“Peşəsini sevən müəllim daim inkişaf edəcək” – 59 bal toplayan texnologiya müəllimi 

1 İyul, 2026 - 11:48
“Peşəsini sevən müəllim daim inkişaf edəcək” – 59 bal toplayan texnologiya müəllimi 

Qazax şəhəri Mehdi Hüseyn adına Humanitar və təbiət fənləri təmayüllü məktəb-liseyin texnologiya müəllimi Səyalı Bayramova müəllimlərin sertifikatlaşdırılması prosesində yüksək nəticə göstərərək 60 mümkün baldan 59 bal toplayıb. 

"Azərbaycan müəllimi"nə danışan Səyalı müəllim əldə etdiyi uğuru uzunmüddətli zəhmətinin və davamlı özünüinkişafının nəticəsi hesab edir.

S.Bayramova deyir ki, nəticəsini öyrəndiyi an keçirdiyi sevinc bütün zəhmətini unutdurub:

“Balımı görəndə çox sevindim. Əziyyətimin bəhrəsini gördüm. Qarşıma qoyduğum məqsədə çatdığıma görə özümü xoşbəxt hiss etdim”.

O, müasir dövrdə uğurlu pedaqoq olmağın əsas şərtini belə izah edir: 

“Mənə görə, hər bir müəllim daim öz üzərində çalışmalı, davamlı inkişaf etməlidir. Fənnimi və uşaqlarla işləməyi çox sevirəm. Peşə fəaliyyətimlə bağlı hər zaman yeni biliklər öyrənməyə çalışıram”.

Texnologiya fənninin müasir həyatdakı əhəmiyyətini xüsusi vurğulayır:

“Texnologiyasız demək olar ki, həyatımızı təsəvvür edə bilmirik. Texnologiya əməyimizi yüngülləşdirir, daim inkişaf edir, təkmilləşir, bu günümüz və gələcəyimiz üçün davamlı yenilənir”.

Sertifikatlaşdırma imtahanının məzmununu da yüksək qiymətləndirən Səyalı Bayramova bildirir ki, suallar müəllimlərin hazırlıq səviyyəsini obyektiv qiymətləndirməyə imkan verirdi:

“Suallar asan, orta və çətin formatda idi. Sertifikatlaşdırma bir daha sübut etdi ki, müəllim daim yenilik axtarışında olmalı, öz üzərində işləməli və inkişaf etməlidir”.

Gənc müəllimlərə tövsiyələrini bölüşən texnologiya müəllimi peşəyə sevginin uğurun əsas açarı olduğunu deyir:

“Gənc müəllimlərə tövsiyəm odur ki, peşələrini, fənlərini və uşaqlarla işləməyi sevsinlər. Öz üzərlərində davamlı çalışsınlar, qarşılarına məqsəd qoysunlar və həmin məqsədə çatmaq üçün əzmlə irəliləsinlər”.

Səyalı Bayramova gələcək fəaliyyətində də yeni uğurlar qazanmağı əsas məqsədlərindən biri kimi görür:

“Məqsədim yeni uğurlara imza atmaq, şagirdlərimə nümunəvi müəllim olmaqdır. Yaxşı müəllim olmaq hər şeydən əvvəl peşəni sevməkdən başlayır. Peşəsini sevən, ona dəyər verən hər bir müəllim daim inkişaf edəcək və ən yüksək uğurlara imza atacaq”.