Sultan Məcid Qənizadə və Azərbaycan maarifçiliyinin inkişafı
2026-cı ildə görkəmli maarifçi-pedaqoq Sultan Məcid Qənizadənin anadan olmasının 160 illiyi qeyd olunur. Görkəmli ədibin zəngin irsini yenidən yada salmaq və əziz xatirəsini ehtiramla anmaq məqsədilə bu məqaləni yazmaq qərarına gəldim. Məqaləni hazırlayarkən Xalq Təhsili Muzeyinin arxiv sənədləri, fotoşəkillər və nadir eksponatlarla zəngin ekspozisiya və fond materiallarından istifadə etmişəm.
Bu əlamətdar yubiley onun Azərbaycanın təhsil tarixindəki xidmətlərini bir daha yada salmaq və maarifçilik ideyalarını geniş ictimaiyyətə çatdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sultan Məcid Qənizadə (Qəniyev) (1866-1937) 1866-cı ilin aprel ayında Azərbaycanın qədim və zəngin mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərinin Şahpir məhəlləsində anadan olmuşdur. Atası Hacı Murtuzəli tacir olsa da, dövrünün savadlı və maarifə böyük önəm verən ziyalılarından idi. O, oğlunun təhsilinə xüsusi diqqət göstərərək onun ilk müəlliminə çevrilmişdir. S.M.Qənizadənin ulu babası Ağa Məsih Şirvani isə Şamaxının tanınmış şairlərindən biri olmuşdur. Uşaqlıq illərindən elmə və təhsilə böyük maraq göstərən S.M.Qənizadə ilk təhsilini məhəllə məktəbində almışdır. Daha sonra o dövrünün tanınmış şairi və pedaqoqu Seyid Əzim Şirvaninin rəhbərlik etdiyi “Üsuli-Cədid” məktəbində təhsilini davam etdirmiş və Şamaxı şəhər məktəbini müvəffəqiyyətlə bitirmişdir. O, həmin məktəbdə Mirzə Ələkbər Sabir ilə birlikdə təhsil almış, burada Azərbaycan, fars və rus dillərini öyrənmişdir. S.Ə.Şirvani onun dünyagörüşünün formalaşmasında müstəsna rol oynamış ilk müəllimlərindən biri hesab olunmuşdur.
S.M.Qənizadə 1882-ci ildə üçüncü dərəcəli şəhər məktəbini müvəffəqiyyətlə bitirmiş, daha sonra birillik pedaqoji kursda müəllimlik hazırlığı keçmişdir. Həmin dövrdə bu kurslar ibtidai və məhəllə məktəbləri üçün müəllim kadrlarının hazırlanmasına xidmət etmişdir. O, 1883–1887-ci illərdə həmin dövrün nüfuzlu təhsil ocaqlarından biri olan Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunda təhsil almışdır. İnstitutun proqramı nəzəri biliklərlə yanaşı, praktik pedaqoji bacarıqların formalaşdırılmasına da geniş yer vermişdir. Hətta yuxarı kurslarda tələbələr mütəmadi olaraq sınaq dərsləri keçmiş və beləliklə, o, gələcək fəaliyyəti üçün böyük müəllimlik təcrübəsi qazanmışdır.
S.M.Qənizadənin dünyagörüşünün formalaşmasına tələbəlik illəri də təsir göstərmişdir. O dövrdə institut daxilində müxtəlif gizli qruplar fəaliyyət göstərmişdir. S.M.Qənizadə H.Mahmudbəyovla birlikdə həmin dərnəklərdə iştirak etmiş, orada qabaqcıl ideyalarla tanış olmuşdular.
1887-ci ildə ali məktəbi uğurla bitirən S.M.Qənizadə və H.Mahmudbəyov Azərbaycanın maarifçilik tarixində yeni bir mərhələnin əsasını qoymuşdular. 1887-ci ildə institutu bitirən məzunların əksəriyyəti təyinat alsalar da, azərbaycanlı məzunlardan bir qismi bu hüquqdan məhrum edilmişdilər. Ali məktəbi bitirən 27 nəfər məzundan 24-nə təyinat verilsə də, yalnız 3 nəfər azərbaycanlı tələbə təyinatdan kənarda qalmışdır. Buna səbəb 1882-1887-ci illərdə imperiyanın maarif naziri olmuş İvan Davıdoviç Delyanovun (1818-1897) 6 oktyabr 1885-ci il tarixli fərmanı idi. 1887-ci ilin may ayında Aleksandrovski Müəllimlər İnstitutuna göndərilmiş həmin əmrdə deyilirdi ki, müəllimlik institutlarını bitirmiş xristian olmayan gənc müəllimlərə şəhər məktəblərində müəllimlik vəzifəsi verilməsin. Müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən S.M.Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq H.Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin olunmuşdular. Təyinat ala bilməmələri onların fəaliyyətini dayandırmamış, əksinə, yeni bir təşəbbüsün yaranmasına səbəb olmuşdur. S.M.Qənizadə və H.Mahmudbəyov birgə fəaliyyət göstərərək Bakıda “rus-tatar” tipli məktəblərin yaradılması ideyasını irəli sürmüşdülər.
XIX əsrin sonlarında Azərbaycanda maarifçilik hərəkatı yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdu. S.M.Qənizadənin dediyi kimi: “Millətin nicatı elmdə və maarifdədir, tərəqqi istəyən xalq əvvəlcə məktəb açmalıdır”. Bu dövrdə xalqın savadlanması və dünyəvi təhsilin yayılması istiqamətində mühüm işlər görən görkəmli ziyalılar – S.M.Qənizadə və H.Mahmudbəyov ölkədə ilk “rus-müsəlman” (rus-tatar) məktəbinin əsasını qoymuşdular. Tarixi mənbələrin verdiyi məlumata görə, bu təhsil ocağı 1887-ci il oktyabrın 20-də fəaliyyətə başlamışdır. Məktəbin qısa müddətdə böyük uğur qazanmasının əsas göstəricilərindən biri şagird sayının sürətlə artması idi. Belə ki, tədris ocağı fəaliyyətə cəmi on-on beş şagirdlə başlasa da, noyabrın 12-nə qədər bu rəqəm 50-yə, noyabrın 16-da 70-ə, bir neçə gün sonra isə 76-ya çatmışdır. Məktəbə olan maraq və sinif otaqlarının çatışmazlığı səbəbindən şagird qəbulu vaxtından əvvəl dayandırılmış, nəticədə 50-yə yaxın uşaq qəbuldan kənarda qalmışdı. Məktəb özəl təşəbbüs əsasında fəaliyyət göstərdiyi üçün onun davamlı işləməsinə görə maddi vəsait tələb olunurdu və əsas gəlir mənbələrindən biri şagirdlərdən alınan təhsil haqqı idi. Həmin dövrdə məktəbin xərclərinə bina kirayəsi, dərs otaqlarının avadanlığı, kitab və dərs vəsaitləri, müəllimlərin maaşı, istilik və digər gündəlik ehtiyaclar daxil idi. Dövlət dəstəyi məhdud olduğuna görə bu xərclərin böyük hissəsi ya qurucuların şəxsi vəsaiti, ya da valideyn ödənişləri hesabına qarşılanırdı. Buna görə məktəb ümumi mənada ödənişli sayılırdı. Bir çox hallarda müəllimlər az maaşla və ya könüllü olaraq dərs keçirdilər ki, məktəb fəaliyyətini dayandırmasın. Məktəblərdə təhsil haqqı bütün yerlərdə eyni olmurdu, məktəbin yerləşdiyi əraziyə və dövrə görə dəyişirdi. Məsələn, Bakıda açılmış ilk xüsusi rus-tatar məktəbində hər şagirddən ildə 3 manat təhsil haqqı alınırdı. Bu məbləğ bəzi ailələr üçün münasib olsa da, kasıb ailələr üçün müəyyən çətinlik yaradırdı. Buna görə də bəzi xeyriyyəçilər imkansız uşaqların təhsil haqqını ödəyirdilər. Bəzi hallarda istedadlı uşaqlar ödənişdən azad olunurdular.
İlk illərdə “rus-müsəlman” məktəbi üçillik ibtidai təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, sonralar təlim-tədris sistemi daha da təkmilləşdirilərək dördillik təhsil ocağına çevrilmişdir. Müasir pedaqoji metodlara əsaslanan bu məktəb xalq arasında “Üsuli-cədid” (yeni üsul) kimi tanınmışdır. 1887-1891-ci illər ərzində məktəbin məzunlarının sayı 100-ə çatmışdır. 1891-ci ildə xalqın tələbi ilə məktəb dövlət xərci ilə idarə olunmağa başlamış və məktəblərin sayı ildən-ilə artmışdır. Dörd il ərzində fəaliyyət göstərən “rus-müsəlman” məktəbinin sayı artaraq 1891-ci ilin sentyabrından etibarən iki olmuşdur. Bu təhsil ocaqları 1-ci və 2-ci “rus-müsəlman” məktəbləri (rəsmi sənədlərdə 1-ci və 2-ci “rus-tatar” məktəbi) adlandırılmışdır.
Birinci məktəb Çənbərəkənddə Rzaqulu Nəcəfovun mülkündə, ikinci isə Spasski küçəsində Abdulla Əmirovun evində (indiki 18 nömrəli məktəbin yerində) yerləşirdi. 1-ci məktəbin müdiri H.Mahmudbəyov, 2-cinin müdiri isə S.M.Qənizadə idi. S.M.Qənizadənin rəhbərlik etdiyi bu təhsil ocağı onun vəfatından sonra da uzun müddət xalq arasında “Mirzə Məcid” məktəbi kimi tanınmışdır. Məktəbin əsas fərqi onun tədris metodikasında idi. O dövrün mədrəsələrində şagirdlər aylarla hərfləri əzbərlədiyi halda, bu məktəbdə “sövti-üsul” (səsli üsul) tətbiq edilmişdir. Şagirdlər hərfləri deyil, səsləri öyrənərək cəmi bir neçə həftəyə oxumağı bacarırdılar. Məktəbdə dünyəvi elmlərlə dini biliklərin vəhdəti yaradılmışdı. Riyaziyyat, coğrafiya və təbiət elmləri ana dilində izah olunmuş, eyni zamanda rus dili mükəmməl şəkildə tədris edilmişdi. Bu, azərbaycanlı gənclərin həm milli kimliyini qorumasına, həm də gələcəkdə dövlət idarəçiliyində yer almasına imkan vermişdir.
Qısa müddət ərzində məktəb əhali arasında böyük nüfuz qazanmışdır. XIX əsrin son 10 ili ərzində yalnız Bakıda 10 rus-Azərbaycan məktəbi fəaliyyət göstərmişdir.
Yeni tipli tədris ocağı olan bu məktəblərin şöhrəti Bakıdan çox-çox uzaqlara yayılmış, az bir müddət içərisində Azərbaycanın bir sıra rayon və şəhərlərində - Naxçıvan, Salyan, Şuşa, Gəncə, Nuxa, Şamaxı və başqa yerlərdə, sonralar isə İrəvanda, Orta Asiyada, Stavropolda da həmin tipdə məktəblər meydana gəlmişdir. S.M.Qənizadə 1893-cü ildə Səmərqəndə getmiş, 40 gün orada qalıb səs üsulu ilə dərs verilən məktəb açmışdır.
Rus-tatar məktəbləri ölkədə təhsilin və maarifçiliyin inkişafında mühüm rol oynamışdır. 1905-ci il Birinci Rusiya inqilabından sonra qızlar üçün də belə məktəblər açılmışdır. Məktəblərdə həm oğlanlar, həm də qızlar təhsil ala bilirdi ki, bu da həmin dövr üçün mühüm yenilik hesab olunurdu. Beləliklə, 1887-ci ildə Bakıda S.M.Qənizadə ilə H.Mahmudbəyov tərəfindən açılmış ilk xüsusi “rus-müsəlman” məktəbi bu məktəblərin yaranmasına səbəb olmuş və Azərbaycanda onların inkişafına yol açmışdır. İlk “rus-müsəlman məktəbi”nin meydana gəlməsindən keçən 25 il ərzində, yəni 1912-ci ilə qədər Bakıda mövcud olan 9 oğlan məktəbi, 3 qız məktəbi və altı sinifli bir rus-müsəlman şəhər məktəbi fəaliyyət göstərmişdir. Həmçinin qızlar və oğlanlar üçün ayrıca 7 rus-müsəlman məktəbi mövcud olmuşdur. 1914-cü ildə bu məktəblərdə 2 min 249 nəfər oğlan (6 sinifli şəhər rus-müsəlman məktəbindən başqa) və 398 qız təhsil almışdır. Məktəblərin ilk təşkilatçıları və rəhbərləri olan S.M.Qənizadə ilə H. Mahmudbəyov kimi pedaqoqların fəaliyyəti nəticəsində 1914-cü ildə məktəblərdə 70 nəfər müəllim fəaliyyət göstərmiş, bunlardan da on beşi qadın olmuşdur.
XIX əsrdə fəaliyyət göstərən ibtidai məktəblər arasında onlar ən səmərəli və faydalı tədris ocaqları hesab edilirdi. Bir çox görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri – o cümlədən M.Ə.Sabir, H.Ərəblinski, M.A.Əliyev, Ü.Hacıbəyov, S.M.Əfəndiyev, C.Cabbarlı, M.Müşfiq, S.Rüstəm, S.Hüseyn, F.Qasımzadə və başqaları ilk təhsillərini məhz bu məktəblərdə almışdılar. Həmin məktəblər milli müəllim kadrlarının yetişdirilməsində də əhəmiyyətli rol oynamışdır. Çarizm dövrünün çətinliklərinə baxmayaraq, “rus tatar” məktəblərinin müəllimləri xalq arasında elm və təhsili, həmçinin qabaqcıl rus və Azərbaycan mədəniyyətini yaymağa çalışmışdılar. Məktəbin inkişafı və uğurlu fəaliyyəti üçün ilk növbədə ana dilində dərsliklərin hazırlanması zəruri idi.
S.M.Qənizadənin mühüm xidmətlərindən biri də dərslik yaradıcılığı sahəsində olmuşdur. O, Azərbaycan və rus dillərinin qarşılıqlı şəkildə öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu istiqamətdə hazırladığı dərs vəsaitlərli ilə tədrisin keyfiyyətini artırmağa nail olmuşdur. O, 1889-cu ildə dörd hissədən ibarət “İstilahi-Azərbaycan” dərsliyinin I və II hissələrini tamamlamış, 1890-cı ildə isə həmin hissələri birlikdə nəşr etdirmişdir. Elə həmin ildə əsərin III hissəsini də yazaraq çap etdirməyə müvəffəq olmuşdur. 1894-cü ildə dərsliyin IV hissəsi “Rusi və türki dilmancı” adı ilə nəşr edilmişdir. S.M.Qənizadənin “İstilahi-Azərbaycan” adlı kitabı rus və Azərbaycan dillərini öyrənmək istəyənlər üçün ən dəyərli vəsaitlərdən biri olmuşdur. Bu kitabın 1890–1922-ci illər ərzində altı dəfə nəşr olunması və hər dəfə müəllif tərəfindən yenidən işlənməsi onun nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir.
Bununla bərabər pedaqoqun digər dərs vəsaiti – “Rus dilinin müəllimi” də oxuculara təqdim olunmuşdu. S.M.Qənizadə 1895-ci ildə “Müxtəsər rus əlifbası” adlı dərslik hazırlamışdır. Onun Əliskəndər Cəfərzadə ilə birlikdə fars dilində qələmə aldığı “Kəlidi-ədəbiyyat” (1901) dərsliyi dövrün ən mühüm tədris vəsaiti hesab edilirdi. S.M.Qənizadə 1897-ci ildə tədris prosesinin təkmilləşdirilməsi məqsədilə “Əlifbayi-mütəhərrikə” adlı əyani vəsait də hazırlamışdır.
S.M.Qənizadənin tərtib etdiyi rusca-tatarca lüğətlər həmin dövrdə mövcud olmuş dil çətinliklərinin aradan qaldırılmasında mühüm rol oynamış, təhsil prosesini asanlaşdırmışdır. Bu lüğətlər həm müəllimlər, həm də şagirdlər üçün tədris prosesini daha səmərəli etmişdir. O, Azərbaycan və rus dillərinin qarşılıqlı şəkildə öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu istiqamətdə hazırladığı vəsaitlərlə tədrisin keyfiyyətini artırmağa nail olmuşdur.
S.M.Qənizadə Bakıda müəllimlik etdiyi dövrdə uşaqlar üçün xalq ədəbiyyatı motivləri əsasında bir sıra əsərlər yazmışdır. Görkəmli ədib S.M.Qənizadə Azərbaycan ədəbiyyatı tarixində bir sıra “ilk”lərin müəllifi kimi tanınmışdır. O, ilk tarixi dram olan “Qönçə xanım” (1891), ilk roman kimi qiymətləndirilən “Gəlinlər həmayili” (1900), ilk publisist hekayə sayılan “Müəllimlər iftixarı” (1898), eləcə də ilk yumoristik mənzum uşaq hekayəsi “Tülkü və Çaq-çaq bəy” (1894) kimi əsərləri ilə dövrünün oxucuları tərəfindən maraqla qarşılanmışdır. Bu əsərlərdə maarifçilik ideyaları və tərbiyəvi fikirlər ön plana çəkilmişdir. Bundan əlavə, rus yazıçısı A.F.Pogosskinin hekayələrini uyğunlaşdıraraq “Müəllimlər ittifaqı” və “Allah divanı” kimi əsərləri də qələmə almışdır.
S.M.Qənizadə Azərbaycan mətbuatında, xüsusilə məşhur “Dəbistan” jurnalında mütəmadi olaraq hekayələrlə çıxış etmişdir. S.M Qənizadənin qələmə aldığı hekayələr o dövrün oxucuları tərəfindən böyük maraqla izlənmişdir. Onun “Allah xofu”, “Qurban bayramı”, eləcə də “Axşam səbri xeyir olar” (1908), “Xor-xor” (1909) və məşhur “Dursunəli və ballıbadı” (1910) kimi əsərləri Azərbaycan nəsrinin maraqlı nümunələri kimi tarixə düşmüşdür.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda teatr hələ yeni formalaşan bir sənət növü idi. Bu dövrdə ziyalılar xalqın maariflənməsi üçün teatrı ən təsirli vasitələrdən biri hesab edirdilər.
S.M.Qənizadə də Azərbaycan maarifçilik hərəkatının aparıcı simalarından biri kimi gənclərin mədəni inkişafına xüsusi diqqət yetirmişdir. O, maarifçilik fəaliyyətində teatrın tərbiyəvi və maarifləndirici gücünü yüksək qiymətləndirmiş, səhnə əsərləri və pedaqoji baxışları ilə milli teatrın formalaşmasına mühüm töhfələr vermişdir.
O, yeni tipli məktəblərdə təşkil etdiyi tamaşalar və ədəbi gecələr vasitəsilə şagirdlərdə sənətə, xüsusilə teatra maraq oyatmışdır. 1887-ci ildə S.M.Qənizadə yaxın dostu və məsləkdaşı H.Mahmudbəyov ilə birlikdə Bakıda ilk daimi fəaliyyət göstərən teatr truppalarından birini - “Müsəlman Dram Artistləri Cəmiyyəti”ni (və ya Bakı teatr truppasını) yaratdı. Bu truppanın əsasını peşəkar aktyorlar deyil, dövrün qabaqcıl ziyalıları, müəllimlər və məktəblilər təşkil edirdi.
H.Mahmudbəyov S.M.Qənizadə ilə çiyin-çiyinə çalışaraq tamaşaların təşkili və rejissorluğu sahəsində mühüm xidmətlər göstərmişlər. Belə bir maarifçi mühitdə gələcəkdə Azərbaycan teatrının görkəmli nümayəndələrindən biri olacaq Hüseyn Ərəblinski S.M.Qənizadənin truppasında yetişmişdir. O, səhnəyə ilk dəfə 1897-ci ildə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərində mehtər Kərim rolu ilə çıxmışdır. S.M.Qənizadənin yaratdığı mədəni və maarifçi mühit Ərəblinskinin istedadının üzə çıxmasına şərait yaratmış, onun peşəkar aktyor kimi formalaşmasına ilkin təkan vermişdir.
S.M.Qənizadə teatr vasitəsilə ana dilinin saflığının qorunmasına xüsusi diqqət yetirmiş, tamaşalardan əldə olunan gəliri isə çox vaxt yoxsul şagirdlərin təhsil haqqının ödənilməsinə və xeyriyyə məqsədlərinə sərf etmişdir.
1905-ci ildə S.M.Qənizadənin həyatında yeni bir mərhələ başlamışdır. O, Gürcüstanın Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasına təyinat almış, 1908-ci ilə qədər burada Azərbaycan şöbəsinin müfəttişi vəzifəsində çalışmışdır. Maarifçi F.Köçərlinin də qeyd etdiyi kimi, S.M.Qənizadə üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmişdir. Onun bu vəzifəyə təyin olunmasını dövrün tanınmış ictimai xadimi Nəriman Nərimanov də yüksək qiymətləndirmişdir. O, şöbənin və müsəlman şagirdlərin hüquqlarını müdafiə etmək üçün var gücü ilə çalışmış, gənc nəslin milli ruhda tərbiyə almasına xüsusi diqqət yetirmişdir.
S.M.Qənizadə Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin ikinci rayonu üzrə müfəttiş, 1917-ci ildə isə xalq məktəblərinin direktoru vəzifəsinə təyin olunmuşdur. Arxiv sənədləri təsdiq edir ki, o, 1917-ci ilə qədər bu məsul vəzifəni layiqincə icra etmiş, bölgədə təhsilin inkişafı üçün böyük işlər görmüşdür.
S.M.Qənizadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsasən ictimai-siyasi fəaliyyətlə məşğul olmuş, ölkənin müstəqilliyi uğrunda fəal mübarizə aparmışdır.
O, Xalq Maarif Komissarlığında müfəttiş, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində məsul katib, həmçinin Lüğət komissiyasının üzvü kimi fəaliyyət göstərərək mədəni quruculuq işlərində fəal iştirak etmişdir.
S.M.Qənizadə 1921-ci ildə həmkarları Ə.İ.Cəfərzadə və M.Mahmudbəyovla birlikdə “Maarif” adlı bir uşaq jurnalı nəşr etdirmiş, eyni zamanda, “Qırmızı günəş” jurnalı ilə də əməkdaşlıq etmişdir. O, 1922-ci ildə əvvəllər nəşr etdirdiyi “Qafqaz-Azərbaycan ləhcəsində türk dilinin qrammatikası” və “Rusca-türkcə lüğət” kitablarının üzərində işləyərək onları daha da təkmilləşdirmiş və yenidən çap etdirmişdir.
Görkəmli maarifçi S.M.Qənizadə 1925-1929-cu illərdə Bakıdakı müxtəlif texnikumlarda didaktika, psixologiya və pedaqogika fənlərini tədris etmiş, eyni zamanda tələbələrin pedaqoji təcrübə prosesinə rəhbərlik etmişdir. O, 1929-cu ildə Azərbaycan Sənaye İnstitutuna Azərbaycan dili müəllimi təyin olunmuş və ömrünün sonuna qədər həmin ali təhsil müəssisəsində səmərəli pedaqoji fəaliyyətini davam etdirmişdir.
Lakin Azərbaycan elmi və təhsilinin inkişafında xüsusi xidmətləri olmuş bu fədakar şəxsiyyətin həyatı faciəvi şəkildə yarımçıq qalmışdır. 1937-ci ildə ölkədə repressiyalar ən sərt mərhələsinə çatmış, S.M.Qənizadə də “xalq düşməni” kimi əsassız və uydurma ittihamlarla təqib olunmuşdur. Ona qarşı irəli sürülən iddialar əsasən siyasi xarakter daşıyırdı və həqiqətə uyğun deyildi. Maarifçi, ziyalı və milli düşüncəli şəxslər həmin dövrdə təqiblərə məruz qalırdılar. Nəticədə, S.M.Qənizadə 1937-ci ildə, 72 yaşında ikən repressiya qurbanı olmuşdur.
Sonralar onun işi yenidən araşdırılmış, irəli sürülən ittihamların əsassız olduğu sübut edilmişdir. Buna görə də, S.M.Qənizadə ölümündən sonra 1956-1957-ci illərdə bəraət almış, hüquqi və mənəvi baxımdan günahsız hesab edilərək bəraət qazanmışdır. Bu addım onun Azərbaycan təhsil və maarifçilik tarixindəki xidmətlərinin daha obyektiv qiymətləndirilməsinə imkan vermişdir.
Beləliklə, S.M.Qənizadənin adı tarixdə həm repressiyanın haqsız qurbanı, həm də gec də olsa ədaləti bərpa olunan maarifçi ziyalı kimi qalmışdır.
S.M.Qənizadə Azərbaycan xalqının yetişdirdiyi görkəmli maarifçi-pedaqoq, tanınmış jurnalist, istedadlı yazıçı, görkəmli ictimai xadim, fədakar müəllim, milli maarifin təbliğatçısı, milli mətbuatın fəallarından biri xalqına xidmət edən dəyərli şəxsiyyət olmuşdur.
Görkəmli ədib və maarifpərvər S.M.Qənizadənin 160 illik yubileyi böyük ədibin xatirəsini yad etmək, onun Azərbaycan maarifi və ədəbiyyatı qarşısındakı xidmətlərini bir daha xatırlamaq baxımından əlamətdar hadisədir. Bu əlamətdar yubiley ölkənin mədəni həyatında mühüm hadisəyə çevrilmişdir. Yubiley münasibətilə keçirilən elmi konfranslar, müxtəlif tədbirlər, eləcə də qəzet və jurnal səhifələrində hazırlanmış materiallar onun zəngin irsinin daha geniş ictimaiyyətə çatdırılmasına və gələcək nəsillərə tanıdılmasına mühüm töhfə vermişdir. Görkəmli maarif xadiminin pedaqoji fəaliyyəti, müəllifi olduğu dərsliklər və irəli sürdüyü maarifçilik ideyaları bu gün də öz aktuallığını qoruyur və gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynayır.
Elm və Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyində Azərbaycan təhsilinin inkişafında mühüm rol oynamış pedaqoq-alimlər, maarifçilər və müxtəlif elm sahələrində fəaliyyət göstərmiş görkəmli ziyalılar haqqında zəngin materiallar, sənədlər və eksponatlar qorunub saxlanılır. Muzeydə görkəmli maarifçi və yazıçı S.M.Qənizadə haqqında da xüsusi stend yaradılmışdır. Həmin stenddə Qənizadənin təşəbbüsü ilə açılmış rus-tatar məktəbinin fəaliyyəti, onun Azərbaycan təhsilinin inkişafına göstərdiyi xidmətlər barədə muzeyə gələn ziyarətçilərə ətraflı məlumat verilir, həmçinin müxtəlif sənədlər və fotoşəkillər nümayiş etdirilir. Sərgilənən eksponatlar vasitəsilə ziyarətçilər həmin dövrün təhsil sistemi, məktəblərin təşkili və maarifçilik mühiti haqqında daha aydın təsəvvür əldə edirlər. Muzey əməkdaşlarının izahları isə təqdim olunan materialların daha dərindən qavranılmasına kömək edir. Muzeyə gələn qonaqlar Azərbaycan təhsil tarixinin mühüm mərhələləri ilə tanış olur, bu sahədə xüsusi xidmətləri olmuş şəxsiyyətlərin fəaliyyətini daha geniş şəkildə dəyərləndirmək imkanı əldə edirlər.
Səidə Bəşirova
Xalq Təhsili Muzeyinin Fond və kitabxana şöbəsinin böyük elmi işçisi



