Peşə təhsili və biznes bir arada – Yeni əməkdaşlıqlara start verildi – REPORTAJ
Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Sahibkarlar Günü münasibətilə sahibkarlarla səhər yeməyi formatında görüş təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, mərkəzin direktoru Şaban Cəərçiyev qonaqları salamlayaraq tədbirin əsas məqsədinin peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının təşviqi və yeni tərəfdaşlıqların qurulması olduğunu bildirib. O, rəhbərlik etdiyi təhsil müəssisəsinin maddi-texniki bazası, tədris imkanları və sənaye ilə inteqrasiya istiqamətində görülən işlər barədə məlumat verərək deyib ki, mərkəzdə nə qədər müasir şərait olsa da, əmək bazarı sürətlə dəyişir: “Tələbələrimizin müasir tələblərə uyğun kadrlar kimi hazırlanması və əmək bazarına sürətlə inteqrasiya olunmasında sizlərin əvəzedilməz rolunuz var”.
“Peşə təhsil sistemi onda uğurlu hesab olunur ki, işəgötürənlər prosesin kənarında deyil, mərkəzində olsun”
Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxış edərək peşə təhsilinin inkişaf istiqamətlərindən bəhs edib. O, dual təhsil modellərinin tətbiqinin genişləndirilməsi, istehsalat təcrübələrinin artırılması və sahibkarlarla birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb: “Bu gün dünyada iqtisadi inkişaf üçün həlledici amil insan kapitalının keyfiyyətidir. Bu keyfiyyət real bacarıqlarla və iş adamlarının həmin bacarıqların formalaşması prosesinə nə dərəcədə cəlb edilməsi ilə müəyyən olunur. Peşə təhsili burada strateji rol oynayır. Dünya təcrübəsində də peşə təhsil sistemi onda uğurlu hesab olunur ki, işəgötürənlər prosesin kənarında deyil, mərkəzində olsun”.
Agentlik rəhbəri əlavə edib ki, yeni tərəfdaşlarla Sənaye və İnnovasiyalar üzrə BDPTM arasında imzalanan əməkdaşlıq memorandumu xüsusi əhəmiyyət daşıyır: “Gələcək nəslin bacarıqlı kadr olaraq yetişdirilməsi, əmək bazarına qısa müddətdə inteqrasiyasında maraqlıyıq. Hesab edirik ki, prosesin sonunda siz də ehtiyacınıza uyğun kadrlar əldə edəcəksiniz. Agentlik olaraq biz əməkdaşığa hazırıq. Dövlət-özəl tərəfdaşığı əsasında qurulan əməkdaşlığı genişləndirəcəyik”.
İş yerlərinin 80-90 faizi peşə təhsili tələb edir
Tədbirdə iştirak edən şirkət rəhbərləri müzakirələrdə fəal iştirak ediblər. Peşə təhsili müəssisələri ilə əməkdaşlığın onlar üçün faydalı olduğunu vurğulayan iş adamları “Peşə təhsili tapıntıdır”, - deyə qeyd ediblər. İş yerlərinin 80-90 faizi peşə təhsili tələb etdiyini deyən şirkət rəhbərlərinin bəziləri hazırkı işçilərin yaşlı nəslin nümayəndələri olduğunu, mütəmadi işçilərə ehtiyac yarandığını qeyd ediblər. İş adamları da peşə təhsili ilə əməkdaşlıqdan böyük gözləntiləri olduğunu vurğulayıb.
Tədbir çərçivəsində peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə bir sıra şirkətlərlə əməkdaşlıq memorandumları imzalanıb. Memorandumlar “AAC” MMC, “Allsmart Technologies” MMC, “Tuna Nəşriyyat” QSC, Minera İnşaat, Azərbaycan HR İnstitutu və KVET Əlavə Təhsil Mərkəzi ilə imzalanıb.
Əməkdaşlıqlar tikinti, ağıllı ev sistemləri, nəşriyyat, insan resurslarının idarə olunması, beynəlxalq təcrübə transferi və innovativ təlim proqramlarının tətbiqi kimi istiqamətləri əhatə edir.
İlqar Bayramlı: “Tələbələrimizin praktik bacarıqlar əldə etmələri üçün imkanlar yaratmalarını, prosesin birbaş içərisində olmaları üçün şərait yaradırıq”
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, bir qrup işəgötürənlə birlikdə Sahibkarlıq Gününü səmimi şəraitdə qeyd edib, peşə təhsili müəssisələri ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər: “İqtisadiyyatın əsas inkişafedici amillərindən biri insan kapitalının inkişafı ilə müəyyən olunur. İnsan kapitalı isə yalnız nəzəri biliklərlə deyil, praktik bacarıqlarla da müəyyən olunur. İş adamlarının peşə təhsil sistemi ilə əməkdaşlıqda prosesdən kənarda deyil, prosesin mərkəzində olmalarını arzulayırıq. Bu məqsədlə davamlı olaraq onlarla bir araya gəlir, birlikdə tədbirlər keçirir, onların peşə təhsilindən tələblərini öyrənirik. Onların tələbələrimizin praktik bacarıqlar əldə etmələri üçün imkanlar yaratmalarını, prosesin birbaş içərisində olmaları üçün şərait yaradırıq”.
Agentlik rəhbəri olaraq peşə təhsili müəssisəsində sahibkarla ilk genişmiqyaslı görüşdə iştirak etdiyini bildirən agentlik rəhbəri qeyd edib ki, səmimi ortamda tərəfdaşlarla həm memorandum imzalanıb, həm də gələcəkdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, sıxlaşdırılması ilə bağlı təklifləri müzakirə ediblər: “Peşə təhsili müəssisələrində təhsilalanların real əmək bazarının tələblərinə uyğun, praktik bacarıqlara malik tələbə kimi yetişdirilməsində birgə iştirakçlıq gözləyirik. Bunun yolları daha səmimi, əlverişli şəraitdə, müzkirə etməyə üstünlük veririk”.
Sahibkarlar görüşdən məmnundur
“Minera İnşaat” şirkətinin təsisçisi Xudu Rzayev “Azərbaycan müəllimi”nə bildirib ki, bu tərkibdə ilk dəfə görüşə qatılır: “İnşaat şirkəti olaraq peşə təhsilinin nə qədər önəmi olduğunu işimizdə hiss edirik. Sadəcə inşaat yox, başqa sahələr üzrə kadr hazırlığında da problemlər vardı. Şirkət rəhbəri olaraq bu prosesdə dəyişikliklər etdiyi, inkişafa nail olduğu üçün Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm. Proseslə bir işəgötürən olaraq mən də maraqlanıram. Ona görə də bu gün buradayam. Hesab edirəm ki, iş şəraitində yetişmiş peşəkarlar nəinki şirkətlərə, eləcə də cəmiyyətə töhfə verə bilərlər”.
Şirkətə əvvəllər usta yanında öyrənmiş şəxslərin iş üçün müraciət etdiyini deyən şirkət rəhbəri əlavə edib ki, artıq peşə təhsili müəssisələrindən də təhsilli kadrlar gəlir: “Peşə təhsili müəssisələrindən bacarıqlı kadrlar gəlir. Onlardan məmnunuq və bu səbəbdən də bu görüşdə həvəslə iştirak edirəm. Əməkdaşlığımızın başlayacağı günü də səbirsizliklə gözləyirik”.
X.Rzayev hesab edir ki, peşə təhsili müəssisələrində kadr hazırlığına dövlətdən vəsaiti azaldıb özəl müəssisələrdən gəliri artırmaq lazımdır: “Müqavilə bağlayıb şirkətlərin arzuladığı kadrları hazırlamaq, tələbə qəbulu prosesində bu cür qəbulların faizini artırmaq daha yaxşıdır. Biz məhz bu yola üstünlük verəcəyik. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən bizə lazım olan kadrları öz hesabımıza hazırlanmasını istəyəcəyik”.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlığı olan “AzeRobot Education”ın direktoru İmamir Mirzoyevanın fikrincə, peşə təhsili çox önəmlidir: “Biz sahibkarlar məhz peşə təhsili alan kadrlara üstünlük verməliyik. İlk dəfə bu formatda görüşdə iştirak etdim. Hesab edirəm ki, çox səmərəli görüş idi”.



