Peşə təhsili müəssisələrinə qəbul olanların sayı 42 faiz artıb
2022-2025-ci illər üzrə peşə təhsilinə qəbul planları və faktiki qəbul arasında əhəmiyyətli artım qeydə alınıb. 2025-ci il üzrə qəbul göstəricilərinə görə, plan üzrə 33 min yer mövcud olub, faktiki qəbul isə 27 min tələbəni əhatə edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə səsləndirib.
O qeyd edib ki, 2022-ci ildə dövlət sifarişi ilə qəbul planı 23 380 nəfər, faktiki qəbul isə 19 043 nəfər olub. 2025-ci ildə plan 32 620 nəfərə yüksəlib, faktiki qəbul isə 27 021 nəfərə çatıb. Bu da müvafiq olaraq 40 və 42% artımın olduğunu göstərir.
Nazir müavini qeyd edib ki, dövlət hesabına qəbul olan tələbələrin sayı 2022-ci ildə 15 379 nəfər olub, 2025-ci ildə isə bu rəqəm 22 772 nəfərə çatıb. Ödənişli yerlərin sayı isə 3 664-dən 4 249-a yüksəlib.
2025-ci il üzrə müraciət edənlərin ümumi sayı isə 46 min nəfər olub və icra dərəcəsi təxminən 84% təşkil edib. Regionlar planın 60%-ni, Bakı isə 40%-ni təşkil edirdi, faktiki qəbulda isə regionların payı 62%, Bakının payı isə 38% olub.



