Peşə təhsili ilə özəl sahə arasında çox sıx əlaqələr qurulub – İlqar Bayramlı 

24 İyul, 2026 - 12:01
Peşə təhsili ilə özəl sahə arasında çox sıx əlaqələr qurulub – İlqar Bayramlı 

“Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qida Emalı Texnologiyaları tədris-istehsalat emalatxanasının istifadəyə verilməsi yalnız o demək deyil ki, burada yalnız müasir avadanlıqla təmin olmuş emalatxana açılır. Bu həm də o deməkdir ki, bu emalatxanada peşə təhsili alacaq bizim tələbələrimiz real iş mühitində praktik bacarıqlar əldə edəcəklər”. 

Bunu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qida Emalı Texnologiyaları tədris-istehsalat emalatxanasının açılışında iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı jurnalistlərə açıqlamasında deyib.

Onun fikrincə, belə bir emalatxananın açılması həm də o deməkdir ki, peşə təhsili ilə özəl sahə, işəgötürənlər arasında çox sıx əlaqələr qurulub:

“Bu həm də o deməkdir ki, regionun iqtisadi inkişafına töhfə verəcək insan kapitalının yetişdirilməsi istiqamətində gərəkli addımlar atılır. Bu emalatxanada təhsil alacaq tələbələrimiz tədrisi bitirdikdən sonra işləyəcəklər. Yəni real  iş mühitində çalışacağı avadanlıq, texnologiya ilə artıq təhsil aldığı müddətdə tanış olacaqlar. Bu isə həmin məzunlarımızın əmək bazarına sürətli inteqrasiyası, eyni zamanda işəgötürənlərin kadrlara olan ehtiyaclarının çox effektiv şəkildə təmin olunmasına töhfə verəcək”.