Riyaziyyatı həyatın dilinə çevirən dərslər – Müəllimin pedaqoji gündəliyindən

15 May, 2026 - 09:10
Riyaziyyatı həyatın dilinə çevirən dərslər

Hər səhər sinif qapısını açanda qarşılaşdığım mənzərə sadəcə 20-25 şagird deyil, hər bir fərqli bir dünya olan gələcəkdir.İllər keçdikcə anladım ki, müəllimlik yalnız dərslikdəki proqramı çatdırmaq deyil, həm də hər gün o qapıdan çıxanda apardığın o zəngin "təcrübə sandığıdır".

Pedaqoji fəaliyyətimin ilk illərində elə bilirdim ki, ən yaxşı dərs hamının sakitcə mənə qulaq asdığı dərsdir. Lakin müşahidələrim mənə başqa bir həqiqəti öyrətdi. Səssizlik hər zaman anlamaq demək deyil. Bəzən ən dərin öyrənmə o, “səs-küylü” müzakirələrdə, şagirdlərin bir-birinə nəsə sübut etməyə çalışdığı anlarda baş verir. Gündəliyimə yazdığım ən mühüm qeydlərdən biri budur: “şagirdin gözündəki sual işarəsi onun dilindəki “hə” cavabından daha dəyərlidir”.

Təcrübə qazanmaq təkcə uğurları toplamaq deyil, həm də uğursuzluqları analiz etməkdir. Məsələn, böyük həvəslə hazırladığım bir metodun sinifdə gözlədiyim reaksiyanı verməməsi mənə öyrətdi ki, metod şagirdə deyil, şagird metoda yön verməlidir. Hər sinfin öz xarakteri var. Bir sinifdə möcüzələr yaradan oyun digərində maraqsız görünə bilər.

Tez-tez özümə bu sualı verirəm: “Bu gün mən şagirdlərimə nə öyrətdim?” Onların səmimiyyəti, hadisələrə gözlənilməz baxış bucaqları mənim pedaqoji təfəkkürümü yeniləyir. Biz yalnız bilik ötürmürük, həm də xarakter formalaşdırırıq. Bu yolda ən böyük rəhbərimiz bizim pedaqoji vicdanımızdır.

Mənim üçün pedaqoji gündəlik sadəcə kağız parçası deyil, özümlə apardığım bir dialoqdur. Bu qeydlər mənə göstərir ki, müəllimlik bir sənətdir və bu sənətin ən gözəl əsəri illər sonra qarşına çıxıb “Müəllim, mənə inandığınız üçün təşəkkür edirəm” deyən bir insanın təbəssümüdür.

Heç unutmadığım bir an var. Bir dəfə dərslərimdə çox zəif olan, özünə qapanmış bir şagirdim tapşırığı yerinə yetirə bilməyəndə dəftərini bağlayıb “Məndən heçnə olmayacaq” dedi. Amma mən sadəcə yanına gedib, əlimi çiyninə qoydum və dedim: “Mən sənin bu gün səhv etməyini deyil, sabah bu səhvi necə düzəldəcəyini maraqla gözləyirəm”. Cəmi bir neçə həftə sonra o uşağın gözlərindəki qığılcımı və dərslərə olan marağının necə artdıöını görmək mənim üçün ən böyük “pedaqoji qazanc” idi. Bu hadisə mənə öyrətdi ki, müəllimin bir kəlmə səmimi dəstəyi ən mürəkkəb düsturdan və ya qaydadan daha güclüdür. Müəllimin ən böyük uğuru şagirdin özünə olan inamını bərpa etməkdir.

Hörmətli həmkarlar riyaziyyat çox vaxt şagirdlər tərəfindən yalnız düsturlardan və rəqəmlərdən ibarət “Çətin” bir fənn kimi qəbul edilir. Lakin mənim pedaqoji fəaliyyətimdə əsas məqsədim bu stereotipi qırmaq və riyaziyyatın “həyatın dili” olduğunu göstərməkdir. Bu gün sizə tətbiq etdiyim bir dərs nümunəsini təqdim edirəm.

Dərsimin mövzusu həndəsi fiqurların sahəsi və həcmi idi. Mən bu dərsi yalnız lövhədə düstur yazmaqla deyil, “Məktəb həyətinin yenidən qurulması" adlı praktik bir layihə üzərində qurdum. Şagirdləri qruplara böldüm və onlara real tapşırıqlar verdim:

1-ci qrup: “İnşaatçılar” – Məktəb bufetinin döşəməsinə metla vurmaq üçün neçə kvadrat metr material lazımdır? (Düzbucaqlının sahəsi düsturunun tətbiqi)

2-ci qrup: “Dizaynerlər” – Həyətdəki su çənini rəngləmək üçün nə qədər boya lazımdır? (Slindirin yan səthinin sahəsi)

3-cü qrup: “Maliyyəçilər” – Alınacaq materialların ümumi xərcini hesablamaq( Faiz və riyazi hesablamalar)

Bu dərs zamanı bir neçə mühüm pedaqoji məqamı qeyd etdim:

1.Şagird S=a*b düsturunu sadəcə əzbərləmir, o,bu düsturun real dünyada necə bir “işə yaradığını” görür.

2.Ölçmə zamanı edilən kiçik səhvlər şagirdləri məyus etmədi,əksinə,daha dəqiq ölçmə aparmaq üçün onları həvəsləndirdi.

3.Şagirdlər riyaziyyatın təkcə hesab deyil, həm də bir qərar vermə sənəti olduğunu anladılar.

Həmin gün gündəliyimə bu sözləri yazdım: “Ən yaxşı riyaziyyat dərsi şagirdin təbaşiri qoyub, əlinə xətkeş(metrə) aldığı dərsdir. O özü ölçürsə, deməli,artıq mənimsəyir”. Riyaziyyat müəllimi olaraq qazandığım ən böyük təcrübə budur. Şagirdə nəyi hesablayacağını deyil, niyə hesablayacağını izah edəndə riyaziyyat onun üçün maraqlı bir oyuna çevrilir. Bizim vəzifəmiz rəqəmləri canlandırmaqdır.

Elvira RƏHİMOVA
Qax rayonu Əmbərçay kənd ümumi orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi