“Öz üzərində çalışan müəllim imtahandan rahat keçə bilər” - Naxçıvanda sertifikasiya 

2 May, 2026 - 15:37
“Öz üzərində çalışan müəllim imtahandan rahat keçə bilər”

Bu gündən Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk günündə alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika fənləri üzrə tədris aparan müəllimlər cəlb olunublar.

Test imtahanı Naxçıvan şəhərində 4 və 11 nömrəli tam orta məktəblərdə, eləcə də Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılan imtahan mərkəzlərində təşkil olunub.

“Azərbaycan müəllimi” peşə məktəbində olaraq imtahanda yüksək nəticə göstərən müəllimlərlə həmsöhbət olub.

Ordubad rayonunun Yuxarı Əylis kənd orta məktəbinin rus dili müəllimi Şəmirə Cəlilova 57 bal toplayıb. 34 illik pedaqoji stajı olan müəllim bildirir ki, imtahan üçün xüsusi hazırlıq etməyib:

“Suallar həm orta səviyyəli, həm asan, həm də çətin idi. İmtahan qorxulu deyil. Öz ixtisası üzərində çalışan müəllim rahatlıqla imtahandan keçə bilər. Ən azından dərs dediyimiz fənni yaxşı bilməliyik”.

Camaldın kənd orta məktəbinin rus dili müəllimi Qeybulla Kərimov da 33 ildir bu fənni tədris edir. O, 55 bal toplayaraq yüksək nəticə göstərənlər sırasında yer alıb. Müəllim qeyd edir ki, sertifikasiya imtahanında suallar sanballı və çox yaxşı tərtib olunub: "Metodika üzrə hazırlaşmışdım. Nəticələr təsadüfi deyil, müəllim olsan belə təkrar etmək lazımdır. Sonrakı günlərdə sertifikasiyaya cəlb olunan müəllimlərə uğurlar arzulayıram”.

Babək rayonunun Naxışnərgiz kənd orta məktəbinin alman dili müəllimi Xəyalə Kərimova sertifikasiya imtahanından 56 bal toplayıb. O, ikinci dəfədir imtahanda iştirak edir:

“İmtahan rahat və şəffaf keçirildi. Suallar asan idi, çərçivə sənədindən kənara çıxılmamışdı. Bu nəticəyə gəlmək asan olmayıb, əziyyət çəkmişəm. Çox sevincliyəm, hisslərimi ifadə edə bilmirəm. Doğrudan da böyük sevincdir. Kim əziyyət çəkirsə, nəticəsini görür. Əziyyətin sonunda mütləq mükafat var”.

Babək rayonunun Kərimbəyli kənd orta məktəbinin alman dili müəllimi Gülnaz Quliyeva da imtahandan 56 bal toplayıb:

“İkinci dövriyyə imtahanına qatıldım. Suallar çox peşəkar hazırlanmışdı və çərçivə sənədinə uyğun idi. Hər şey gözlədiyimiz səviyyədə idi. İmtahan verəcək müəllimlərə demək istəyirəm ki, hər şey çox yaxşı təşkil olunur, obyektiv imtahan keçirilir. Öz üzərində çalışan müəllim bu nəticəyə çata bilər. Hər kəsə uğurlar”.

Qeyd edək ki, test imtahanı mərhələsində təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim olunur. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Nəticələr avtomatlaşdırılmış qaydada hesablanır və imtahan başa çatdıqdan dərhal sonra iştirakçılara elan edilir.

Test imtahanında azı 30 bal toplayan təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma nəticələrinə uyğun olaraq onların vəzifə maaşlarına dərs saatına görə əlavələr edilir.

“Öz üzərində çalışan müəllim imtahandan rahat keçə bilər”
“Öz üzərində çalışan müəllim imtahandan rahat keçə bilər”
“Öz üzərində çalışan müəllim imtahandan rahat keçə bilər”
“Öz üzərində çalışan müəllim imtahandan rahat keçə bilər”