Öyrətməyin ən yaxşı yolu şagirddən öyrənməkdir – Müəllim təcrübəsindən

12 Fevral, 2026 - 17:17
Öyrətməyin ən yaxşı yolu şagirddən öyrənməkdir

Müasir təhsil sistemində Azərbaycan dili və ədəbiyyat fənninin əsas missiyası yalnız qrammatik biliklərin mənimsədilməsi deyil, eyni zamanda şagirdlərin düzgün, səlis və əsaslandırılmış nitq bacarıqlarının formalaşdırılmasıdır. Müəllimlik fəaliyyətim boyunca dərslərimi məhz bu prinsip üzərində qurmağa çalışmışam.

Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əsas məqsədim şagirdin passiv dinləyici yox, aktiv danışan, düşünən və fikrini sərbəst ifadə edə bilən şəxsiyyət kimi yetişməsidir. Bu səbəbdən dərslərimdə nitqin inkişafı prioritet istiqamət kimi müəyyən edilmişdir.

Təcrübəmdə geniş istifadə etdiyim üsullardan biri debat və müzakirə metodlarıdır. Mövzuya uyğun olaraq şagirdlərə fərqli mövqelər təqdim olunur, onlar isə bu mövqeləri əsaslandırmalı, qarşı tərəfin fikirlərinə arqumentlə cavab verməlidirlər. Bu proses şagirdlərin nitq mədəniyyətinin, məntiqi düşünməsinin və öz fikrini müdafiə etmə bacarığının formalaşmasına xidmət edir.

Dərslərdə tətbiq etdiyim əsas yanaşmalardan biri də “şagird–müəllim” modelidir. Bu modelə əsasən şagirdlər müəyyən mövzular üzrə dərsi özləri hazırlayır və sinifdə müəllim rolunda çıxış edirlər. Şagirdin dərsi izah etməsi, suallar verməsi və müzakirəni idarə etməsi onun həm nitq bacarıqlarını, həm də məsuliyyət və özünəinam hissini gücləndirir. Bu zaman şagird mövzunu yalnız mənimsəmir, eyni zamanda onu başqasına öyrətməklə daha dərindən dərk edir.

Mənim pedaqoji yanaşmama görə, dərsin maraqlı və effektiv olması üçün mütləq lövhədən istifadə zəruri deyil. Əsas olan lövhə yox, öyrənən şagirddir. Lövhə olmayan dərslərdə də şagirdin düşünməsi, danışması, müzakirə aparması və nəticə çıxarması mümkündür. Dərsin mərkəzində vasitə deyil, insan dayanmalıdır. Bu baxımdan dərslərdə şagirdlərin fikirlərinə, şəxsi müşahidələrinə və təcrübələrinə daha çox yer verilir.

Tədris prosesində əsas götürdüyüm digər bir prinsip isə “öyrətmənin ən yaxşı yolu öyrənməkdir” fikridir. Müəllim şagirddən öyrənməyə açıq olduqda, şagird özünü dəyərli və prosesin fəal iştirakçısı kimi hiss edir. Müəllimin şagirdin fikrinə qulaq asması, onun yanaşmasını qəbul etməsi dərsdə qarşılıqlı öyrənmə mühiti yaradır. Belə bir mühitdə şagird daha çox öyrənir, çünki o, artıq yalnız dinləyən deyil, bilik yaradan tərəfdir.

Nəticə etibarilə, nitq bacarıqlarının inkişafına yönəlmiş debat, müzakirə, şagird–müəllim modeli və lövhəsiz dərs yanaşması şagirdlərin həm akademik, həm də sosial inkişafına müsbət təsir göstərir. Müəllim təcrübəsi göstərir ki, öyrənmənin mərkəzində şagird dayandıqda, tədris prosesi daha mənalı və davamlı olur.

Ülvi Osmanlı,
İsmayıllı şəhəri internat tipli “Talıstan” liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.