Bir sualdan başlayan pedaqoji yol – Müəllimin pedaqoji gündəliyindən
“Müəllim, bu nədir?” - bu sualı Qobu kəndində işlədiyim vaxt eşitmişdim. Köhnə infrastrukturu olan bir kənd məktəbində çalışırdım. Sinfə şəxsi proyektorumu aparmışdım. Uşaqlar diqqətlə baxır, nə olduğunu anlamağa çalışırdılar. Sual verən şagird sanki dərsdən çox, burada nə baş verdiyini anlamağa çalışırdı. Mən də həmin anda başa düşdüm ki, dərsin gedişini sinifdə qurulan münasibət müəyyən edəcək. Onlar üçün bu yeni pəncərə idi…
Dərslərimdə hər zaman uşaqların prosesin içində olmasına önəm vermişəm. Onlar dinləyən tərəf olmayanda, sual verəndə, hərəkət edəndə, fikir yürüdəndə dərs canlı olur. Bu yanaşma mənim üçün zamanla formalaşıb. Müxtəlif məktəblərdə, fərqli şagirdlərlə işlədikcə gördüm ki, təhsilalan özünü rahat hiss edəndə düşüncəsi də sərbəst olur.
Fiziki tərbiyə dərslərini məktəbin balaca həyətində keçirdik. Məkanın bu dərs üçün imkanları geniş olmasa da, bizə kifayət edirdi.Mən də uşaqlarla birlikdə qaçır, oyunun bir parçası olurdum. Görürdüm ki, onları kənardan izləyəndə uşaqlar ehtiyat edirlər. Buna görə özüm də prosesə qoşulmağa qərar verdim. Bu hal sinifdə görünməz bir güvən yaradır, bağları möhkəmləndirir və onlarda çox böyük marağa səbəb olur.
Təhsil psixologiyasında təhlükəsiz mühit anlayışı tez-tez vurğulanır. Maslounun ehtiyaclar iyerarxiyası da bunu təsdiqləyir. Uşaq özünü qəbul olunmuş hiss edəndə, fikrini deməkdən çəkinmir. Sinifdə bu hiss formalaşanda fərqli baxışlar üzə çıxır. Hər şagird mövzuya öz dünyasından baxır və əlbəttə ki, bu müxtəliflik dərsi zənginləşdirir.
Bir dəfə təsviri incəsənət dərsində mövzumuz “Mənzərə” idi. Rənglərdən danışdıq, nümunələrə baxdıq. Sonra uşaqlara pəncərədən baxmağı və gördükləri mənzərənin şəklini çəkməyi təklif etdim. Tapşırıq açıq idi, hər kəs bacardığı qədər yaxşı şəkil çəkməyə çalışırdı. Əmrah adlı şagirdim tezliklə yaxınlaşıb şəkli çəkib bitirdiyini dedi. Albomu açanda səhifənin boş olduğunu gördüm. Mənə bildirdi ki, havanın şəklini çəkib. Ən maraqlısı isə o idi ki, Əmrahın baxışında tərəddüd yox idi. Fikri aydın idi. O an anladım ki, elə dərsdə ən dəyərli nəticə uşağın öz düşüncəsini ifadə etməsidir. Mən də buna görə onu yüksək balla qiymətləndirdim.
Lev Vıqotski uşağın inkişafını sosial mühitlə əlaqələndirirdi. Uşaq sual verə bildiyi, fikrini bölüşdüyü mühitdə böyüyür. Mən də dərslərimdə uşaqlara hazır cavablar verməkdənsə, onları düşünməyə yönəltməyə çalışmışam. “Gəzən rəqəmlər” adlı layihəm də bu yanaşmanın davamıdır. Əşyaya, hadisəyə fərqli bucaqlardan baxmaq uşağın dünyagörüşünü genişləndirir. Təhsilalanlar rəqəmlərə müxtəlif yönlərdən baxmağı bacarsa, problemlərə də elə baxacaq və onların həlli yolunu asanlıqla tapacaqlar.
Zaman keçdikcə dərsdə müəllimin mövqeyini daha aydın görməyə başladım. Müəllim istiqamət göstərir, uşaqlarla birlikdə irəliləyir. Bu zaman sinifdə təbii bir axın yaranır. Bu axın zamanla ilmə-ilmə toxunmuş döngüyə çevrilir. Uşaqlar özlərini rahat hiss edir, suallar verir, fikirlərini paylaşır. Dərs məcburi proses rolundan çıxaraq birlikdə yaşanan təcrübə kimi qəbul olunur.
Bu yazı mənim pedaqoji gündəliyimdən bir parçadır. Fərqli məktəblərdə, fərqli şəraitlərdə eyni yanaşmanın işlədiyini gördüyüm bir yolun təsviridir. Şagirdə düşünmək üçün fürsət verəndə, onun baxışına hörmət edəndə, sinifdə təhsil öz-özünə formalaşır. Bizə isə yalnız onlara dəstək olmaq və istiqamət vermək düşər.
Elmira Ağayeva
Bakı şəhər 17 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi



