Qərbi Azərbaycanda milli təhsilimizə qarşı vandalizm aktları
Qərbi Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsi, çarizmin siyasi-ideoloji maraqlarına uyğun şəkildə həyata keçirilməsini şərtləndirirdi. Buna görə də yerlərdə öz siyasi və iqtisadi nüfuzunu, dayaqlarını daha da genişləndirib möhkəmləndirmək üçün çarizmə sadiq məmurlar hazırlamaq günün ən vacib məsələlərindən idi. Bunu nəzərə alan çarizm Cənubi Qafqazda, o cümlədən İrəvanda da milli müstəmləkə siyasətinin ən vacib tərkib hissəsi olan yeni məktəb sistemini qurmağa başladı. XIX əsrin birinci yarısında Tiflisdə, Bakıda, Şuşada və başqa şəhərlərdə rus məktəbləri açıldığı kimi, 1832-ci ildə İrəvanda da ilk qəza məktəbi açıldı. XIX əsrin 70-ci illərindən başlayaraq dünyəvi təhsil verən məktəblər şəbəkəsi daha da geniş vüsət almağa başladı. 1880-ci ildə İrəvan şəhər ibtidai məktəbi, 1881-ci ildə İrəvan oğlanlar gimnaziyası, İrəvan Müəllimlər Seminariyası, 1898-ci ildə İrəvan rus-tatar məktəbi, 1898-ci ildə İrəvan qızlar gimnaziyası və digər təhsil ocaqları təşkil edilərək fəaliyyət göstərmişdir. Lakin 1918-ci ildə erməni terroru nəticəsində bu təhsil ocaqlarının fəaliyyəti dayandırılmışdır. Bu təhsil ocaqlarında dərs deyən və təhsil alan azərbaycanlı müəllim və şagirdlərin bir qismi qəddarcasına qətlə yetirilmiş, bir qismi isə amansızcasına ölməkdən xilas olmaq üçün Türkiyə, Azərbaycan və digər ölkələrə sığınmağa məcbur olmuşlar. Bunun da nəticəsində hesablamamıza görə İrəvandakı təhsil ocaqlarında oxuyan 1241 nəfər şagird və tələbə təhsilini tamamlaya bilməmiş, 372 nəfər tələbə isə bu təhsil müəssisələrini bitirməsi haqqında şəhadətnamə ala bilməmişdir. Bütün bunlara baxmayaraq, İrəvandakı bu məktəblər xalqımızın maariflənməsində, ziyalıların formalaşmasında, ictimai, ədəbi-mədəni mühitin canlanmasında böyük rol oynamış, Fazil İrəvani, Mirzə Abbas Məhəmmədzadə, Mirzə Cabbar Məmmədzadə, Mirzə Hüseyn Həsənzadə İrəvani, Axund Məhəmmədbağır Qazızadə, Mirzə Ələkbər Elxanov, Axund Əbdülhəsən Qazızadə, Mirzə Məmmədvəli Qəmərlinski, Mirzə Cabbar Əsgərzadə, Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Heydər Hüseynov, Hüseyn Məcnunbəyov, Əhməd Rəcəbli, Tağı Paşayev və digər adlarını qeyd etmədiyimiz onlarla görkəmli alim, ədib, şair, ictimai-siyasi xadimlər yetişdirmişdir.
1920-ci il noyabrın 29-da Qərbi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra burada da hökumətin ilk tədbirlərindən biri yeni məktəb sisteminin yaradılması haqqında dekret və sərəncamların verilməsi oldu. Həmin dekret və sərəncamlarda köhnə tipli məktəblərin ləğv edilməsi, xalq təhsilinin yeni inkişafını istiqamətləndirən bir sıra müddəalar öz əksini tapmışdı.
1925-ci illərdə İrəvan nahiyyəsində 45 azərbaycanlı məktəbi fəaliyyət göstərsə də, 1930-cu illərdən sonra İrəvan şəhər maarif şöbəsi tərəfindən yaradılan süni problemlər bu təhsil ocaqlarının əksəriyyətinin bağlanmasına gətirib çıxarmışdır. Həmin dövrdə azərbaycanlı məktəblərində müəllim kadrlarına böyük tələbat olduğu halda, yüzlərlə azərbaycanlı tələbələr “bəy”, “xan”, “mülkədar”, “qolçomaq”, “kulak” və sair adlar damğası vurularaq təhsil müəssisələrindən xaric olunurdular. Təkcə 1928-1935-ci illərdə İrəvan məktəblərindən 641 nəfər azərbaycanlı müəllim, tələbə, şagird bu adlarla repressiyaya məruz qalmışdır. Əlbəttə, bütün bunlar İrəvanda Azərbaycan ictimai, ədəbi-mədəni mühitinin ahəngdar fəaliyyətini iflic edirdi.
1941-1945-ci illərdə İkinci Dünya müharibəsi zamanı Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın əksəriyyətinin cəbhəyə göndərilməsi də böyük itkilərə səbəb olmuşdur. Müharibənin azərbaycanlılara vurduğu zərbənin fəsadlarına baxmayaraq, 1945-ci ilin noyabr ayında SSRİ Xalq Komissarları Sovetinin sədri İosif Stalinin “tarixi” qərarı çıxır. Bunu ermənilər özünəməxsus bir riyakarlıqla Stalinin təşəbbüsü adlandırmışlar. O vaxtlar SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışan A.İ.Mikoyanın hazırladığı plan əsasında “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Soveti İ.Stalin tərəfindən qəbul edilmiş 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarlar azərbaycanlılara qarşı növbəti tarixi cinayət aktı idi.
“Kür-Araz ovalığı rayonlarını işçi qüvvəsi ilə təmin etmək” bəhanəsi altında İrəvanda yaşayan azərbaycanlılarla bərabər İrəvan Azərbaycanlı Pedaqoji məktəbi və onun 200 nəfər tələbəsi Xanlar rayonuna, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsi isə Bakıya köçürülüb Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qatıldı. Həmin təhsil müəssisələrində dərs deyən müəllimlər ya Xanlara, ya da Bakıya köçürüldü. Ermənistandakı Azərbaycan dilli tədris müəssisələri ya bağlanır, ya da Azərbaycana köçürülürdü. Həmin dövrdə 174 nəfər tələbənin təhsil aldığı İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı texnikumunun köçürülməsi nəzərdə tutulsa da, lakin sonradan bu təhsil müəssisəsinin köçürülməsi dayandırılmışdır.
Ermənilərin azərbaycanlılara qarşı dövlət səviyyəsində apardığı soyqırım siyasəti, deportasiya aksiyası təkcə Qərbi Azərbaycanda Azərbaycan ictimai-siyasi mühitinə deyil, eyni zamanda ədəbi-mədəni mühitinə də böyük zərbə vurmuşdur. İrəvan Türk Pedaqoji Texnikumunun, İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun və İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbələrinin Azərbaycana köçürülməsindən bir ay əvvəl Ermənistanın Maarif Naziri Aqbalyan 7 oktyabr 1948-ci il tarixli 719 nömrəli əmr imzalayır. Həmin əmrdə göstərilir: “İrəvanda Azərbayan dilində fəaliyyət göstərən təhsil müəssisələrinin Azərbaycan SSRİ-yə köçməsi ilə əlaqədar olaraq həmin təhsil müəssisələrində işləyən müəllim kontingenti 7 oktyabr 1948-ci ildən işdən azad edilsinlər”.
Beləliklə, İrəvanda Azərbaycan ictimai-siyasi, ədəbi-mədəni mühitinin aparıcı nümayəndələri olan Mehdi Kazımov, Həbib Məhəmmədzadə, Adil Axundov, Mirəli Seyidov, Fərhad Fərhadov, Rəhim Allahverdiyev, Yusif Kazımov, Bülbül Kazımova, Əşrəf Bayramov, İsmayıl Şükürzadə, Bəhlul Yusifov, Sadiq Heydərzadə, Əsgər Cəfərov, Əyyub Babayev, Kamil Nəzərəliyev, Zaman Vəliyev və başqaları 1948-ci il deportasiyasına məruz qaldılar. Mehdi Kazımov, Əşrəf Bayramov, İsmayıl Şükürzadə, Fərhad Fərhadov, Əyyub Babayev, Səkinə İsmayılova pedaqoji fəaliyyətlərini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirmişdilər.
İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin ədəbiyyat, coğrafiya və fizika-riyaziyyat fakültələrində təhsil alan 149 tələbə indiki Azərbaycan Dövlət Pedaqoji Univeristetinin (keçmiş Lenin adına Azərbaycan Pedaqoji İnstitutu) müvafiq fakültə və kurslarına yerləşdirilmişdi. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Eksperimental Tibb İnstitutunun binası boşaldılaraq İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsi yerləşdirilmişdir.
İrəvan Qiyabi Pedaqoji İnstitutunun Azərbaycan bölməsi isə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutuna birləşdirilmişdir. İrəvan Qiyabi Pedaqoji İnstitutunun ədəbiyyat, tarix və fizika-riyaziyyat fakültələrində təhsil alan 257 nəfər qiyabiçi Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun müvafiq fakültələrinə qəbul edilmişdir.
İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində dərs deyən müəllim heyətinin Azərbaycanda ali, orta ixtisas və ümumtəhsil məktəblərində işlə təmin edilməsi məsələsi nəzərdə tutulsa da, öz həllini tapmamışdır.
1948-ci ilin noyabr ayında Qərbi Azərbaycandan köçürülmüş İrəvan Azərbaycanlı Pedaqoji məktəbi və onun qiyabi şöbəsində təhsil alan 108 nəfərlik tələbə kontingenti müstəqil təhsil müəssisəsi kimi saxlanılaraq Azərbaycanın Xanlar rayonunun uşaq evinin binasına köçürülmüşdür.
Çətinliklə də olsa müəllimlər mənzillə, tələbələr isə yataqxana ilə təmin edilmişdi. Azərbaycan Respublikasının Nazirlər Sovetinin İrəvan Azərbaycanlı Pedaqoji Məktəbinin köçürülən tələbələrinin hər birinə özlərinə geyim və sair lazım olan əşyaları alması üçün 500 rubl vəsaitin ayrılması üçün qərarı isə icra olunmamışdır.
Azərbaycan SSR Nazirlər Soveti SSRİ Maliyyə Nazirliyindən Qərbi Azərbaycandakı Azərbaycan dilli pedaqoji təhsil müəssisələrinin Azərbaycana köçürülməsi ilə bağlı 1211,7 min rubl məbləğində vəsaitin ayrılmasını xahiş etməsinə baxmayaraq, heç bir vəsait ödənilməmişdir.
Məlumat üçün onu da qeyd edək ki, Qərbi Azərbaycandan köçürülən həmin pedaqoji müəssisələrin nə arxivi, nə də ki, müəllim və tələbə kontingentinin şəxsi işləri köçürülən təhsil müəssisələrinə təhvil verilməmişdir. Aydındır ki, bütün bunlar Qərbi Azərbaycanda milli təhsil irsimizin inkar edilməsi və izlərinin silinməsi məqəsdilə edil-mişdir.
Qərbi Azərbaycandan soydaşlarımızın köçürülməsi ilə əlaqədar deportasiya edilənlərin uşaqlarını təhsilə cəlb etmək məqsədilə Salyan rayonunun Şorsulu kənd 7 illik məktəbi 1950-1951-ci tədris ilindən etibarən orta məktəbə çevrilmişdir. Faktlar göstərir ki, Salyan rayonunun Şorsulu kəndinə köçürülən ailələrin uşaqları daha çox VIII-IX siniflərdə oxuyan şagirdlər olub.
Köçürülmə ilə bağlı əldə etdiyimiz materiallarda 1949-1950-ci dərs ilində Qərbi Azərbaycandan köçürülənlər arasında 3638 nəfər məktəb yaşlı uşağın olduğu göstərilir. Azərbaycanda 22 rayonun məktəblərinə onlardan 3276 nəfərin qəbul edildiyi bildirilir. Qalanlar əsasən tədris ili başladıqdan sonra köçürüldüyündən məktəblərə qəbul edilməyib və növbəti tədris ilində məktəblərə qəbul olunmuşlar. Bu faktların heç biri həqiqəti əks etdirmir. Bunu bir neçə faktla izah etmək olar.
Birincisi, 1948-1953-cü illərdə Qərbi Azərbaycanın elliklə köçürülən Göykümbət, Çobankərə, Hacı Elyas (Hacılləz), Muğanlı, Kolanlı, Üşəgən, Hamamlı, Nəzirəvan, Şorkənd, Məngük, Əliqırıx, Qaraxal, Qaragöl, Körpükənd, Arbat, Böyük Kolanlı, Qarğabazar, Baxçalar, Kərimbəyli, İydəli, Novruzlu, Darğalı, İmanşalı, Torpaqqala, Axund Buzovand, Parpi, İpəkli, Dəlləkli, Xatınarx, Ağşalax, Qabaxlı, Nursun, Qoxt, Molla Dursun, Aşağı Buzovand, Yuxarı Buzovand, Burastan, Çadqıran, Əkərək, Təkiyə, Ərmik, Kirəşli, Kotur, Dayıkənd, Gülüstan, Məsimli, Qulucan, Şurakənd, Şöllü, Xarratlı, Noraşen, Zəfərli, Hortun, Birəli, Qaşqa, Şahablı, Həsənli, Çarbax, Mollalı, Gölcığın, Qədirli, Cəbəçili, Gülüdüz, Sərinsəvəng, Təzəkənd, Qaradağlı, Yenicə, Kələrə (Kələley), Mügnü, Haxış, Üşü, Vələcyar, Zirək, Artız, Quyulu, Qorçulu, Cul, Qaraqoyunlu, Həsənli, Xaraba Kolanlı, Əştərək, Yuva, Qədirli, Əzizkənd, Gölaysor, Gədikvəng, Ayısəsi, Qarxun, Ağcaqışlaq, Kələlə, Şura, Avşar, Goravan, Taytan, Alməmməd, Şıxlar, Ocaxqulu, Çanaxçı, Dərə (Üçmüədzində), Darğalı, Böyük Şöllü, Aşağı Ağbaş, Dvin, Böyük Gilanlar, Ağ Həmzəli (Axamzalı), Daşlı, Qarğabazar, Yuxarı Kolanlı, Qaraqala, Hors, Oğrubəyli, Təpəbaş kəndi, Əlidərə (Qəmərli), Arpavar, Çabaxlu, Qurdalı, Ağçarx, Qurdalı, Quruqdan, Şuğayıb, Haxıc, Xırda Gilanlar, Sünbül, Çidəmli, Toxanşalı, Dəllər, Gödəkli, Burastan, Zöhrablı, Doqquz, Qaraxaç, Daşlı, Aşağı Novruzlu və digər kəndlərin müəllim və şagirdləri kollektiv şəkildə köçürülmüşdü. İkincisi, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan müəllim və şagird kontingenti ilə birlikdə 111 məktəb tamamilə, 36 beynəlmiləl məktəbin isə Azərbaycan bölməsi köçürülmüşdür. 1948-ci ildə Qərbi Azərbaycanda azərbaycanlı məktəblərinin sayı 257, həmin məktəblərdə oxuyan şagirdlərin sayı 27684 nəfər, bu təhsil müəssisələrində dərs deyən müəllimlərin sayı isə 1658 nəfər olmuşdur. 1948-ci ildə Qərbi Azərbaycanda fəaliyyət göstərən azərbaycanlı məktəbinin sayı 1953-cü ildə 257-dən 146-ya, həmin məktəblərdə təhsil alan şagirdlərin sayı 27684-dən 21146 nəfərə, müəllimlərin sayı isə 1658 nəfərdən 984 nəfərədək azalmışdı. Bu statistik rəqəmlər təsdiq edir ki, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 111 azərbaycanlı məktəbi, 6538 şagird, 674 nəfər müəllim köçürülmüşdür. Bu statistik rəqəmlər eyni zamanda həm Qərbi Azərbaycandan köçürülən ailələrin müəyyən qədər say tərkibinə, həm də onların arasında məktəbyaşlı və məktəbli uşaqların sayının müəyyənləşməsinə aydınlıq gətirir.
Köçürülənlərin ən çox yerləşdiyi rayonlarda əlavə siniflərin açılmasına böyük ehtiyac yaranmışdır. Belə ki, Saatlı rayonunda əlavə olaraq üç I-IV sinif, üç V-VII sinif, Şirvan (Əli Bayramlı) rayonunda doqquz I-IV sinif, bir V sinif, iki VIII-IX sinif, Zərdab rayonunda dörd I-IV siniflər açılmışdır.
Ağdaş rayonuna köçürülmüş ailələrin məktəbyaşlı uşaqlarının təhsilini tamamilə əhatə etmək üçün rayonun Xosrov, Şəmsabad, Tofiqli, Aral - 1, Ağcazi 7 illik məktəblərində 8 əlavə sinif açılmış və Mirmahmud, Aral - 2 kəndlərində 3 sinifli 2 ibtidai məktəb təşkil edilmişdir. Rayonun Xosrov 7 illik məktəbində yeni köçürülmüş əhalinin məktəbyaşlı uşaqlarının təhsilini davam etdirmək üçün isə əlavə 1-ci sinif açılmışdır. Araşdırmalardan aydın olur ki, köçürülmüş əhalinin, o cümlədən uşaqların sağlamlıq durumu çox acınacaqlı olmuşdur. Hətta köçürülənlərin sağlamlıq vəziyyəti o qədər ciddi xarakter almışdır ki, Azərbaycan Səhiyyə Nazirliyi vəziyyəti nəzarət altına götürmüşdür.
Qərbi Azərbaycandan şagirdlərin köçürülməsi nəticəsində siniflərin genişləndirilməsi ilə yanaşı, Azərbaycan Maarif Nazirliyi Salyan rayonundakı bir ibtidai məktəbin yeddiillik, Azərbaycan Nazirlər Sovetinin qərarı ilə isə Şirvan (Əli Bayramlı) rayonundakı bir yeddiillik məktəbin orta məktəbə çevrilməsinə icazə vermişdir. Zərdab rayonunda isə əlavə beşinci sinif açılmış, ibtidai məktəb 220 nəfər şagirdi əhatə edən yeddiillik məktəbə çevrilmişdir.
Qərbi Azərbaycandan köçürülən 272 müəllimdən 244-ü məktəblərə, qalanları isə kitabxanalara, uşaq bağçalarına və digər yerlərə işləməyə göndərilmişdir.
Köçürülən ailələrin içərisində 838 bağça yaşlı uşaqlar idi. Uşaqların 90 gün müddətinə sağlamlığını təmin etmək üçün 991 min rubl vəsaitə ehtiyac yaransa da, bu tələb də ödənilməmişdir. 75 gün müddətinə isə 715 məktəbəqədər uşaq üçün 818.675 rubl təhsil almasına tələb olunurdu. Təəssüflər olsun ki, bu tələblərin heç biri yerinə yetirilməmişdir.
3010 məktəblinin 40 gün müddətində pioner düşərgələrində istirahəti nəzərdə tutulmuşdu ki, bunun üçün 2341780 rubl təhsil vəsaitinin ayrılması tələb olunurdu. Bu tədbirlərin həyata keçirilməsi üçün isə Mərkəzin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göstəriş verməsi vacib idi. Faktlar göstərir ki, bunların heç biri həyata keçirilməmişdir.
Məlum olduğu kimi, Qərbi Azərbaycandan əhalinin köçürülməsi SSRİ hökumətinin, mərkəzin qərarlarına uyğun olaraq həyata keçirilirdi.
Faktlar göstərir ki, Ermənistan SSR Maarif Nazirliyi hökumətin köçürmə ilə bağlı həyata keçirdiyi irimiqyaslı tədbirlərə baxmayaraq, Azərbaycana köçürülmüş müəllimləri sonradan məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycana geri çağırmışdır. Məlumatlara görə geri çağırılan müəllimlərə və onların ailə üzvlərinə Ermənistan SSR Maarif Nazirliyi tərəfindən köçürülmə müavinəti və ezamiyyət xərcləri verilməmişdir.
1948-1953-cü illər köçürülməsindən sonra Qərbi Azərbaycanda milli məktəblərimizin müəllim və şagird kontingentinin sayı kəskin şəkildə azalmışdır. Milli məktəblərimizdə isə müəllim çatışmazlığı böhranı yaşanırdı. Bu vəziyyətin dözülməz xarakter altdığını görən köçürmə komissiyasının sədri N.Allahverdiyev 8 mart 1952-ci ildə 267 nömrəli tam məxfi qrifli məktubla Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini M.F.Əmiraslanova və Ermənistan SSR Nazirlər Sovetinin sədr müavini A.E.Çorçoqlyana, hər iki respublikanın Maarif Nazirliyinə və SSRİ Baş Köçürmə İdarəsinin rəisi S.D.Çerenışkinə Qərbi Azərbaycandan köçürülmüş 75-dən artıq müəllimin geri qaytarılması ilə bağlı müraciət edir. Bu müraciət əsasən Qərbi Azərbaycandan köçürülmüş bir neçə müəllimi, eyni zamanda Azərbaycanın rayonlarındakı pedaqoji təhsil müəssisələrindən 10 nəfər müəllimi Ermənistan SSR Maarif Nazirliyinin sərəncamına göndərirlər. Ermənistan SSR Nazirlər Sovetinin sədr müavini A.Çarçoqlyan N.Allahverdiyevin həmin məktubuna 19 aprel 1952-ci il tarixli 269 №-li tam məxfi qrifli cavab məktubunda yazır ki, “Ermənistana göndərilən müəllimlərin namizədliklərini yoxlayasınız və Ermənistan SSR-dən köçkünlər sırasından şəxslərin göndərilməsinə yol verməyəsiniz”.
Çünki azərbaycanlı köçkün pedaqoqların geri qayıdacağı təqdirdə milli maariçiliyin özünəməxsusluğunun yenidən parlaması erməni şovinist dairələrinin məkrli məqsədlərinə uyğun deyildi. Ona görə də Azərbaycana köçürülmüş azərbaycanlı müəllimlərin geri qayıtmasını müxtəlif bəhanələrlə əngəlləyirdilər. Faktlar göstərir ki, Qərbi Azərbaycandan köçürülmüş 674 nəfər müəllimdən yalnız 7 nəfəri geri qayıda bilmişdir.
1948-1953-cü illərdə azərbaycanlı əhalinin deportasiya edilməsi nəticəsində soydaşlarımıza məxsus olan bir sıra mədəni-maarif ocaqları, İrəvanda fəaliyyət göstərən Azərbaycanlı qadınlar klubu, İrəvan Azərbaycan teatrı, Ermənistan Şura Yazıçılar Cəmiyyətinin Türk Yazarlar bölməsi və bir sıra ümumtəhsil məktəblərinin də fəaliyyəti dayandırıldı. II Dünya Müharibəsindən sonra azərbaycanlıların öz doğma torpaqlarından kütləvi deportasiyası ermənilərin xalqımıza qarşı həyata keçirdiyi siyasi aksiyanın ən müdhiş nəticəsi idi.
1922-ci ildə Qərbi Azərbaycanda 36 azərbaycanlı məktəbində 1521 şagird, 1923-cü ildə 54 azərbaycanlı məktəbində 2584, 1924-cü ildə 93 azərbaycanlı məktəbində 3780 şagird təhsil almışdır. 1925-ci ildə isə azərbaycanlı məktəblərinin sayı 107-yə çatmışdır. 1931-ci ildə 245 azərbaycanlı məktəbində 4133 şagird təhsil almışdı. 1947-ci ildə Qərbi Azərbaycanda 255 azərbaycanlı məktəbi və bu məktəblərdə 26000 şagird, 1960-cı ildə 157 azərbaycanlı məktəbində 18500 azərbaycanlı təhsil alırdı. Eyni zamanda 1960-cı ildə 62 beynəlmiləl məktəbində digər millətlərin nümayəndələri ilə yanaşı azərbaycanlı gənclər də oxuyurdu. 1967-ci ildə azərbaycanlı məktəblərində 33962 şagird, 2171 müəllim, 1977-ci ildə 201 azərbaycanlı məktəbində 41599 şagird, 2722 müəllim olmuşdur. Onlardan 2313 nəfəri ali təhsilli, 409 nəfəri isə natamam ali təhsilli olmuşdur. Azərbaycanlı məktəblərində dərs deyənlərdən 5 nəfəri elmlər namizədi idi. 1980-ci ildə Qərbi Azərbaycandakı azərbaycanlı məktəblərində 50 min şagird təhsil almışdır. Həmin məktəblərdə 4297 nəfər azərbaycanlı müəllim çalışmışdır ki, onlardan da 2964 nəfəri ali təhsilli idi. 1983-cü ildə 193 azərbaycanlı məktəbində 43812 şagird olmuş, 3992 müəllim dərs demişdir ki, onlardan da 3249 nəfəri ali təhsilli idi. 1988-ci ildə isə 149 azərbaycanlı ümumtəhsil məktəbində 25862 şagird oxuyurdu ki, onların da təlim-tərbiyəsi ilə 4246 müəllim məşğul olmuşdu. Onlardan 8 nəfəri elmlər namizədi, 150 nəfəri isə ad almış təcrübəli pedaqoqlar idi. Bir müqayisəni də diqqətə çatdıraq ki, Qərbi Azərbaycanda erməni məktəblərində, daha doğrusu, respublika üzrə müəllimlərin 81 faizi ali təhsilli olduğu halda, azərbaycanlı müəllimlərin 84,5 faizi ali təhsilli idi. Acı təəssüf hissi ilə bildirək ki, Qərbi Azərbaycanda milli maarifimizin təəssübkeşləri olan bu müəllimlərin əksəriyyəti Azərbaycanda pedaqoji fəaliyyətlərini davam etdirə bilmədilər.
1989-cu ildə ermənilər tərəfindən azərbaycanlıların öz doğma, tarixi torpaqlarından zor gücünə, vəhşicəsinə köçürüldükdən sonra həmin məktəblərin fəaliyyəti də dayandırıldı. Azərbaycan dilində 59 adda olan 200 mindən artıq dərslik və kitablar məhv edilərək yandırılmışdı. Bu statistikalar bir daha Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı həyata keçirilən sosial-mənəvi terrorun ən bariz təsdiqidir. Amma bütün bunlara baxmayaraq, biz əminik ki, yenə də öz tarixi və əzəli yurd yerlərimizə qayıdıb, vaxtilə o fədakar maarifçilərimizin, müəllimlərimizin Qərbi Azərbaycanda milli maarifimizin inkişafı yolunda yandırdığı o maarif şöləsini yenidən alovlandıracağıq.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent



