Peşə təhsili ali təhsilə keçidi düşünənlər üçün körpü rolunu oynayır - Aparat rəhbəri
“İnfrastruktur layihələri ilə yanaşı, peşə məktəblərinin idarə olunmasında rəqəmsal həllər tətbiq olunur, təhsil-tələbə təqibləri sistemi tətbiq edilir və digər məsələlər diqqətdə saxlanılır".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli səsləndirib.
Onun sözlərinə görə, hazırda tələbələrin 39%-lik hissəsini qızlar təşkil edir:
"Ümid edirik ki, atılan addımlar sayəsində bu rəqəm daha da artacaq. Bilirik ki, peşə təhsili yalnız hazır işçi qüvvəsinin hazırlanması məqsədini daşımır. Eyni zamanda, ali təhsilə keçidi düşünənlər üçün də körpü rolunu oynayır. 2020-ci ildən etibarən inkişaf olaraq, subbakalavr və digər təşəbbüslər çərçivəsində yüksək texniki peşə təhsili səviyyəsinə tələbə qəbulu həyata keçirilir və artıq maraq ildən-ilə artmaqdadır. Peşə təhsili eyni zamanda regionların sosial-iqtisadi inkişafı üçün böyük önəm daşıyır. Bu, həm işğaldan azad olunmuş bölgələrə, həm də Naxçıvan Muxtar Respublikasına aiddir. Naxçıvanda peşə təhsili müəssisələrinin fəaliyyətə başlaması müsbət nəticələr verir".
Onun sözlərinə görə, peşə təhsilində adambaşına maliyyələşmə mexanizminə keçid isə imkanları genişləndirir:
"Bu, keyfiyyətin artırılmasına, çevik idarəetməyə, nəticə əsaslı planlamaya xidmət edir”.



