Seminar dərsləri: öyrənmə aləti, yoxsa qiymətləndirmə formalizmi?

5 İyun, 2026 - 14:30
Seminar dərsləri: öyrənmə aləti, yoxsa qiymətləndirmə formalizmi?

Azərbaycan ali təhsil sistemində uzun illərdir ki, tədris prosesi iki əsas komponent üzərində qurulur: mühazirə və seminar dərsləri. Mühazirə dərslərində nəzəri biliklər təqdim olunur, seminarlarda isə həmin biliklərin möhkəmləndirilməsi və tələbələrin aktiv iştirakının təmin edilməsi nəzərdə tutulur.

Lakin bu gün ali təhsil müəssisələrində çalışan bir müəllim kimi müşahidələrim göstərir ki, seminar dərslərinin nəzərdə tutulan məqsədləri ilə real tətbiqi arasında ciddi fərqlər mövcuddur. Bu səbəbdən seminar modelinin effektivliyi və müasir ali təhsilin tələblərinə nə dərəcədə cavab verməsi məsələsi yenidən müzakirə olunmalıdır.

Seminar modeli haradan gəlir?

Mühazirə-seminar sistemi əsasən keçmiş SSRİ-nin ali təhsil modelindən miras qalıb. Sovet universitetlərində tələbələrin biliklərinin müntəzəm yoxlanılması və davamiyyətə nəzarət məqsədilə seminar dərslərinə geniş yer verilirdi. Müstəqillik dövründə Azərbaycan universitetləri bir çox istiqamətlərdə islahatlar aparsa da, tədris yükünün təşkilində bu model böyük ölçüdə qorunub saxlanılıb.

Əlbəttə, seminar anlayışı yalnız postsovet məkanına aid deyil. Almaniya, Fransa, Polşa, Avstriya və digər Avropa ölkələrinin bəzi universitetlərində, eləcə də müəyyən proqramlar üzrə ABŞ universitetlərində seminar formatlarından istifadə edilir. Lakin həmin seminarlar adətən kiçik qruplarda, konkret məqalələrin müzakirəsi, layihə işi, laborator fəaliyyət və ya tədqiqat yönümlü tapşırıqlar üzərində qurulur.

Azərbaycan universitetlərində isə seminarların böyük hissəsi praktik olaraq tələbənin mövzunu danışması və qiymətləndirilməsi formasında həyata keçirilir.

Seminarın nəzəri məqsədi və faktiki reallıq

Nəzəri baxımdan seminar dərsləri tələbələrin tənqidi düşüncə, müzakirə və təqdimat bacarıqlarını inkişaf etdirməlidir. Reallıqda isə çox vaxt seminar bu sxem üzrə keçirilir: Müəllim mühazirə dərsinə uyğun mövzuya görə seminar dərsinə gəlir; mövzuya hazırlaşan bir neçə tələbə seminar mövzusunu izah etmək üçün kürsüdə danışır; digər tələbələr dinləyici qismində iştirak edir; dərsin sonunda isə qiymətləndirmə aparılır. Burada iştirak edən tələbələrin böyük əksəriyyətini sual-cavabla qiymətləndirmək mümkündür. Lakin nəzərə almalıyıq ki, ali təhsil mühazirələri orta məktəb formatında deyil, bu isə o deməkdir ki, mühazirə mövzusuna dair bir neçə sualla bir tələbənin həmin mövzunun mənimsəyib- mənimsəmədiyini texniki olaraq qiymətləndirmək mümkün olsa da, reallıqda bu qiymətləndirmə həqiqəti əks etdirməyə bilər.

Yəni bu modeldə bir auditoriyada 20-30 tələbə olduğu halda, adətən yalnız 3-4 tələbənin aktiv iştirak etməsi mümkündür. Qalan tələbələr isə faktiki olaraq passiv müşahidəçi rolunda qalırlar. Belə şəraitdə seminar dərsinin əsas məqsədi olan interaktiv öyrənmə tam reallaşmır. Seminarlar tələbələrin əhəmiyyətli hissəsi üçün müzakirə mühiti deyil, davamiyyət və qiymət alma mexanizminə çevrilir. Digər tərəfdən tələbənin hər seminar mövzusuna hazırlaşıb dərsə gəlməsi dövrün tələbləri ilə üst üstə düşmür.

Müasir tələbənin reallığı

Bu gün ali təhsil alan tələbələrin əhəmiyyətli hissəsi eyni zamanda əmək fəaliyyəti ilə məşğuldur. Xüsusilə son illərdə iqtisadi reallıqlar bir çox gəncləri təhsillə yanaşı işləməyə məcbur edir.

Belə şəraitdə tələbə üçün hər həftə əlavə seminar saatlarında iştirak etmək ciddi vaxt tələb edir. Əgər həmin dərs həqiqətən yeni bilik və bacarıq qazandırmırsa, bu zaman onun fayda-xərc nisbəti sual doğurur.

Universitet tələbəsi artıq orta məktəb şagirdi deyil. Ali təhsilin əsas məqsədi tələbəyə müstəqil öyrənmə bacarığı qazandırmaqdır. Tələbənin vaxtının əhəmiyyətli hissəsini auditoriyada mövzu danışmağa deyil, kitabxanalarda, elektron məlumat bazalarında, laboratoriyalarda və layihə fəaliyyətlərində keçirməsi daha məqsədəuyğun görünür.

Dünya təcrübəsi nə göstərir?

ABŞ, Böyük Britaniya, Niderland, İsveç, Finlandiya və bir çox digər qabaqcıl ali təhsil sistemlərində tələbələrin qiymətləndirilməsi əsasən aşağıdakı vasitələrlə həyata keçirilir:
•    aralıq (midterm və ya viza) imtahanları;
•    yekun imtahanlar;
•    esse və layihələr;
•    laborator işlər;
•    kurs işləri;
•    təqdimatlar;
•    tədqiqat tapşırıqları.

Bu universitetlərdə tələbələrin hər həftə auditoriya qarşısında mövzu danışması geniş yayılmış qiymətləndirmə mexanizmi deyil.

Məsələn, ABŞ universitetlərində tələbələrə mühazirə materialları, oxu siyahıları və tapşırıqlar təqdim edilir. Tələbə semestr ərzində həmin materiallar üzərində müstəqil işləyir və biliyini imtahanlar, yazılı işlər və layihələr vasitəsilə nümayiş etdirir. 
Türkiyə universitetlərinin böyük hissəsində də qiymətləndirmənin əsas elementləri vize və final imtahanlarıdır. Seminar formasında mövzu danışmaq isə daha çox magistratura və doktorantura səviyyəsində, xüsusi kurslarda tətbiq edilir. 

Bu səbəbdən sual yaranır: əgər dünyanın aparıcı universitetlərinin əksəriyyəti tələbə biliyini seminar yolu ilə yoxlamırsa, biz niyə hələ də bu modelə geniş şəkildə bağlı qalırıq?

Müəllim yükü və elmi fəaliyyət məsələsi

Mövzuya yalnız tələbə prizmasından yanaşmaq kifayət deyil. Müasir universitet müəlliminin əsas funksiyaları yalnız dərs deməkdən ibarət deyil. O, eyni zamanda:
•    elmi məqalələr hazırlamalı;
•    tədqiqat aparmalı;
•    layihələrdə iştirak etməli;
•    beynəlxalq əməkdaşlıqlar qurmalı;
•    universitetin akademik nüfuzunun artırılmasına töhfə verməlidir.

Lakin seminar dərsləri müəllimlərin auditoriya yükünü əhəmiyyətli dərəcədə artırır.
Əgər seminar saatları azaldılsa və ya ləğv edilərək illik normativ dərs yükü yenidən müəyyənləşdirilsə, müəllimlərin elmi fəaliyyətə ayırdığı vaxt artar. Bu isə universitetlərin beynəlxalq reytinqlərdə mövqeyinə, elmi məhsuldarlığa və ümumilikdə ali təhsilin keyfiyyətinə daha ciddi təsir göstərə bilər. 
 Universitetlərin inkişafı artıq təkcə keçirilən dərs saatlarının sayı ilə deyil, istehsal olunan elmi biliklə də ölçülür.

Yenidən düşünməyin vaxtıdır

Burada məqsəd seminar dərslərinin tarixən mövcud olmuş rolunu inkar etmək deyil. Məqsəd dəyişən reallıqlar fonunda onların effektivliyini yenidən qiymətləndirməkdir.

Əgər seminar dərsləri tələbələrin böyük hissəsi üçün formal davamiyyət mexanizminə çevrilibsə, eyni zamanda müəllimlər üçün əlavə auditoriya yükü yaradırsa, digər müasir qiymətləndirmə vasitələri eyni funksiyanı daha effektiv yerinə yetirə bilirsə, o zaman bu modelin saxlanılmasının səbəbləri yenidən araşdırılmalıdır.

Bəlkə də ali təhsilin qarşısında duran əsas sual seminarları necə qorumaq deyil, onların yerinə daha effektiv tədris və qiymətləndirmə mexanizmlərini necə qurmaqdır.

Çünki ali təhsildə əsas məqsəd auditoriyada daha çox saat keçirmək deyil, daha çox öyrənmək və daha çox elmi nəticə əldə etmək olmalıdır.


Vüsal Hüseynov,
NDU Beynəlxalq ticarət və menecment kafedrasının müəllimi