Sual verən şagird... – Müəllimin pedaqoji gündəliyindən
Uşaq vaxtı… təxminən dörd–beş yaşım olardı. Bir gün anamdan soruşdum:
— “Ana, niyə bu meyvəyə apelsin (portağal) deyirlər?”
Onda bu sual mənim üçün sadəcə maraqlı bir sözdü. Amma illər sonra öyrəndim ki, “apelsin” sözünün kökü “Apple in China” — “Çindəki alma” ifadəsindən gəlir. Sonra hollandlar bu ifadəni götürüb “apelsin” deyiblər.
Dahi Volter demişdir: “İnsanı cavablarına görə deyil, verdiyi suallara görə tanımaq olar”. Bu fikir insanın düşüncə tərzini, maraq dairəsini və daxili aləmini dərinliklə əks etdirir. Hər bir sual insanın nəyi görmək, nəyi anlamaq və nəyə dəyər verdiyini göstərir. Məhz buna görə də sual vermək sadəcə öyrənmək vasitəsi deyil, həm də düşünən, axtaran və inkişaf edən insanın göstəricisidir.
Müasir təhsil anlayışı artıq təkcə bilik ötürməkdən ibarət deyil. Bugünkü tədris prosesi şagirdi düşünən, araşdıran, tənqidi qərar verən və yaradan fərd kimi yetişdirməyə yönəlmişdir. Bu yanaşmanın əsas dayaqlarından biri sualvermə bacarığıdır. Sual vermək şagirdi passiv dinləyicidən aktiv düşünənə çevirir. Albert Eynşteynin məşhur fikri bunu çox gözəl ifadə edir: “Əgər bir problemi həll etmək üçün bir saatım olsaydı, onun 55 dəqiqəsini sualı düzgün formalaşdırmağa sərf edərdim.” Bu fikir təsdiqləyir ki, öyrənmənin başlanğıcı elə doğru sualdan keçir.
Sual verən şagird təlim prosesində sadəcə bilik alan deyil, biliyi yaradan və onun üzərində düşünən şəxsə çevrilir. Onun sualları öyrənməyə marağı dərinləşdirir və düşünmə bacarığını gücləndirir. Sualvermə bacarığı — intellektual inkişafın göstəricisidir, çünki hər bir sual düşünmənin başlanğıcıdır. Düzgün formalaşdırılmış sual yeni biliklərə aparan körpüdür.
Sual verən şagirdin əsas xüsusiyyətləri
• Fikirlərini əsaslandırmaq bacarığı — Sadəcə cavab verməklə kifayətlənmir, fikrinin arxasında duran arqumentləri də izah edir.
• Müşahidə və maraq — Ətrafındakı hadisələri diqqətlə izləyir, səbəbləri və nəticələri araşdırır.
• Tədqiqat yönümlü düşüncə — Yeni məlumatı olduğu kimi qəbul etmir, onu yoxlayır, təcrübə və müşahidə ilə təsdiqləyir.
• Müstəqillik və təşəbbüskarlıq — Hazır cavab istəmir, öz sualını formalaşdırır və nəticəyə özü gəlir.
Sualvermənin şagird şəxsiyyətinə təsiri
Sualvermə şagirdin həm psixoloji, həm də idrak inkişafını dəstəkləyir. Bu bacarıq müstəqil öyrənmə və məsuliyyət hissini gücləndirir, fikrini sərbəst ifadə etmə və ünsiyyət bacarığını artırır, özünə inam yaradır, marağı və motivasiyanı canlı saxlayır.
Sualverməni təşviq edən metodik üsullar
• “Sual Qutusu” – şagirdlər anonim və ya açıq şəkildə maraqlı suallarını yazarlar.
• “Sualdan Cavaba” – şagirdlər bir-birinə sual verərək dərsdə dialoq yaradır.
• “Ən Yaxşı Sual” müsabiqəsi – cavabdan çox, sualın dəyəri qiymətləndirilir.
• “Sualdan Tədqiqata” – şagird öz sualı əsasında mini-layihə və araşdırma aparır.
Müəllim sadəcə bilik ötürən deyil, düşünməyə, sual verməyə və araşdırmağa yönəldən bələdçi olmalıdır. “Bu, çox maraqlı sualdır!” kimi ifadələr şagirdin motivasiyasını artırır. Müəllim dərsdə sual-cavab mədəniyyətini əsas tədris üsuluna çevirməlidir.
Tədrisin əsas məqsədi — sual verə bilən, düşünən və öyrənən fərdlər yetişdirməkdir. Çünki sual verən insan yalnız öyrənmir, həm də yaradır, inkişaf etdirir və gələcəyi formalaşdırır. “Sual verməyi dayandıran insan, düşünməyi də dayandırar” – Albert Eynşteyn.
Lamiyə Vəliyeva
Bakı şəhər 210 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya və təbiət müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.



