Bir ömrün işığı – Sara Tağıyeva
Azərbaycanlı milyonçu, mesenat, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk dünyəvi təhsil verən qızlar məktəbinin yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı H.Z.Tağıyev Azərbaycan maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında və Azərbaycan qadın təhsilində böyük rol oynamışdır.
H.Z.Tağıyev iki dəfə evlənmişdir: Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdur. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım. İkinci yoldaşı məşhur general-leytenant B.Ərəblinskinin qızı Sona xanım idi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla (Ş.Əsədullayevin gəlini idi), Sara və Sürəyya. Oğlanları: Məhəmməd və İlyas.
Sovet dövründə atasına qarşı formalaşmış rəsmi münasibətlə barışa bilməyən Sara Tağıyeva-Sarayeva H.Z.Tağıyevin layiqli adının bərpası uğrunda mübarizə aparmışdır.
Sara xanım Tağıyeva 1899-cu il may ayının 20-də Bakıda anadan olmuşdur. Uşaqlıq illərini atasının keçmiş Qorçakovski küçəsindəki sarayında (indiki Azərbaycan Tarix Muzeyinin binasında) keçirmişdir. Varlı ailədə böyüyən və ehtiyac nə olduğunu bilməyən Sara xanım əsla ərköyün deyildi, əksinə, yüksək tərbiyə almışdır və atası dünyəvi təhsil tərəfdarı olduğundan bütün övladları kimi o da yaxşı təhsil almış, bir neçə xarici dildə danışmağı, musiqi alətlərində çalmağı öyrənmişdir.
1908-ci ildə Sara xanım bacısı Leyla ilə birlikdə Peterburqda Smolni Əsilzadə Qızlar İnstitutuna oxumağa göndərilir və babaları B.Ərəblinski vaxtilə çar ordusunun generalı olduğuna görə məktəbə qəbul edilir. Lakin 1914-cü ildə I Dünya müharibəsinin başlanması qızlara təhsili başa çatdırmağa imkan vermir.
1920-ci il aprelin 28-i bolşeviklərin Bakıya daxil olması və bütünlüklə Azərbaycanı işğal etməsi, təkcə Şərqin ilk Demokratik Cümhuriyyətini iflasa uğratmır, həm də Bakı milyonçularını dərbədər salır. Sara xanımın böyüyüb boya- başa çatdığı ev H.Z.Tağıyevin əlindən alınır və N.Nərimanovun köməyi ilə ailəyə sığınacaq kimi Mərdəkandakı bağ evi verilir, lakin 1924-cü ildə H.Z.Tağıyevin vəfatından sonra bu malikanə də müsadirə edilərək, arvadı Sona xanım və iki qızının əlindən alınır. Bu hadisədən az sonra Sona xanım da vəfat edir. Tağıyevin ailəsi mühacirətə üz tutur.
1930-cu ildə Sara xanım təqiblərə məruz qalaraq Peterburqa köçür və uşaqlıq rəfiqələrinin köməyi ilə Peterburq Universitetinin kitabxanasında işə düzəlir. Peterburq həyatına alışır. Boş vaxtlarında Azərbaycanın tarixinə aid materiallar toplamağa başlayır.
1935-ci ildə Sara xanım saxta istintaq nəticəsində S.M.Kirovun ölümündə təqsirləndirilərək həbs edilir. Sara xanımın həyat yoldaşı Səlimxanov Zeynalbəyin də aqibəti acınacaqlı olur. O, xaricə yollanarkən gəmidə güllələnir və qızı Səfiyyə xanım əlindən alınır.
1936-cı il may ayının 1-də həbsxanadan azadlığa buraxılan Sara xanım çətinliklərlə üzləşir. Rəfiqələrinə zəng vurur, telefon dəstəyini götürən olmur, evlərinə gedir, qapını açmırlar. Keçmiş iş yerinə - Peterburq Dövlət Universitetinin kitabxanasının direktorunun qəbuluna düşmək istəyir, pasportundakı möhürə görə yaxın buraxmırlar.
Sara xanım az sonra milliyyətcə tatar olan Sarayev Nikolayla ailə qurur. Sara xanımın iki övladı dünyaya gəlir. Bir müddət Pyatiqorskidə mətbəədə işləyir. Həyat yoldaşı II dünya müharibəsində həlak olduqdan sonra Sara xanım oğlanlarını uşaq evinə verərək 1942-ci ildə Bakıya qayıdır.
Sara xanım əsgər arvadı kimi Respublika Hərbi Komissarlığına müraciət edir və Maarif Nazirliyinin kadrlar şöbəsinə işə götürülür. Qəribədir, doğma Bakıda ona azərbaycanlı kimi yox, Peterburqdan gəlmiş rus qadını kimi hörmət edirlər. Sonralar H.Z.Tağıyevin qızı olduğu üçün işdən çıxarılır. Yenə də müharibədə həlak olmuş əri Sarayev Nikolay Matayeviçin adı dadına çatır. O, Moskvaya Sov.İKP MK-nə məktub yazır, cavab gec gəlsə də, gözləməsinə dəydi. O, M.F.Axundov adına kitabxananın qiraət zalında işə götürülür. Kitabxanada işləmək ürəyincə idi, sanki tələbəlik illərinə yenidən qayıtmışdı. Elə həmin vaxtlardan etibarən Sara xanım maarif sahəsində atası H.Z.Tağıyevin misilsiz xeyriyyəçilik xidmətləri təsdiq edən sənəd və materialları toplayaraq elmi iş yazır.
Xalq Təhsili Muzeyinin fonunda Sara xanımın həyat və fəaliyyətinə dair bir sıra sənəd və materiallar saxlanılır. Bunların arasında onun 98 səhifədən ibarət rus dilində yazılmış elmi monoqrafiyası var. Sara xanımın bu elmi işinə bir sıra görkəmli alimlər müsbət rəy vermişlər. Onların arasında SSRİ Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Tarixi-materializm bölməsinin elmi əməkdaşı Y.P.Senekosov, həmin akademiyanın əməkdaşı, fəlsəfə elmləri namizədi Y.P.Trusov, Azərbaycan SSR Yaxın və Orta Şərq Xalqları İnstitutunun baş elmi işçisi, hüquq elmləri doktoru F.Ş.Şabanov, SSRİ Elmlər Akademiyası Fəlsəfə İnstitutunun baş elmi işçisi Q.Sveçnokov və b. vardır.
Respublika Xalq Təhsili Muzeyinin fonunda saxlanılan materiallardan aydın olur ki, Sara xanım qələmə aldığı "Azərbaycan xalqının maariflənməsinin və mədəniyyətinin yüksəlməsində H.Z.Tağıyevin rolu haqqında" adlı məqaləsini AEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Z.Bünyadova təqdim etmiş və ondan xahiş etmişdir ki, həmin yazının mətbuatda dərc olunması üçün köməklik göstərsin. Əlbəttə, Z.Bünyadov o zaman milyonçu Tağıyev haqqında məqaləni dərc etdirmək səlahiyyətinə malik deyildi. Buna görə də Sara xanım Azərbaycan KP MK-nin icazəsini almaq üçün Az.KP MK-nın katibi Həsənov yoldaşa məktubla müraciət etmişdir.
Məktubda yazılmışdır: "Çox hörmətli, H.Əzizoviç! Mən, Azərbaycan xalqının maariflənməsinin və mədəniyyətimizin tərəqqisində H.Z.Tağıyevin rolu barədə məqalə hazırlamışam. Bu məqaləni Şərqşünaslıq İnstitutunun direktoru Z.Bünyadova göstərmişəm. O, məsləhət görmüşdür ki, həmin məqalənin mətbuatda dərc olunması üçün Sizə göndərim. Sizdən xahiş edirəm ki, məqalə ilə tanış olub, mətbuatda dərc olunmasına icazə verəsiniz". Hürmətlə: H.Z.Tağıyevin qızı – Sarayeva S.Z.
A.İ.İvanov adına Leninqrad Dövlət Universitetinin elmi şöbəsinə göndərdiyi məktubda Sara xanımın iştirakı ilə elmi işinə Məntiq kafedrasında baxılmasını xahiş edir. Məktubun cavabından aydın olur ki, onun elmi işinin müzakirəsinə aid material və sənədlər universitetin nadir kitablar və əlyazmalar şöbəsində saxlamaq üçün verilmişdir. Başqa sözlə desək, Sara xanımın xahişi yerinə yetirilmir.
Taleyin bu amansız gərdişi onu uzun illər ərzində dolanacaq xərclərindən məhrum edir. Lakin daşürəkli insanların bu ədalətsizliyi onu sarsıtmır. O, topladığı sənəd və materialları keçmiş İttifaq və Respublika Elmlər Akademiyalarına dəfələrlə təqdim edir. 1969-cu il sentyabrın 23-də Az.SSR Elmlər Akademiyasının prezidenti akademik R.İsmayılov Sara xanımın təqdim etdiyi materialları araşdırır. Sara xanımın tədqiqat işi "Azərbaycan tarixində subyektiv metodlar, subyektiv baxışlar" əlyazmasında ümumiləşdirilir. Tarixçi alimlərin rəyincə, elə indinin özündə də Sara xanımın bu elmi-fəlsəfə əsəri alimlik dərəcəsinə layiqdir.
1987-ci ildə yazıçı M.Süleymanovun "Gördüklərim, eşitdiklərim və öyrəndiklərim" kitabında görkəmli xeyriyyəçi, maarifpərvər H.Z.Tağıyevin xidmətləri barədə ilk dəfə olaraq rəsmi şəkildə danışılırdı.
Qədirbilən xalqımızın ayrı-ayrı nümayəndələri həmişə Sara xanıma kömək əli uzadırdı. Onların arasında Xalq Təhsili Muzeyinin işçisi A.Abbasova Sara xanımın bütün sənədlərinin surətlərini bir-bir toplamış və qorumuş, muzeyin direktoru respublika əmək mükafatçısı T.Əhmədzadə isə H.Z.Tağıyevin Bakıda İstiqlaliyyət küçəsində tikdirdiyi Müsəlman Şərqində ilk Rus-Müsəlman Qızlar Seminariyası və onun fəaliyyəti haqqında sənədlərdən ibarət muzeydə xüsusi ekspozisiya təşkil etmişdi.
Xalq Təhsili Muzeyində həmçinin müxtəlif mətbuat səhifələrində bir sıra alimlərin H.Z.Tağıyev və qızı Sara xanım haqqında qələmə aldığı məqalələr, Sara xanımın dissertasiyası, atasına bəraət qazandırmaq məqsədilə müraciət etdiyi müxtəlif təşkilatlara aid sənəd və materiallar vardır.
Azərbaycan II dəfə müstəqilliyə qovuşanda H.Z.Tağıyev haqqında həqiqətlər mətbuat səhifələrinə və televiziya ekranlarına çıxarılır. Sara xanım haqqında bir sıra maraqlı yazılar, H.Z.Tağıyev haqqında əsərlər yazılır, Azərbaycan Tarix Muzeyinin binasında büstü qoyulur. 1989-cu il atasının məzarı başında büstünü görəndə gözlərinə inanmır. Fəqət 1991-ci il dekabrın 14-də onun sevincinə tale son qoyur. Böyük xeyriyyəçi, maarifpərvər H.Z.Tağıyevin hərtərəfli bilik sahibi olan əyilməz övladı Sara xanım 92 yaşında vəfat edir. Ölkə prezidentinin tapşırığı ilə Azərbaycan Tarix Muzeyinin o zamankı direktoru P.Əzizbəyovanın təşkilatçılığı ilə Azərbaycan Tarix Muzeyinin binasından vaxtilə bu binada boya-başa çatmış bu cəfakeş insan, fədakar Sara xanımın tabutu götürülür və Mərdəkandakı Pirhəsən ziyarətgahında atasının məzarı yanında torpağa tapşırılır.
Bu məqaləni yazarkən bir daha anlayıram ki, taleyin sərt dönüşü olur. Atalar yaxşı deyiblər - "Kimin əvvəli, kimin axırı". Həyatı çox acınacaqlı keçsə də, Sara xanım ölümündən sonra da yad edilir, unudulmur atası H.Z.Tağıyev kimi.
Jalə Əbilova
Xalq Təhsili Muzeyinin Fond və kitabxana şöbəsinin elmi işçisi



