Praktiki fənlər məktəbdə, nəzəri dərslər distant keçirilə bilər - Şəmil Sadiq

14 Yanvar, 2026 - 11:10
Praktiki fənlər məktəbdə, nəzəri dərslər distant keçirilə bilər - Şəmil Sadiq

Son günlər elm və təhsil naziri Emin Əmrullayevin “gələn il bəzi məktəblərin distant təhsilə keçə biləcəyi” ilə bağlı səsləndirdiyi fikir cəmiyyətdə geniş rezonans doğurub. Təəssüf ki, bu mövzu ətrafında aparılan müzakirələrin böyük qismi yenə də sosial şəbəkə müstəvisində, emosional reaksiyalar səviyyəsində qalır, peşəkar təhlildən uzaq olur. Halbuki söhbət hələ qəbul edilmiş qərardan deyil, ictimai müzakirəyə açıq olan bir ideyadan gedir. Bu mərhələdə isə təhsil ictimaiyyətinin, valideynlərin və mütəxəssislərin mövqeyi xüsusilə önəmlidir.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən alim - filoloq Şəmil Sadiq bu məsələyə emosiyalarla deyil, analitik prizmadan yanaşmanın vacibliyini qeyd edir:

“Biz adətən məktəbi dörd divar, zəng səsi və sinif otağı ilə eyniləşdiririk. Bu, illərlə formalaşmış bir vərdişdir. Halbuki dünyanın bir çox ölkələrində coğrafi reallıqlar bu təsəvvürü çoxdan dəyişib. Dağlıq ərazilərdə, səhralarda, tundra zonalarında yaşayan uşaqlar var və onların nə yolların olmamasında, nə məsafələrin uzaqlığında, nə də iqlim şəraitinin sərt olmasında günahı var. Belə hallarda əsas sual “orada məktəb varmı?” deyil, “təhsil necə davam etməlidir?” olmalıdır”.

Onun sözlərinə görə, məhz bu məqamda distant təhsil bir yenilik kimi yox, dövlətin vətəndaşına verdiyi təminat kimi ortaya çıxır:
“Harada yaşamağından asılı olmayaraq, heç bir uşaq təhsildən kənarda qalmamalıdır. Üstəlik, Azərbaycan qanunvericiliyinə əsasən orta təhsil məcburidir və dövlət bu məsuliyyəti daşıyır”.

Şəmil Sadiq əlavə edib ki, bunun üçün mövcud “Təhsil haqqında” qanunda müəyyən dəyişikliklərə ehtiyac var, çünki hazırda distant təhsil rəsmi təhsil forması kimi tanınmır:

“Bir müəllim olaraq açıq deməliyəm ki, bir-iki şagirdin oxuduğu sinifdə nə canlı pedaqoji mühit formalaşır, nə də keyfiyyətli təlim mümkündür. Digər tərəfdən, 10–15 evdən ibarət kəndlərdə yerləşən, maddi-texniki bazası zəif olan məktəblərdə tədrisin səviyyəsi və müəllim potensialı çox zaman arzuolunan olmur. Peşəkar müəllimlərin şəhərlərə və rayon mərkəzlərinə can atması isə obyektiv reallıqdır. Bu vəziyyətdə ucqar kəndlərdə yaşayan uşaqların keyfiyyətli təhsilə çıxışını təmin etmək dövlət üçün əsas prioritet olmalıdır”.

O, nazirin səsləndirdiyi ideyanı prinsip etibarilə dəstəklədiyini qeyd edir. Əgər distant və ya hibrit model həmin uşaqlara daha güclü müəllimə və daha keyfiyyətli tədrisə çıxış imkanı yaradacaqsa, bu, ciddi üstünlükdür. Lakin proses yalnız virtual mühitlə məhdudlaşmamalıdır. Tam distant model uşaqlar üçün psixoloji və fiziki baxımdan yorucu ola bilər:

“Daha məqsədəuyğun variant hibrit təhsil modelidir. Məsələn, idman, texnologiya, əmək və praktiki bacarıq tələb edən fənlər məktəbdə, nəzəri dərslər isə distant formada təşkil oluna bilər. Bu kontekstdə Mustafa Kamal Atatürkün bir dövr tətbiq etdiyi “Köy İnstitutları” modeli də xatırlanmalıdır. Kəndin təbii mühiti, əkinçilik, maldarlıq, təsərrüfat fəaliyyəti, tədris prosesinə inteqrasiya edilirdi. Bu gün də nəzəri bilikləri distant təhsil vasitəsilə verib, praktiki bacarıqları yerində formalaşdırmaq mümkündür və məntiqli görünür”.

Distant təhsilin digər mühüm üstünlüyünü də xatırladan alim bildirir ki, bu həm də sosial və demoqrafik xarakter daşıyır. Uşaq ailəsindən ayrılmır, yaşayış məntəqəsi boşalmır, təhsil mərkəzə köçün əsas səbəbinə çevrilmir. Bu isə artıq təkcə təhsil məsələsi yox, ərazi siyasəti və təhlükəsizlik məsələsidir. Ucqar və sərhəd kəndləri qorumağın ən ağıllı yolu təhsili həmin ərazilərdə saxlamaqdır:

“Distant təhsil iqtisadi aspektdən də az əhəmiyyət daşımır. Dövlət eyni müəllimi eyni vaxtda bir neçə bölgəyə “çatdıra”, eyni dərsi yüzlərlə kilometr uzağa ötürə bilir. Məktəb binası, nəqliyyat, istilik, yataqxana və kadr yerləşdirmə xərcləri azalır. Büdcə yükü yüngülləşir, təhsilin əhatə dairəsi genişlənir. Ümumilikdə bu modeldə distant təhsilin dövlətə verdiyi qazanc yalnız iqtisadi deyil, həm də strateji və sosial xarakter daşıyır. Buraya infrastruktur xərclərinin optimallaşdırılması, ərazi boşalmasının qarşısının alınması, müəllim resurslarından səmərəli istifadə və rəqəmsal dövlət strategiyasının gücləndirilməsi daxildir”.

Şəmil Sadiq qeyd edib ki, distant təhsil məqsəd deyil, vasitədir. Keyfiyyətsiz məzmun, təsadüfi müəllim seçimi və nəzarətsiz platformalar bu modeli uğursuzluğa aparar. Uğur yalnız planlı, ölçülə bilən və dövlət nəzarəti altında qurulan distant təhsil sistemi ilə mümkündür:

“Dünyanın bir çox ölkələrində, Kanadanın şimal bölgələrində, Avstraliyanın səhralarında, Monqolustanın köçəri ərazilərində, məktəb tikmək fiziki baxımdan mümkün deyil. Amma təhsil də dayanmır. Dövlət sanki belə deyir: “Əgər məktəb bölgəyə gələ bilmirsə, müəllim evinizə gəlsin”. Bu, sadəcə “uşağı ekrana bağladıq” yanaşması yox, sistemli və düşünülmüş dövlət qərarıdır. Əlçatmaz ərazilərdə distant təhsil təhsilin zəifləməsi deyil, əksinə, dövlət ağlının və idarəetmə bacarığının güclənməsidir. Müasir dövlətdə məsafə və çətin şərait təhsilə bəhanə ola bilməz və olmamalıdır”.