Öz fənnini bilməyən müəllimlərin övladlarımıza dərs deməsi doğru seçim deyil – Nazir
"Yalnız yüksək bal toplayan müəllimlərin deyil, sertifikatlaşdırmadan keçmiş bütün müəllimlərin əməkhaqqısı artır. Sadəcə, bu artım diferensial şəkildə həyata keçirilir. Bir qisminin maaşı 10 faiz, digər qisminin isə 35 faiz artırılır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
Nazir bildirib ki, minlərlə müəllimin maaşı 35 faiz, başqa on minlərlə müəllimin maaşı isə 10 faiz artıb: "Bu prosesdə biz həmişə şəffaf olmağa çalışmışıq. Müəllimlərə verilən sualları ictimaiyyətə təqdim etmişik. Dolayı yolla cəmiyyətə belə bir sual vermişik: siz necə düşünürsünüz, əgər sualların otuzuna müəllim peşəsi adını daşıyan şəxs cavab verə bilmirsə, o, bizim övladlarımıza dərs deməlidir, yoxsa yox? Məncə, sual çox sadədir. Bunun “bəli” və ya “xeyr” cavabı var".
Emin Əmrullayev qeyd edib ki, burada ən ağrılı məqam psixoloji gərginlik və bir neçə min müəllimin işdən azad edilməsidir: "Bu, özlüyündə bizim üçün də xoş olmayan prosesdir. Amma burada iki seçim var. Hansının pis, hansının daha pis olduğunu ölçüb-biçərək, daha az pis olanı seçirik. Öz fənni üzrə suallara cavab verə bilməyən müəllimlərin övladlarımıza dərs deməsi pis seçimdir. Digər tərəfdən, bir neçə min müəllimin işdən azad olunması ilə bağlı qərar veririk".
Nazir vurğulayıb ki, bunun müqabilində on minlərlə, yüz minlərlə şagirdin gələcəkdə daha yaxşı təhsil alması ilə bağlı qərar qəbul edilib.




