PISA-nın keçirilmə vaxtı niyə dəyişdirilib?

4 Sentyabr, 2026 - 11:13
PISA-nın keçirilmə vaxtı niyə dəyişdirilib?

PISA beynəlxalq qiymətləndirmə tədqiqatı bir neçə mərhələdən ibarət olmaqla uzunmüddətli proses əsasında həyata keçirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, PISA əvvəllər 3 ildən bir keçirilsə də, artıq 4 ildən bir təşkil olunacaq:

"2025-ci ildə son tədqiqat keçirilib, növbəti tədqiqat 2029-cu ildə, daha sonra isə 2033-cü ildə baş tutacaq. Müddətin 4 ilə dəyişdirilməsi iştirakçı ölkələrin birgə qərarı əsasında olub. Bu interval təhsil sahəsində həyata keçirilən islahatların nəticələrini ölçməyə imkan verir".

Elnur Əliyev qeyd edib ki, tədqiqatın hazırlanması təxminən 4 il çəkir:

"Məlumatların toplanması isə ölkələrdə tədris ilinin fərqli vaxtlarda başa çatması səbəbindən təxminən 10-12 ay davam edir. Azərbaycanda qiymətləndirmənin əsasən aprel-may aylarında keçirilməsi nəzərdə tutulur. PISA-nın keçirilməsi üçün müvafiq rəqəmsal infrastrukturun, o cümlədən sürətli internet və kompüterlərin olması vacibdir. Pilot mərhələ tədqiqatdan təxminən 1 il əvvəl keçirilir. Məqsəd istifadə olunacaq tapşırıqların effektivliyini yoxlamaqdır. Əsas tədqiqatdan sonra isə məlumatların yoxlanılması və statistik təhlillər üçün təxminən 8-10 ay vaxt tələb olunur. Sonda yekun məlumat bazası formalaşdırılır".