“Oyunla oxuyaq” layihəsi çərçivəsində yaradıcılıq müsabiqəsi keçirilib
Elm və Təhsil Nazirliyinin "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi" qrant müsabiqəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Balakən Bölməsi tərəfindən həyata keçirilən “Oyunla oxuyaq” layihəsi uğurla davam edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəbəqədər yaşlı uşaqların erkən inkişafına yönəlmiş layihə 3–6 yaş aralığında olan 30 uşağı əhatə edir və oyun əsaslı öyrənmə modeli ilə onların bilik, bacarıq və yaradıcılıq potensialının inkişafını dəstəkləyir.
Layihə çərçivəsində uşaqlar oyun, yaradıcılıq və praktik fəaliyyətlər vasitəsilə öyrənir, erkən oxu, nitq, ünsiyyət, məntiqi düşünmə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirirlər.
Layihənin növbəti tədbiri olaraq “Mənim şirniyyatım” adlı yaradıcılıq müsabiqəsi keçirilib. Müsabiqədə uşaqlar valideynləri ilə birlikdə müxtəlif şirniyyatlar hazırlayaraq yaradıcılıqlarını, komanda şəklində işləmək bacarıqlarını və zəngin təxəyyüllərini nümayiş etdiriblər.
Tədbirin əsas özəlliyi şirniyyatların sobadan istifadə olunmadan, yalnız təbii kənd məhsullarından hazırlanması olub. Bal, süd məhsulları, meyvə, qoz-fındıq və digər təbii ərzaqlardan istifadə uşaqlarda sağlam qidalanma vərdişlərinin formalaşmasına və təbii məhsulların əhəmiyyətinin aşılanmasına xidmət edib. Hazırlıq prosesi uşaqlar üçün həm öyrədici, həm də maraqlı təcrübəyə çevrilib. Onlar gigiyena qaydalarına əməl etməyi, iş bölgüsü aparmağı, səliqəli işləməyi, məsuliyyət daşımağı və yaradıcı yanaşma nümayiş etdirməyi praktik şəkildə öyrəniblər. Valideynlərin fəal iştirakı isə tədbirə xüsusi rəng qataraq ailə-uşaq əməkdaşlığını daha da möhkəmləndirib.
Müsabiqənin sonunda bütün iştirakçılar hazırladıqları şirniyyatları təqdim edərək öz zəhmətlərinin bəhrəsini birlikdə bölüşüblər. Uşaqların sevinc dolu anları və tədbirdə yaranan səmimi atmosfer oyun əsaslı öyrənmənin erkən yaş dövründə nə qədər səmərəli olduğunu bir daha nümayiş etdirib.
Qeyd edək ki, “Oyunla oxuyaq” layihəsi məktəbəqədər təhsildə innovativ yanaşmaların tətbiqinə, uşaqların hərtərəfli inkişafına və sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir. Layihə çərçivəsində keçirilən bu cür tədbirlər gələcəyin savadlı, yaradıcı və məsuliyyətli nəslinin formalaşmasına xidmət edir.




