Patent sahibi patent hüquqlarını digər şəxslərə də verə biləcək
Azərbaycanda patent sahibi patentlə bağlı hüquqlarını digər şəxslərə də verə biləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin yeni təsdiqlədiyi “Patent haqqında” qanunda öz əksini tapıb.
Qanuna edilən yeni əlavəyə görə, patent sahibi həmçinin patentlə bağlı hüquqların vərəsəlik üzrə və ya digər şəxslərə verilməsi, eləcə də patentdən istifadəyə dair lisenziya müqaviləsinin bağlanması üçün müstəsna hüquqlara malikdir.
İşəgötürən ixtira, faydalı model və ya sənaye nümunəsi üçün alınmış patentin qüvvədə saxlanılmaması barədə qərar qəbul etdikdə müəllif (müəlliflər) hüquqlarının özgəninkiləşdirilməsi haqqında müqavilə üzrə müstəsna hüququn ona verilməsini tələb edə bilər. Əgər müstəsna hüquqların verilməsi işəgötürənin xarici hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələr üzrə öhdəliklərini pozarsa, bu halda işəgötürən hüquqların verilməsindən imtina edə bilər.



