"Öyrənməyi dayandırdığın an yaşlanırsan" – 64 yaşlı müəllim 

29 İyun, 2026 - 11:08
"Öyrənməyi dayandırdığın an yaşlanırsan"

42 illik pedaqoji fəaliyyət, müəllim peşəsinə sonsuz sevgi, yeniliklərə açıq düşüncə və özünə inam... Bütün bunlar Qazax rayonu Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbinin təsviri incəsənət və texnologiya müəllimi Nüşabə Abdullayevanı müəllimlərin sertifikatlaşdırılması prosesində könüllü iştirak etməyə sövq edib. 64 yaşlı müəllim imtahanda 59 bal toplayaraq həmkarlarına və şagirdlərinə nümunə olub.

"Azərbaycan müəllimi" təcrübəli müəllimlə həmsöhbət olub.

1986–1987-ci tədris ilindən Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbində təsviri incəsənət və texnologiya müəllimi kimi çalışan Nüşabə müəllim bundan əvvəl təsviri incəsənət fənni üzrə diaqnostik qiymətləndirmədə 56 bal toplayıb. İkili ixtisas sahibi olduğu üçün 2021-ci ildə texnologiya fənni üzrə müəllimlərin işə qəbulu imtahanında da uğur qazanaraq yenidən bu fənni tədris etməyə başlayıb.

Ailəsində müəllimlik ənənəsi davam edir. Dörd övlad anası olan Nüşabə müəllimin üç övladı riyaziyyat-informatika müəllimidir və onların hər biri sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərib. Dördüncü övladı isə AMEA-da kiçik elmi işçi kimi fəaliyyət göstərir.

64 yaşında könüllü sertifikatlaşdırmada iştirak etməsinin səbəblərindən danışan müəllim deyir: "Bu yaşda özümə güvəndiyim, özümdə bu gücü və cəsarəti hiss etdiyim üçün könüllü olaraq sertifikatlaşdırmada iştirak etmək qərarına gəldim. Bu, çoxdankı arzum idi. Şükür ki, bu gün onu həyata keçirdim. Dünyada baş verən texnoloji proseslərlə maraqlanan, yeniliklərə açıq bir insanam. Məhz bu da məni imtahanda iştirak etməyə cəsarətləndirdi".

İmtahan nəticəsinə əvvəlcədən inandığını söyləyən müəllim bunun səbəbini uzun illərin təcrübəsi ilə əlaqələndirir: "Sakit idim, nəticəmə inanırdım. Çünki bu, mənim 42 illik təcrübəmin nəticəsi idi. Bu nəticə mənim bilik və bacarığıma verilən dəyərdir".

Nüşabə müəllim hesab edir ki, müəllimlik peşəsi daim inkişaf tələb edir: "Müəllimlik müqəddəs və şərəfli peşədir. Müəllim daim öz üzərində vicdanla çalışmalı, bilik və bacarıqlarını inkişaf etdirməlidir. Hər dövrün öz tələbləri var".

O bildirir ki, müəllimlik fəaliyyətinə başladığı dövrlə bu gün arasında böyük fərqlər var: "Müəllimlik fəaliyyətinə başladığım dövrdə əsas tədris vasitələrimiz dərslik, lövhə və təbaşir idi. Məlumat əldə etmək imkanları məhdud olduğundan şagirdlər müəllimin izahına daha çox ehtiyac duyurdular. Bu gün isə texnologiyanın inkişafı sayəsində müəllimlər interaktiv lövhələrdən, kompüterlərdən və internet resurslarından istifadə edirlər. Şagirdlər məlumatı daha tez əldə edə bilirlər və dərslər daha rəngarəng keçir".

Hazırlıq prosesində çətinlik yaşamadığını deyən müəllim bunu illərlə tədris etdiyi mövzularla əlaqələndirir. Gənc müəllimlərlə eyni imtahanda iştirak etməsini də belə dəyərləndirir: "Gənc müəllimlərlə birlikdə eyni imtahanda iştirak etmək məndə xoş hisslər yaratdı. Düşünürəm ki, təcrübə ilə yeniliyin bir araya gəlməsi təhsilin inkişafına xidmət edir".

Onun fikrincə, öyrənməyin yaşı yoxdur. "Müəllim hər yaşda öyrənməli və inkişaf etməlidir. İnsan öyrənməyi dayandırdığı an artıq yaşlanır".

Nüşabə müəllim bu nəticə ilə şagirdlərinə də mühüm mesaj vermək istədiyini vurğulayır: "Sertifikasiya imtahanında yüksək nəticə göstərməklə şagirdlərimə demək istədim ki, öyrənməyin yaşı yoxdur. Uğurun əsas sirri zəhmət, nizam-intizam və özünəinamdır".

Texnologiya fənni üzrə şagirdlərinin daha çox praktik işlərə maraq göstərdiyini bildirən müəllim deyir: "Şagirdlər daha çox texnologiyanın real həyatda tətbiqinə üstünlük verirlər. Çünki bu mərhələdə öz bilik və bacarıqlarını nümayiş etdirə bilirlər".

Bu uğuruna ən çox məktəb kollektivi, şagirdləri və doğmalarının sevindiyini deyən Nüşabə müəllim ailəsinin reaksiyasını da xüsusi xatırlayır: "Həyat yoldaşım və övladlarım dedilər ki, biz səndən bu nəticəni gözləyirdik, ümidlərimizi doğrultdun".

Müəllim üçün ən böyük qürur mənbəyi isə şagirdlərinin uğurlarıdır. "Şagirdlərimin dövlət səviyyəli tədbirlərdə və müsabiqələrdə qazandıqları uğurlar müəllim üçün ən böyük qürurdur".

Gənc müəllimlərə müraciət edən Nüşabə müəllim onlara daim öyrənməyi tövsiyə edir: "Heç vaxt öyrənməyi dayandırmasınlar, təhsil sahəsində yenilikləri izləsinlər, öz üzərlərində daimi işləsinlər və peşəkar biliklərini artırmağa çalışsınlar. Səbirli, məsuliyyətli və işinə sevgi ilə yanaşan müəllim həm şagirdlərinin, həm də cəmiyyətin hörmətini qazanır".

42 illik müəllimlik yolunu dəyərləndirən pedaqoq ən böyük qazancının yetişdirdiyi şagirdlər olduğunu deyir: "Mənim ən böyük qazancım yetişdirdiyim şagirdlərdir. Onların uğurlarını görmək, cəmiyyətdə layiqli və faydalı insan kimi formalaşdıqlarına şahid olmaq mənim üçün ən böyük mükafatdır. Müəllimin əsl sərvəti şagirdlərinin sevgisi, hörməti və uğurlarıdır".

Onun fikrincə, uğurlu müəllimi yalnız bir xüsusiyyət müəyyən etmir. "Uğurlu müəllimi təkcə bilik, təcrübə və ya şagird sevgisi yaratmır. Bu üç amilin vəhdəti vacibdir. Bilik müəllimin əsas dayağıdır, təcrübə həmin biliyi düzgün tətbiq etməyə kömək edir, şagird sevgisi isə müəllimlə şagird arasında etimad və səmimiyyət yaradır".

Müsahibənin sonunda isə cəmiyyətə və həmkarlarına belə səslənir: "Müəllim daim öz üzərində işləməli və öyrənməyə açıq olmalıdır. Təcrübə nə qədər çox olsa da, inkişaf prosesi heç vaxt bitmir. Cəmiyyətimizin gələcəyi olan uşaqların təlim-tərbiyəsinə verilən hər bir zəhmət öz bəhrəsini verir. Müəllimə dəyər vermək isə gələcəyə dəyər verməkdir".