 5 illik təhsil sisteminə keçidlə əlaqədar olaraq tarix və filologiya fakültələri birləşdirildi. Lakin 5 illik təhsil sistemi müddətində tələbələrin bir neçə ixtisasa yiyələnməsi təcrübəsi tədrisin keyfiyyətinə və kadrların  hazırlanması işinə mənfi təsir göstərirdi. Ona görə də, respublika hökumətinin 1963-cü il 11 iyun tarixli “Ali və orta ixtisas təhsilini daha da inkişaf etdirmək, mütəxəssislərin hazırlanmasını və onlardan istifadə edilməsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı ilə ali pedaqoji məktəblərdə tarix ixtisası üzrə ümumtəhsil məktəbləri üçün müəllimlər hazırlanması vəzifəsi irəli sürüldü.

Təhsil müddətinin yenidən 4 ilə endirilməsi ilə əlaqədar olaraq 1963/64-cü dərs ilindən tarix-filologiya fakültəsi iki müstəqil fakültəyə ayrıldı. Bu illərdə kafedranın elmi potensialı artmışdır. Azərbaycan tarixi kafedrasında professor J.Tokarjevski, M.Qazıyev, M.Şərifli, C.İbrahimov, Ş.Məmmədbəyli və başqaları uzun müddət çalışmışlar.

Milli tarixin dirçəlməsi

Ümummilli Lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildikdən sonra 1970/1971-ci tədris ilindən Pedaqoji İnstitutda Azərbaycan tarixi kafedrası bərpa edilmişdir. Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə kafedra yenidən təşkil edilmiş və kafedra müdiri vəzifəsinə Əməkdar elm xadimi, professor Nəzər Paşayev (1971-1988) seçilmişdir. N.Paşayev  XX əsrin 20-40-cı illərində Azərbaycan mədəniyyəti tarixinin tədqiqi ilə məşğul olmuşdur. Sonra kafedraya Əməkdar elm xadimi, professor Süleyman Məmmədov (1989-2016-cı illər) rəhbərlik etmişdir.

1950-60-cı illərdə kafedrada çalışan və yüksək elmi dərəcə almış tarixçilərimiz  özlərini elmə həsr etdilər. Bunlardan Z.İ.İbrahimov Azərbaycan tarixinin aktual problemlərinin tədqiqinə başladı. O,1905-1907-ci illər inqilabı tarixinin tədqiqatçılarından biri olaraq 3 cildlik “Azərbaycan tarixi” (1958-1963), “Zaqafqaziyada sovet hakimiyyətinin qələbəsi” (1958), “Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri”(1964), “Zaqafqaziya Kommunist təşkilatları tarixinin oçerkləri” (1967) və digər əsərlərin müəllifi kimi tarixdə qaldı.

Bu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü,Tarix İnstitutunun direktoru vəzifəsində çalışmış Əlövsət Quliyevin müəllifi olduğu üç cildlik “Azərbaycan tarixi” (1958-1963) kitabı  milli tariximizə dair fundamental əsərdir. O, orta məktəb üçün “Azərbaycan tarixi” dərsliyi (1964), “Qafqaz xalqları” (dünya xalqları seriyasından) (1962), “Rusiya neft sənayesində inhisarçı kapital:1883-1914” (1961), “1910-1914-cü illərdə Azərbaycanda fəhlə hərəkatı” (1967) və digər əsərlərin müəlliflərindən, redaktorlardan və redaksiya heyəti üzvlərindən biri olmuşdur.

Əlisöhbət Sumbatzadə XIX-XX əsrlər Azərbaycanın sosial-iqtisadi tarixinin  tədqiqatçısıdır. O, “XIX əsrdə Azərbaycanda kənd təsərrüfatı” (1958) əsəri ilə sübut etdi ki, iqtisadi inkişaf amillərini öyrənmədən tarixi prosesin iqtisadi qanunauyğunluğunu açmaq mümkün deyil. Pedaqoji institutda çalışdığı illərdə  kadr hazırlığı işində Ə.Sumbatzadənin böyük xidmətləri olmuşdur. Ə.S.Sumbatzadə “XIX-XX əsr Azərbaycan tarixşünaslığı” (1987), “XIX əsr Azərbaycan sənayesi” (1964), “1837-ci il Quba üsyanı”(1961), “XIX əsrin əvvəllərindən XX əsrin 80-ci illərinə qədər Azərbaycan tarix elminin inkişafı” (1980) kimi milli tarixşünaslıqda dəyərli əsərlərin müəllifidir.

Akademik İsmayıl Hüseynov 3 cildlik Azərbaycan tarixinin (1958-1963) müəllifi və redaktorlarından biri olmuşdur. 
Professor Cəfər İbrahimov Azərbaycan Pedaqoji İnstitutunda tarix fakültəsinin dekanı və kafedra müdiri vəzifəsində çalışmışdır, orta əsrlər dövrü tarixinin tədqiqatçılarından biri olmuşdur.

Ömrünün bir hissəsini Pedaqoji İnstitutda gənc nəslin tərbiyəsinə həsr etmiş Həsi Abdullayev eyni zamanda Azərbaycanın son orta əsrlər dövrünün (XVIII əsr) ilk tədqiqatçısı olaraq Azərbaycanın Cənubi Qafqaz xalqları ilə sosial-iqtisadi, siyasi və mədəni əlaqələri tarixini təhlil etmiş, onun obyektiv siyasi əhəmiyyətini açmış, XVIII əsr Azərbaycanın zəngin iqtisadi potensiala (yeraltı sərvətləri, xam ipəyi, quru meyvəsi, zəfəran, qızıl boya, ədviyyat və s.) malik olduğunu konkret arxiv sənədləri əsasında göstərmişdir.

Müstəqillik dövrü və  müasir çağırışlar

Azərbaycanda Dövlət Müstəqilliyinin bərpa edilməsi və Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan tarixi məsələlərinə xüsusi diqqət yetirildi. Ümummilli Lider dünyaşöhrətli dövlət xadimi kimi Azərbaycanda baş vermiş ictimai-siyasi, mədəni prosesləri qiymətləndirmişdir. Ulu Öndər 1993-cü il 21 sentyabrda Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşündə açıqlamışdır ki, “Bizim tariximiz - həm qədim tariximiz, həm orta əsrlər tariximiz, həm də son dövrlərin tarixi istənilən səviyyədə yazılmayıb”. Həmin görüşdə Heydər Əliyev Azərbaycan tarixinin obyektiv şəkildə öyrənilməsi ilə bağlı tarixçilər qarşısında konkret vəzifələr qoyaraq vurğulayırdı: “Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Biz mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən çatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, azərbaycanlılıq hissini yüksəldərik. Müstəqillik dövründə torpaqlarımızı müdafiə etmək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bu, çox gərəklidir, lazımdır”. 
Daha sonra Heydər Əliyev ölkə Prezidenti olaraq 1997-ci il yanvarın 31-də  AMEA alimləri ilə görüşündə XIX-XX əsrlər Azərbaycan tarixinin yenidən yazılması zərurətini irəli sürmüşdür. “Belə hesab edirəm ki, indi Akademiyanın qarşısında duran vəzifələrdən biri, Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin  yazılmasıdır”, - deyərək sovet dövründə yazılmış əsərlərin xalqımızı  qane etmədiyini vurğulamış, bununla da həmin dövrün tarixinin yenidən araşdırılmasını tarixçilərimiz qarşısında bir vəzifə kimi qoymuşdur. Əlbəttə, tarixçilərimiz Ulu Öndərin bu tövsiyələrini elmi tədqiqatlarında rəhbər tutaraq bu məsul vəzifəni fəaliyyətlərində əsas istiqamət kimi qəbul etdilər.

Ulu Öndərin hələ Azərbaycan SSR-ə rəhbərliyi illərində Pedaqoji Universitetin məzunları olmuş gənclər artıq müstəqillik illərində tarixşünaslıq elminə dəyərli töhfələr vermişlər. Bunlardan İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA Naxçıvan bölməsinin sədri, Oqtay Sultanov - professor, Camal Mustafayev - professor, Hacı Həsənov və başqa alimlərimizin adlarını çəkmək olar.

Azərbaycan tarixi kafedrasının professor-müəllim heyəti geniş elmi nailiyyətləri və əlaqələri, həmçinin respublikanın ictimai-siyasi həyatındakı fəallıqları ilə bu qocaman təhsil ocağının 105 illik tarixinə öz töhfəsini verir.  Hazırda Azərbaycan tarixi kafedrası ümumuniversitet kafedrası kimi fəaliyyət göstərir və ixtisasından asılı olmayaraq bütün tələbələrə Vətən tarixini tədris edir. Kafedranın tədris etdiyi fənlər yüksəkixtisaslı mütəxəssislər tərəfindən Azərbaycan, rus və ingilis dillərində tədris olunur. Bununla yanaşı kafedra “Azərbaycanın diplomatiya tarixi və müasir beynəlxalq münasibətlər”, “Azərbaycanın tarixi-siyasi coğrafiyası”, “Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı”, “Azərbaycanda milli-azadlıq hərəkatı”, “Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər tarixi” fənnlərinin tədrisini həyata keçirir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitetdə mühüm islahatlar həyata keçirilir. Təhsil sisteminin daim yenilənməsi və sürətli dəyişikliklərə uyğunlaşması Pedaqoji Universitetdə prioritet məsələlərdən biridir. Xüsusilə müəllim hazırlığında innovativ yanaşmaların tətbiqi universitet rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərdəndir. Çünki təhsilin keyfiyyəti birbaşa olaraq müəllimin peşəkarlığından asılıdır. Savadlı, vətənpərvər, dövrün çağırışlarına cavab verən, innovativ düşüncəyə malik müəllimlər yetişdirməklə universitet böyük bir missiyanı həyata keçirir.

Son illərdə universitetimizdə ali pedaqoji təhsilin məzmunu, idarəetmə və infrastrukturun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, daha sağlam və şəffaf mühitin yaradılması, keyfiyyətin yaxşılaşdırılmasına yönəlmiş addımlar, qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin müəllimlik peşəsinə və ADPU-da təhsilə marağının artmasına ciddi stimul vermişdir. İldən-ilə universitetə və onun filiallarına yüksək balla daxil olan tələbələrin, MİQ imtahanlarında uğur qazanan məzunların sayı dinamik şəkildə çoxalır. İxtisasından asılı olmayaraq, yüksək  vətənpərvərlik ruhu, xarici dil bilikləri və yüksək rəqəmsal bacarıqların bir arada birləşdirilməsi yetişən gənc nəslin əsas hədəfidir.

Məmnuniyyətlə qeyd etmək olar ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  beynəlxalq əlaqələri də xeyli genişlənmişdir. ADPU Türk dövlətləri, Avropa və MDB ölkələrinin tanınmış universitetləri ilə əməkdaşlıq edir. Bu sahədə Pedaqoji Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın xidmətləri əvəzsizdir. 
Pedaqoji Universitetdə müasir tələblərə cavab verən təhsil sisteminin formalaşması istiqamətində həyata keçirilən tədbirlərlə bərabər, tələbələrə azərbaycançılıq ideologiyasının elmi və konseptual şəkildə təbliğ olunması, milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanması istiqamətində davamlı işlər həyata keçirilir.

Zəfər Salnaməsi və gələcəyə baxış. Pedaqoji Universitet eyni zamanda tarixi yubileyini işğal altında olan torpaqlarımızın azad edildiyi, Dövlət Suverenliyinin tam bərpa edildiyi, azad olunmuş ərazilərdə bərpa quruculuq işlərinin həyata keçrildiyi  bir dövrdə qeyd edir. Fəxrlə deyə bilərik ki, 44 günlük Vətən müharibəsinin ağır döyüşlərində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan ordusunu darmadağın edərək şanlı Zəfər salnaməsi yazan rəşadətli Silahlı Qüvvələrimizin sırasında Pedaqoji Universitetin  tələbə və məzunlarıu da var idi. Bunlardan ön cəbhədə qəhrəmanlıqla döyüşən 18 nəfər isə şəhidlik zirvəsinə yüksəlmişdir. Hesab edirik ki, gənclərimizin vətənpərvər ruhda yetişməsində tarixçi alimlərimizin rolu böyükdür.

Beləliklə, qeyd etməliyik ki, tarix bu gün sıradan bir fənn olaraq tədris olunmur. Tarix bir dərsdir. Əsrlər boyu xalqımızın keçdiyi azadlıq mübarizələri, qəhrəmanlıq salnamələri, Müzəffər Ali Baş Komandanın yaratdığı “Dəmir yumruq” yetişən gənclərə bir ibrət dərsi olmalıdır.

Ali təhsil ocağının 105 illik yubileyini yüksək əhvali-ruhiyyə ilə qeyd edərək inanırıq ki, bundan sonra da Pedaqoji Universitet  müəllim hazırlığı və layiqli vətəndaş yetişdirmək sahəsində özünün peşəkar mövqeyini qoruyacaq və möhkəmləndirəcəkdir.

Naibə Əhmədova,
ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent