İnformatika dərslərində marağın artırılmasında fənlərarası inteqrasiya – Müəllimin pedaqoji gündəliyindən

15 Aprel, 2026 - 09:08
İnformatika dərslərində marağın artırılmasında fənlərarası inteqrasiya

Müasir təhsil mühitində informatika fənninin effektiv tədrisi təkcə texniki avadanlıqların mövcudluğu ilə məhdudlaşmır. Müəllimin dərsə yanaşması, fənlərarası inteqrasiya və şagird maraqlarının nəzərə alınması informatika dərslərinin keyfiyyətinə birbaşa təsir göstərir. Xüsusilə texniki imkanların məhdud olduğu məktəblərdə informatikanın riyaziyyat və məntiq fənləri ilə əlaqəli şəkildə tədrisi şagirdlərin dərsə marağını artıran əsas amillərdən biridir.

Müəllimlik fəaliyyətimdə informatika dərslərini yalnız kompüter üzərindən aparmağın hər zaman mümkün olmadığını müşahidə etmişəm. Bu səbəbdən dərslərimi riyaziyyat və məntiq elementləri ilə əlaqələndirərək qurmağa çalışmışam. Məqsədim informatikanı quru nəzəriyyə kimi deyil, düşünmə və problem həll etmə bacarığı formalaşdıran bir fənn kimi təqdim etmək olmuşdur.

Dərslərin əvvəlində mövzu ilə bağlı qısa giriş edilir, daha sonra isə sual-cavab üsulu tətbiq olunurdu. Bu zaman şagirdlərin gündəlik həyatda rastlaşdıqları situasiyalar, onların maraq dairəsinə uyğun nümunələrdən istifadə edilirdi. Təkcə müəllimin izahı ilə kifayətlənmədən, şagirdlərin fəal iştirakı təmin olunurdu.

İnformatikanın riyaziyyat və məntiq ilə inteqrasiyası dərslərin daha maraqlı keçməsinə şərait yaradırdı. Bununla yanaşı, tarix, biologiya, coğrafiya və ingilis dili kimi digər fənlərdən də istifadə olunaraq dərslər fənlərarası yanaşma əsasında qurulurdu. Məsələn, bəzi mövzularda ingilis dilində sual-cavab aparılması şagirdlərin həm dil, həm də informatika bacarıqlarını inkişaf etdirirdi.

İnformatika dərslərində nəzəri mövzuların şagirdlər üçün çətin və maraqsız görünməsi tez-tez müşahidə olunur. Bu problemi aradan qaldırmaq üçün gündəlik həyat nümunələrinə əsaslanan metodlardan istifadə olunmalıdır.

Məsələn, alqoritm mövzusu ilə bağlı dərslərimin birində sinfə bir alma və bıçaq gətirmişdim, əvvəlcədən heç bir izahat vermədən almanı soydum. Daha sonra şagirdlərə “bu əməliyyatı bıçağı götürmədən etmək mümkün idimi?” sualı ünvanlandım. Bu nümunə vasitəsilə alqoritmin əsas prinsipi – əməliyyatların düzgün ardıcıllıqla yerinə yetirilməsi şagirdlərə aydın şəkildə izah etmək idi.

İnformasiyanın ötürülməsi mövzusunda isə “telefon oyunu”ndan istifadə etmişdim. Şagirdlər sıraya düzülərək məlumatı bir-birinə ötürmüş, nəticədə ilkin məlumatın dəyişdiyi müşahidə etmişdilər. Bu metod şagirdlərə informasiyanın ötürülməsi zamanı səhvlərin necə yarandığını əyani şəkildə göstərmişdir.

Bundan əlavə, çay hazırlama prosesi kimi gündəlik həyat nümunələri alqoritmik düşünmənin formalaşdırılmasında istifadə olunmuşdur. Dərslərdə kurikulumda nəzərdə tutulmuş işıqfor

metodu tətbiq edilmiş, şagirdlər mövzunu başa düşmə səviyyələrinə uyğun olaraq yaşıl, sarı və qırmızı kartlardan istifadə etmişlər. Bu metod şagirdlərin fəallığını artırmış və müəllim üçün dərsin effektivliyini qiymətləndirməyə imkan yaratmışdır.

Tarix fənninə marağı olan siniflərdə “Troya virusları” mövzusu tarixdə mövcud olmuş Troya şəhəri və Troya müharibəsi ilə əlaqələndirilmişdir. Tarixdən tanış olan anlayışların informatika mövzusu ilə inteqrasiyası şagirdlərin mövzunu daha asan qavramasına və yadda saxlamasına səbəb olmuşdur.

Müasir şagirdlər üçün maraq və motivasiya öyrənmə prosesinin əsas şərtlərindən biridir. Təcrübə göstərir ki, marağın olmadığı yerdə effektiv öyrənmə baş vermir. Buna görə də informatika dərslərində şagird marağının cəlb edilməsi əsas prioritet olmalıdır.

Dərsin başlanğıc mərhələsi onun sonrakı gedişini müəyyənləşdirir. Maraqlı və düşündürücü başlanğıc şagirdlərin dərsə fəal qoşulmasına səbəb olur. İnformatika dərslərində praktikaya üstünlük verilməsi, hətta texniki avadanlıqların mövcud olmadığı şəraitdə belə, yüksək nəticələrin əldə olunmasına imkan yaradır.

Müəllimlərə tövsiyə olunur ki, dərsə başlamazdan əvvəl metodik vəsaitlərə müraciət etsinlər, mövzu ilə bağlı əlavə araşdırmalar aparsınlar və dərsin başlanğıcını planlı şəkildə qursunlar. Fənlərarası inteqrasiya və həyat nümunələrinə əsaslanan metodlardan istifadə informatika dərslərinin daha maraqlı, anlaşılan və səmərəli keçməsinə şərait yaradır.

Sevinc Abbaselliyeva
İsmayıllı rayonu Qurbanəfəndi kənd tam ümumi orta məktəbin informatika müəllimi

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.