Paytaxt üzrə 17 ən yaxşı təqdimat müəllifi ölkə turunda iştirak edəcək – SİYAHI

13 Mart, 2026 - 15:33
Paytaxt üzrə 17 ən yaxşı təqdimat müəllifi ölkə turunda iştirak edəcək

Ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan “Ən Yaxşı Təqdimat” müsabiqəsinin rayon-şəhər mərhələsi uğurla başa çatıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş müsabiqənin rayon-şəhər mərhələsində regionlar üzrə ümumilikdə 3182 nəfər qeydiyyatdan keçərək iştirak edib. İştirakçılar öz təqdimat bacarıqlarını nümayiş etdiriblər və onlardan 107 nəfər uğur qazanaraq ölkə mərhələsinə vəsiqə qazanıb. 

Şəhər mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrindən 14, özəl məktəblərdən 3 nəfər olmaqla, ümumilikdə 17 ən yaxşı təqdimat müəllifi ölkə turunda iştirak hüququ qazanıb.

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsində qiymətləndirmə təqdimatçının mövzularla bağlı dolğun məlumata malik olduğunu nümayiş etdirməsi, şərh etdiyi məsələlərə mövqeyini bildirməsi, nitqinin səlisliyi, lüğət ehtiyatının zənginliyi, irəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması, nəticələr çıxarması və müasir Azərbaycan tarixi üzrə dolğun biliklərə malik olması meyarlarına əsasən aparılıb. Müsabiqənin ölkə mərhələsinin cari ilin aprel ayında keçirilməsi planlaşdırılır.

Onu da qeyd edək ki, elm və təhsil nazirinin əmrinə əsasən, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.

Müsabiqənin ölkə mərhələsinin cari ilin aprel ayında keçirilməsi planlaşdırılır. Bununla bağlı ətraflı məlumat iştirakçı şagirdlərə Regional Təhsil İdarələri tərəfindən təqdim olunacaq.

Müsabiqənin Bakı şəhər mərhələsinin qaliblərinin siyahısı

Paytaxt üzrə 17 ən yaxşı təqdimat müəllifi ölkə turunda iştirak edəcək
Paytaxt üzrə 17 ən yaxşı təqdimat müəllifi ölkə turunda iştirak edəcək