Azərbaycan müəllimlərinin ilk qurultayı – 120

17 Avqust, 2026 - 10:15
Azərbaycan müəllimlərinin ilk qurultayı – 120

İntibah salnaməsi

Azərbaycanda milli oyanışa və pedaqoji hərəkatın yeni istiqamətdə inkişafına güclü təsir göstərən bu möhtəşəm qurultay sadəcə peşəkarların təhsil toplantısı deyil, həm də xalqımızın maariflənmə yolunda imperiya siyasətinə və ictimai geriliyə qarşı apardığı sistemli ideoloji-mədəni mübarizənin zirvəsi idi. Azərbaycan müəllimlərinin üzərinə götürdükləri bu tarixi missiya əsarət altında yaşayan xalqın milli şüurunun oyanmasına və haqq səsinin duyulmasına, milli dövlətçilik ideyalarının formalaşmasına, istiqlal, istiqbal və müstəqillik uğrunda mübarizəyə zəmin yaratdı. Çarizmin məhdudlaşdırıcı tədbirlərinə, mühafizəkar dairələrin müqavimətinə və ağır sosial-iqtisadi məhrumiyyətlərə baxmayaraq, milli ziyalılar ana dilli dünyəvi məktəb şəbəkəsinin genişləndirilməsi, müasir dərsliklərin tərtibi və milli pedaqoji kadr potensialının formalaşdırılması istiqamətində qətiyyətli addımlar atdılar.

İrəvandan Bakının intellektual mərkəzlərinə qədər uzanan bu maarifçilik hərəkatı bir daha təsdiq etdi ki, xalqın tərəqqisi və xilas yolu elmdən, təhsildən və ana dilinin qorunmasından keçir. İlk qurultay iştirakçılarının səpdiyi ideya toxumları zaman keçdikcə böyük ictimai hərəkata çevrildi, xalqımızın azadlıq salnaməsinə qızıl hərflərlə yazıldı.

120 il əvvəl: 15 avqust 1906-cı il

Qafqaz müsəlman müəllimlərinin illərdir gözlədiyi tarixi gün. Həmin gün Qafqaz müsəlman müəllimlərinin I qurultayı Bakıda 2-ci şəhər ikisinifli rus-Azərbaycan məktəbinin binasında öz işinə başladı. Zalda rəsmi dəvət olunan 60 nəfər nümayəndə ilə bərabər, mətbuat işçiləri və digər qonaqlar iştirak edirdi. Qurultayda nümayəndə kimi iştirak edən 60 nəfərdən 30 nəfəri Bakı şəhərindən, 20 nəfəri digər yerlərdən, 10 nəfəri isə maariflə maraqlanan şəxslər idi. Başqa yerlərdən gələnlərin çoxu elmi-ilahi və şəriət müəllimləri idilər. Ümumiyyətlə, tədbirdə iştirak edənlərin ümumi sayı 100 nəfərdən artıq idi. Qurultaya həm ayrı-ayrı şəxslərdən, həm də müxtəlif cəmiyyətlərdən çoxlu təbrik məktubları və teleqramları daxil olmuşdur.

Bu Qurultay Azərbaycan maarifçiliyi tarixində bir ilk idi. İrəvan, Naxçıvan, Dərbənd, Tiflis və Bakının müxtəlif məktəblərində çalışan Azərbaycan dili və şəriət müəllimləri ilk dəfə idi ki, bir məkanda toplaşırdı.

Qafqazın müxtəlif bölgələrindən seçilmiş Azərbaycan dili və şəriət müəllimlərinin ilk qurultayında əsas məqsəd milli-mənəvi inkişafın konseptual əsaslarını, ana dilli dünyəvi təhsil şəbəkəsinin formalaşdırılmasını, milli pedaqoji kadrların hazırlanmasını, təhsilin məzmununun modernləşdirilməsini, habelə əlifba islahatı və milli dərslik yaradıcılığı kimi strateji məsələlərin müzakirəsi idi.

Qurultayın gündəliyi

“Qafqaz müsəlman müəllimləri məclisinin məramnaməsi” (proqramı) ilə bağlı müfəssəl məlumat “Dəbistan” jurnalında (“Dəbistan”,№ 8) dərc olunmuşdur. Jurnalın həmin sayında oxuyuruq:

“1) Qafqaz müsəlman müəllimləri məclisi (syezdi) bu il Bakıda avqust ayının 15-dən başlanıb axırına qədər davam edəcəkdir.

2) Məclisə dəvət olunur: Qafqaz qitəsindən cəmi şəhər və kənd müsəlman müəllimləri (elmi-ilahi müəllimləri dəxi buraya daxildirlər), həmçinin o şəxslər ki, təlim və tərbiyəyə məhəbbətləri vardır, onlar da məclisə dəvət olunurlar.

II hissə

Məclisin gündəliyi

1. Hal-hazırda bulunan proqramları nəzərdən keçirib təqazayi-zəmanəyə görə təzədən proqram tərtib etmək;

2. Təzə tərtib olunan proqrama müvafiq kitablar təyin və təlif etmək (bu niyyətlə müəllimlər komissiyası məclisdən müqəddəm islam mərkəzlərindən ibtidai məktəblərdə lazım olan kitabları yazdırıb gətirdəcəkdir);

3. Oxumaq və yazmaq üsulunu asanlaşdırmaq üçün ümumi bir üsuli-tədris və təlim əxz etmək (qəbul etmək);

4. Kənd müəllimlərinin əhvali-məişət və güzəranlarına dair məsələlərə baxmaq;

5. Darülmüəlliminin proqramını müzakirə edib hal və zamanın təqazasına görə dəyişilməsini tələb etmək;

6. Üzvlər tərəfindən təqdim olunan məsələləri həll etmək.

Qeyddə fəqir və biciz müəllimlərin yol xərcinə mümkün qədər köməkliyin göstərəcəyi bildirilir. Proqramda iştirak etmək istəyənlərin aşağıdakı ünvana müraciət etmələri xahiş edilir:

1. Bakı şəhərində “Həyat” idarəsində Nəriman Nərimanov;

2. Bakı şəhərində “Kaspi” idarəsində Həsən bəy Məlikov;

3. Bakı şəhərində “İrşad” idarəsində Fərhad Ağayev.

Qafqazdakı Azərbaycan müəllimlərinin ilk qurultayının yüksək səviyyədə təşkili üçün müəyyən səlahiyyətlərə malik xüsusi komissiya yaradılmışdı. Komissiyanın tərkibinə Nəriman Nərimanov (sədr), Həsən bəy Məlikov (üzv), Həbub bəy Mahmudbəyov (üzv), Fərhad Ağayev (üzv), Yusif Əfəndiyev (katib) kimi dövrünün tanınmış ziyalıları, ictimai xadimləri və müəllimləri daxil edilmişdi.

Arxiv sənədlərinə və dövri mətbuat materiallarına əsasən, bu komissiyanın qarşısında qoyulan əsas vəzifələri aşağıdakı kimi müəyyənləşdirə bilərik:

· Qurultayın keçiriləcəyi məkanın seçilməsi, iclas salonunun texniki və maddi təminatı.

· Bölgələrdən və qonşu quberniyalardan gələcək nümayəndələrin, eləcə də dəvət olunacaq nüfuzlu qonaqların siyahısının dəqiqləşdirilməsi.

· Qurultayda müzakirə olunacaq məsələlərin - ana dilində tədris, yeni üsuli-cədid məktəblərinin açılması, dərsliklərin hazırlanması və müəllimlərin hüquqi-iqtisadi vəziyyətinin tənzimlənməsi kimi vacib problemlərin müəyyənləşdirilməsi.

· Digər bölgələrdən gələn müəllimlərin yol, yaşayış və digər maddi tələbatlarının ödənilməsi, onların yerləşdirilməsi işinin tənzimlənməsi.

· Qurultayın elanı, gedişatı və qəbul olunacaq qərarlar barədə dövri mətbuatda məlumatların verilməsi, ictimaiyyətin maarifləndirilməsi.

Müqəddəs kəlamlar və xeyir-dua ilə başlayan yol

Qurultayın təntənəli açılışı dövrün tanınmış din xadimi, I rus-Azərbaycan məktəbinin nüfuzlu şəriət müəllimi Axund Molla Ruhulla Məmmədzadənin (1850-1912) təsirli nitqi ilə başladı. Molla Ruhulla alovlu çıxışında İslam peyğəmbərinin elm öyrənmək, savadlanmaq və bilik sahibi olmaq haqqında mübarək kəlamlarını xatırlatdı. O, elmin, maarifin xalqın nicatındakı əvəzsiz rolu haqqında danışaraq Qurandan elmə və idraka dəvət edən ayələr oxudu. Molla Ruhulla maarif cəbhəsində çiyin-çiyinə dayanan müsəlman müəllimlərinin bu tarixi birliyini, onların milli ittifaqını yüksək qiymətləndirdi. O, bu möhtəşəm toplantının millətin gələcək taleyində dönüş nöqtəsi olacağına böyük ümid bəslədiyini bildirərək qurultayın işinə xeyir-dua verdi.

Sonra H.Zərdabi, N.Nərimanov və başqaları nitq söyləmişlər. Qurultaya hazırlıq komissiyası (sədri N.Nərimanov) qurultayın hazırlığı, məqsədi, Təşkilat Komitəsinin iclasları, qəbul olunan qərarlar haqqında geniş məruzə etdi.

Qurultayın sədrliyinə H.Zərdabi, onun müavinliyinə N.Nərimanov, ona köməkçi kimi S.Acalov, katibliyə isə F.Ağayev seçildi. 13 gün müddətində (avqustun 15-dən 28-nə kimi) qurultayın gündə iki iclası keçirilmişdir.

Müəllimlərin maddi və mənəvi ehtiyacları

Qurultayın ilk iclasında ibtidai məktəb proqramları ilə bağlı üç komissiya təşkil olundu. İkinci iclasda Krım müəllimlər qurultayında nümayəndə kimi iştirak etmiş A.Əfəndizadənin məlumatı dinlənildi. Üçüncü iclasda (avqustun 17-də) yeddi məsələ müzakirə olundu ki, bunlar da xarici ölkələrə təhsil almaq üçün tələbələrin göndərilməsini, orta məktəbin açılmasını, dil məsələlərini və s. əhatə edirdi.Qurultayın müzakirə etdiyi məsələlər içərisində müəllimlərin sosial vəziyyəti ilə bağlı Fərhad Ağayevin məruzəsi ciddi müzakirələrə səbəb oldu. O, “Kənd şkola müəllimlərinin ehtiyacları” mövzusunda etdiyi məruzədə müəllimlərin ehtiyaclarını iki yerə ayırırdı: 1) müəllimlərin maddi ehtiyacı; 2) müəllimlərin mənəvi ehtiyacı.

O, müəllimlərin sosial vəziyyətinin ağırlığından, maddi ehtiyaclarının çoxluğundan, əməkhaqqının həddən artıq az olmasından, güclə yaşamalarından danışaraq qeyd edirdi ki, müəllimlər onlara verilən az maaşlarını da vaxtlı-vaxtında ala bilmirlər. Bəzən maaş almaq üçün 180 km yol gedirlər. Aldıqları 30 manat isə onların dörd günlük yol xərcini ödəmir. Zəngəzur qəzasının məktəblərinin adını çəkərək qeyd edirdi ki, oradakı məktəblərlə xəzinənin arası 180 verstdir. Müəllimlərin tez-tez xəstələnməsinin və bir çoxlarının vərəm xəstəliyinə tutulmasının səbəbini Fərhad Ağayev onların mənzil şəraitinin dözülməz olması ilə əlaqələndirirdi.

Qurultayda müəllimlərin maddi ehtiyacları ilə bağlı aşağıdakı məsələlər müzakirə predmetinə çevrilmişdi:1) bəzi kəndlərdə məktəblər açılsa da oraya ana dilini bilməyən müəllimlərin göndərilməsi; 2) müəllimlərin əməkhaqqının ölkədə əmələ gələn bahalığa uyğun gəlməməsi; 3) məktəb vergisi yığılması ilə bağlı dövlət təhsil siyasətinin millətin mənafeyinə uyğun gəlməməsi; 4) məktəb üçün yığılan “adı var, özü yox” pulların kilsə tikməyə, faydasız məmurlara, polis işçilərinə xərclənməsi; 5) yerli əhalidən zorla əhdnamələrin alınması, onların hesabına məktəb binalarının tikilməsi, həmin məktəblərdən əhalinin faydalana bilməməsi, müəllimlərin halının gündən-günə ağırlaşması; 6) ruslaşdırma, xristianlaşdırma siyasətinə uyğun olaraq dövlət məktəblərinə rusların təyin edilməsi, azərbaycanlı müəllimlərin başqa xalqlardan olan müəllimlərə nisbətən hüquqlarının daha çox tapdanması; 7) bəzi məktəblərin qəza və şəhər xəzinəsindən uzaqda yerləşməsi.

Fərhad Ağayevin məruzəsində və ayrı-ayrı çıxışlarda müəllimlərin mənəvi ehtiyaclarının aşağıdakı məqamlarına toxunulmuşdur:1) müəllimlərin ana dilini bilməməsi; 2) müəllimlərin siyasi hadisələrdən xəbərsizliyi; 3) müəllimlər üçün zəruri olan kitabların olmaması; 4) kitabxanaların əhalinin mənəvi inkişafına ciddi ziyan vuran kitablarla doldurulması; 5) Azərbaycan mədəniyyəti ilə müəyyən əlaqəsi olan Şərq dillərində nəşr olunmuş kitabların kitabxanalara yaxın qoyulmaması, ruhanilərin müəllimlərə ciddi təzyiq göstərmələri, poçtxanaların pis işləməsi və s.

Bu kimi şərtlər müəllimlərin mənəvi ehtiyacını ağırlaşdıran başlıca amillər idi. Ruslaşdırma siyasətini həyata keçirən çarizmin ucqarlarda yaratdığı mənəvi mühit xalqın istək və arzularına, maariflənmək, tərəqqi etmək ideyalarına uyğun gəlmirdi. Xalqın geniş şəkildə təhsillə əhatə olunmasından çar hökuməti qorxurdu. Rusiyada baş verən ictimai-siyasi hadisələr ucqarlarda analoji olaraq təkrarlanırdı. Müəllimlərin maddi və mənəvi ehtiyaclarını hərtərəfli müzakirə edən qurultay maarif məsələlərinin bütün ixtiyarını hökumətdən alıb yerli əhalinin ixtiyarına verilməsi qərarına gəldi. Qurultayda müəllimlərin ana dilini bilməməsi onların mənəvi yoxsulluğunun ilkin şərti kimi dəyərləndirildi.

Ana dilinin tədrisi

Qurultayın 20 avqust 1906-cı ildə keçirilən iclasında ana dili məsələləri ilə bağlı F.Köçərli məlumat verdi. O, çıxışında Qori Seminariyasının azərbaycanlı müəllim kadrları hazırlığında fəaliyyətindən və bu sahədə A.O.Çernyayevskinin xidmətlərindən danışdı. Azərbaycan dili təlimi məsələsindən danışarkən qeyd etdi ki, əvvəllər seminariyada Azərbaycan dili həftədə 10 saat, sonra isə 8 saat olmuşdur. O, məktəblərdə ana dili fənninin ağır vəziyyətdə olmasının səbəblərini aşağıdakı kimi qruplaşdırırdı: 1) ana dili dərslərinə verilən vaxtın azlığı; 2) Azərbaycan dilinin məcburi bir fənn olmaması; 3) ümumi bir Azərbaycan dilinə riayət edilməməsi; 4) Azərbaycan dilinə məktəb müdirlərinin etinasız yanaşmaları; 5) şagirdlərin Azərbaycan dilinə az əhəmiyyət vermələri; 6) bəzi valideynlərin Azərbaycan dilinə həqarətlə baxmaları.

Bu nöqsanları aradan qaldırmaq üçün qurultay aşağıdakı tədbirlərin həyata keçməsini zəruri və vacib hesab edirdi:a) Azərbaycan dili fənnini tədris edən müəllimlərin hüquqlarını digər fənn müəllimlərinin hüquqları ilə eyniləşdirmək; b) Azərbaycan dili dərslərinin məktəbdə məcburi fənn kimi keçirilməsinə nail olmaq; c) Azərbaycan dili dərslərinin həftəlik saatını artırmaq; d) Azərbaycan dili müəllimlərinin məktəbə təyinində və azad olunmasında camaatın fikrini nəzərə almaq.

Qurultayın ilk iclasında Azərbaycan dili fənninin proqramını müzakirə etmək üçün Abdulla Şaiqin, Süleyman Sani Axundovun, Həsən bəy Məlikovun və bir neçə müəllimin daxil olduğu xüsusi komissiya yaradılmışdı.

“Azərbaycan dili”nin proqramı

Qurultayın 21 avqust 1906-cı il tarixli iclasında həmin komissiya tərəfindən tərtib olunmuş “Azərbaycan dilinin proqramı” oxundu və uzun-uzadı müzakirə olundu. Bəzi düzəlişlərdən sonra həmin proqram qəbul olundu. Proqramda diqqəti cəlb edən məsələlərdən biri bütün siniflər üzrə yazı işlərinin müxtəlif növlərinin göstərilməsi idi. Məlumdur ki, köhnə məktəblərdə demək olar ki, yeganə yazı növü kitabın üzündən mexaniki köçürmə idi. Qurultayın qəbul etdiyi proqramda üzündən köçürmə, sual-cavab, imla, əzbər yazı, müxtəlif məzmunlu məktublar, şəkillər, lövhələr üzrə təsviri yazılar, sərbəst mövzuda yazılar, inşa və s. qəbul olundu. Dördüncü sinfin proqramında ölkəşünaslıq materiallarına daha geniş yer verilmişdi. Şagirdlərin Azərbaycanın və eyni zamanda Qafqazın coğrafiyası və etnoqrafiyası, tarixi və ədəbiyyatına dair ətraflı məlumat alması nəzərə alınmışdı.

Qurultayın həmin iclasında Dağıstandan göndərilmiş xüsusi məktub da müzakirə olundu. Həmin məktubda Teymurxan Şurada açılan məktəbdə işləmək üçün bir nəfər Azərbaycan dili müəllimi göndərmək qurultaydan xahiş olunurdu. Qurultay iştirakçıları bu məsələni müzakirə etsələr də, oraya göndərməyə münasib bir adam tapa bilmədilər.

Qurultayda ibtidai məktəblərdə Azərbaycan dilinin tədrisi ilə də bağlı geniş müzakirə aparıldı. Bu məktəblərdə ana dilinə verilən saatlar çox az idi, V sinifdən yuxarı isə bu fənn, ümumiyyətlə, keçilmirdi. Digər tərəfdən bu məktəblərdə ana dili məcburi fənn olmadığından, həmin fənlər cədvələ daxil edilmirdi.

Ona görə də tərəqqipərvər ziyalılar Azərbaycan dili fənnindən proqram tərtib edərək onu təsdiq üçün QTD-yə təqdim etməyi, bu fənni məcburi fənlər sırasına daxil etməyi və Azərbaycan dili müəllimlərinin hüquqlarını başqa fənn müəllimləri ilə bərabərləşdirməyi qərara aldılar.

Qurultayın 24 avqust 1906-cı il tarixli iclasında komissiya tərəfindən tərtib olunmuş Azərbaycan dili proqramı müzakirə edildi. Tədris planında ana dilinə aşağıdakı saatların verilməsi nəzərdə tutuldu: a) I sinifdə həftədə - 8 saat; b) II sinifdə həftədə - 6 saat; c) III sinifdə həftədə - 6 saat; d) IV sinifdə həftədə - 5 saat. Edadiyyə məktəbinin tədris planı aşağıdakı kimi təsdiq olunmuşdu: a) ehtiyat sinifdə həftədə - 5 saat; b) I, II və III siniflərdə həftədə - 4 saat; c) IV, V və VI siniflərdə həftədə - 3 saat; d) VII və VIII siniflərdə həftədə - 2 saat.

25 avqust 1906-cı ildə qurultayın iclasında 14 maddədən ibarət ana dili üzrə proqram tərtib etmək və müəllimlərə metodiki yardım göstərmək üçün məlumat hazırlandı. VI və VII siniflər üçün tərtib olunmuş “Azərbaycan dili” proqramı müzakirə edilərək qəbul olundu.

“Lal metod” və onun fəsadları

Qurultayda müzakirə predmetinə çevrilən məsələlərdən biri də “lal metod” deyilən bir üsulun məktəblərdə tətbiqinin aradan götürülməsi məsələsi idi. Bu üsul həm Azərbaycan uşaqlarına, həm də rus dilini tədris edən Azərbaycan müəllimlərinə çox çətinliklər törədirdi. Gəncə xalq məktəbləri direktoru F.Z.Levitskinin qızğınlıqla

müdafiə etdiyi, onun yayılması üçün “açıq dərs”lər keçirdiyi bu üsul milli məktəblər üçün tamam yararsız idi. Bu üsulun mahiyyəti ondan ibarət idi ki, rus dilini tədris edərkən ana dilində izahat vermək olmazdı. Müəllim şagirdlərə sözün və ya cümlənin mənasını öz hərəkətləri ilə başa salmalı idi. Bu üsul təlimin ana dilində aparılmasına əsaslı mane olurdu. Ona görə də dövrün qabaqcıl müəllimləri, görkəmli maarifpərvərlər “lal üsul”un (“təbii üsul”un) təlim prosesində heç nəyə yaramadığını mətbuatda kəskin tənqid edir, onun aradan götürülməsini tələb edirlər. Bu məsələ qurultayda ciddi müzakirəyə səbəb oldu. İştirakçılar N.Nərimanovun fikrini dəstəklədiklərindən bu da böyük xeyriyyəçi və mesenat H.Z.Tağıyevlə N.Nərimanov arasında anlaşılmazlığa səbəb olmuşdu.

QMS-nın Azərbaycan şöbəsinin köçürülməsi

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müsəlman şəhərlərindən birinə köçürülməsi, həmin şöbənin müəllimlər seminariyasına çevrilməsi, müsəlman müəllimləri üçün pedaqoji kursların təşkil edilməsi və b. məsələlər canişinlik qarşısında qaldırıldı. Lakin bu məsələlər təsdiq edilməmiş qaldı. Bir faktı da xüsusi olaraq qeyd etmək lazımdır ki, qurultayda müəllim, onun hazırlığı, ixtisasının artırılması ilə bağlı ciddi müzakirələr getsə də nəticə o qədər də ciddi olmadı. Bunun başlıca səbəbi ondan ibarət idi ki, qurultay iştirakçıları müəllimlərin maddi vəziyyətinin ağırlığının əsas səbəbinin müəyyənləşdirilməsində vahid fikrə gələ bilmədilər. Bəziləri müəllim hazırlayan seminariyaları, bəziləri müəllimlərin özlərini, bəziləri valideynləri, bəziləri də dövləti müqəssir bilirdilər.

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin köçürülməsi məsələsi qurultaya qədər bir neçə dəfə müzakirə obyektinə çevrilmişdi. QMS-nin pedaqoji şurasında da bu məsələyə dair müzakirələr keçirilmişdi. Şuranın üzvləri başda D.Semyonov və A.O.Çernyayevski olmaqla iki cəbhəyə bölünmüşdülər. D.Semyonov öz tərəfdarları ilə birlikdə şöbənin Qoridə qalmasını, A.O.Çernyayevski və onun həmkarları (A.Axundzadə, H.Qayıbov, S.Vəlibəyov və b.) isə şöbənin Azərbaycan şəhərlərindən birinə köçürülməsi və müstəqil seminariyaya çevrilməsi fikrini müdafiə edirdilər. Çar maarif məmurları, əvvəlcə D.Semyonov, sonra S.N.Seretelski, daha sonra M.Miropiyev azərbaycanlı ziyalıların haqq səsini eşitmədilər. Seminariyanın Azərbaycan şöbəsinin müsəlman şəhərlərindən birinə köçürülməsinə hər vəchlə mane oldular.

Qeyd etmək lazımdır ki, Qori Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsinin Zaqafqaziyanın müsəlman şəhərlərinin birinə köçürülməsi ilə bağlı müsəlman xeyriyyə cəmiyyətlərinin fəal üzvləri, Azərbaycan ziyalıları Qafqaz canişininə dəfələrlə müraciət etmişdilər.

1906-cı il may ayının 18-də Şuşa müsəlman xeyriyyə cəmiyyəti tərəfindən Nəcəfqulu ağa Cavanşirovun rəhbərliyi ilə ziyalılar Qafqaz canişininə seminariyanın Azərbaycan şöbəsinin Şuşa şəhərinə, Nuxa (Şəki) ziyalıları isə Nuxa şəhərinə köçürülməsini xahiş edirdilər. Hələ ondan bir il əvvəl 1905-ci il dekabrın 25-də Qori Müəllimlər Seminariyasının tələbəsi Xudad İsabəyov seminariyanın Azərbaycandan uzaqda yerləşməsini, oraya gedib-gəlməyin çətin olmasını əsas tutaraq şöbənin Qutqaşen (indiki Qəbələ) şəhərinə köçürülməsi məqsədilə Qafqaz canişinliyinə müraciət etmişdi. Lakin bu təşəbbüslərin heç biri həyata keçmədi, Azərbaycan ziyalılarının arzuları reallaşmadı. Qafqaz canişini bu müraciət və xahişnamələri rədd etdi.

Beləliklə, A.Çernyayevskinin başçılığı ilə azərbaycanlı ziyalıların Azərbaycan şöbəsini müstəqil müəllimlər seminariyasına çevirmək mümkün olmadı. Bu ideyanı yalnız ADR dövründə reallaşdırmaq mümkün oldu.

Avqustun 19-da keçirilən iclasda Sultan Məcid Qənizadə Qori Müəllimlər Seminariyasının müəllim kadrları hazırlığındakı xidmətlərindən danışaraq, oranı yenicə bitirmiş gənc müəllimlərin öz nəzəri və praktik hazırlığını artırmaq üçün onlara lazım olan vəsaitin ayrılmasının zəruriliyini bildirmişdi. Mənbələrdə göstərilir ki, bir müəllimin xərcini Ə.Həsənzadə, Q.Qarabəyov, iki müəllimin xərcini Bakı şəhər müəllimləri öz üzərlərinə götürdülər. Digər iki müəllimin xərcini isə “Nicat” xeyriyyə cəmiyyətinin teatr tamaşalarından gələn vəsait hesabına ödəmək nəzərdə tutuldu. Gənc müəllim Abbasbəy Minasazovun xərcini Həbib bəy Mahmudbəyov öz üzərinə götürdü.

Müəllimlər ittifaqının yaradılması zərurəti

Qurultayda yaşlılar üçün rus-Azərbaycan məktəbləri yanında axşam məktəblərinin açılması, müəllimlər ittifaqının yaradılması məsələsi müzakirə edildi. Qurultay iştirakçılarından bir qrupu hər bir quberniyada xüsusi bir ittifaqın təşkilini məsləhət bilirdi. Ayrı-ayrı quberniyalarda yaranacaq müəllimlər ittifaqı oradakı müəllimlərin və məktəblərin problemlərini müzakirə edə bilərdi. Ortaya çıxa biləcək mübahisəli məsələlər isə ildə bir dəfə çağırılan ümumi Qafqaz müəllimlər qurultayında həll olunmalı idi. Burada qəbul olunmuş qanunlar isə bütün müəllimlər ittifaqı üçün rəhbər sənəd hesab edilməli idi.

Qurultay iştirakçılarının belə bir təşəbbüslə çıxış etmələri müəllimlər üçün böyük əhəmiyyət kəsb edirdi. Belə bir ittifaq müəllimlərin hüquqlarını müdafiə edə bilər, onların siyasi fəallığını artırar, ixtisaslarının təkmilləşməsinə, məktəblərdə təlim-tərbiyə işlərinin yaxşılaşmasına əsaslı təsir göstərə bilərdi.

Qurultayın yekun tələbləri və tarixi əhəmiyyəti

Azərbaycan müəllimlərinin I qurultayında yaradılan komissiya tərəfindən canişinlik qarşısında 6 maddədən ibarət aşağıdakı məsələlər qaldırıldı: 1) Qori Müəllimlər Seminariyasının tatar (Azərbaycan) şöbəsini müsəlman mərkəzlərindən birinə köçürmək; 2) həmin şöbəni müəllimlər seminariyasına çevirmək; 3) həmin seminariyada Azərbaycan dilini əsas fənn kimi tədris etmək; 4) müsəlman müəllimlərinin hüququnu başqa müəllimlərin hüququ ilə bərabər tutmaq; 5) hər şəhərdə qız rus-tatar məktəbi açmaq; 6) müsəlman müəllimləri üçün pedaqoji kurslar təşkil etmək.

Qaldırılan bu məsələlərin heç birini həyata keçirmək mümkün olmadı. I qurultayda qaldırılan məsələlər 1907-ci ildə çağırılan II qurultayda da müzakirə predmetinə çevrildi və az sonra çox böyük əməli işlər görüldü.

Qurultaydan qurultaya

Azərbaycan müəllimlərinin ilk qurultaylarında milli maarifimizin əsas problemləri, ana dilinin tədrisi, müəllimlərin maddi və mənəvi ehtiyacları ilə yanaşı, müzakirə olunan ən mühüm və vacib məsələlərdən biri də əlifba məsələsi idi. Dövrün qabaqcıl ziyalıları latın qrafikalı yeni əlifbaya keçidin zəruriliyini dəfələrlə dilə gətirsələr də, çarizm rejiminin sərt maneələri və dövrün ictimai-siyasi şəraiti əlifba dəyişikliyinə imkan vermədi. Lakin maarifpərvərlərin ideyaları hədər getmədi. Azərbaycan müəllimlərinin I qurultayında əsası qoyulan, nəsillərin yaddaşında milli oyanış və intibah mübarizəsi kimi yaşayan bu ideya tədricən cücərərək xalqımızın mədəni tərəqqi və azadlıq salnaməsinin əsas təməlinə çevrildi və Birinci Ümumittifaq Türkoloji Qurultayda reallaşdırıldı.

Fərrux Rüstəmov,
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi