Yeni imtahan qaydası: müəllim və şagirdlər üçün nə dəyişəcək?
2027-ci ildən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında xarici dil üzrə yazı bacarığının qiymətləndirilməsi yeni model əsasında həyata keçiriləcək. Yeni qaydalara əsasən, şagirdlər verilən mövzu və ya sual əsasında minimum 100 sözdən ibarət, bir abzas şəklində yazı yazmalı olacaqlar. Bu dəyişiklik şagirdlərin həm nəzəri biliklərinin, həm də fikirlərini yazılı şəkildə məntiqi, ardıcıl və əsaslandırılmış formada ifadə etmək bacarıqlarının qiymətləndirilməsini nəzərdə tutur.
Bəs məktəb və müəllimlər bu dəyişikliyə nə dərəcədə hazırdır? Mövcud tədris prosesi şagirdlərdə yazılı ifadə bacarıqlarının formalaşmasına imkan verirmi? Yeni model tədris metodlarına və qiymətləndirmə yanaşmalarına hansı təsirləri göstərə bilər?
Azərbaycan Dillər Universitetinin İngilis dilinin tədrisi metodikası kafedrasının baş müəllimi Hüzurə Ağayeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, hazırkı tədris proqramı və məktəblərdə tətbiq olunan qiymətləndirmə üsulları şagirdləri 2027-ci ildən gözlənilən yazı tapşırıqlarına müəyyən qədər hazırlasa da, bu hazırlığın səviyyəsi hər məktəbdə eyni deyil və bir sıra boşluqlar hələ də qalmaqdadır: “Ümumiyyətlə, mövcud proqramlarda kommunikativ yanaşma gücləndirilib, şagirdlərin fikrini yazılı ifadə etməsi, qısa esse, paraqraf yazıları və müxtəlif mətn növləri üzərində iş aparılması nəzərdə tutulur. Bu, yeni yazı tapşırıqlarının tələb etdiyi əsas bacarıqlara (fikri strukturlaşdırmaq, arqument qurmaq və yazıda ardıcıllığı saxlamaq) müəyyən baza yaradır. Lakin bu baza çox vaxt sistemli şəkildə dərinləşdirilmir. Əsas çatışmazlıqlardan biri yazının “proses” kimi deyil, “nəticə” kimi qiymətləndirilməsidir. Yəni şagirdlər çox vaxt planlama, qaralama yazma, redaktə etmə və yenidən yazma mərhələlərini kifayət qədər yaşamırlar. Halbuki 2027-ci ildən nəzərdə tutulan yazı tapşırıqları daha çox analitik düşüncə və mərhələli yazı bacarığı tələb edir”.
“Şagirdlərdə sərbəst yazı praktikası kifayət qədər deyil”
Mütəxəssis bildirir ki, şagirdlərin sərbəst yazı praktikası kifayət qədər deyil: “Dərslərdə daha çox qapalı tapşırıqlara və test yönümlü qiymətləndirməyə üstünlük verildiyindən qısa və ya uzun yazı yazmaq, cümlələr arasında məntiqi ardıcıllığı izləmək, fikri dəlillərlə əsaslandırmaq bacarığı zəif inkişaf edir. Nəticə olaraq demək olar ki, mövcud sistem müəyyən baza yaratsa da, 2027-ci ildən tətbiq olunacaq daha tələbkar yazı tapşırıqları üçün əlavə hazırlıq lazımdır. Xüsusilə yazının proses kimi öyrədilməsi, vahid qiymətləndirmə meyarlarının tətbiqi və sərbəst yazı praktikasının artırılması bu boşluqları azalda bilər. Buna, ilk növbədə, müəllim hazırlığı ilə başlamaq lazımdır”.
“Şagirdlərin yazı bacarığını inkişaf etdirmək üçün daha çox interaktiv metodlardan istifadə edilməlidir”
Müsahibimiz qeyd edir ki, şagirdlərin fikirlərini məntiqi və əsaslandırılmış şəkildə yazılı ifadə etmə bacarığını inkişaf etdirmək üçün müəllimlər ənənəvi “izah–tapşırıq–yoxlama” modelindən daha çox interaktiv və yazı yönümlü metodlara üstünlük verməlidirlər. Çünki bu bacarıq yalnız qayda öyrətməklə yox, davamlı yazı praktikası və düşünməni stimullaşdıran fəaliyyətlərlə formalaşır: “Şagirdlərin məntiqi və əsaslandırılmış yazı bacarığını inkişaf etdirmək üçün dərs prosesində daha çox interaktiv və proses yönümlü metodlardan istifadə edilməlidir. Tapşırıq əsaslı öyrənmə şagirdləri real kommunikativ situasiyalarda düşünməyə və yazmağa sövq edir. Yazı prosesi yanaşması isə şagirdə bir yazını mərhələlərlə hazırlamaq imkanı verir: ideya toplama, plan qurma, qaralama yazma və redaktə etmə. Bundan əlavə, qrup işi və bir-birinin yazısını qiymətləndirmə kimi fəaliyyətlər şagirdlərin həm tənqidi düşünməsini, həm də öz yazısına obyektiv yanaşmasını gücləndirir”.
H.Ağayevanın sözlərinə görə, yazı bacarığının buraxılış imtahanına daxil edilməsi tədris prosesində həm məzmun, həm də yanaşma baxımından ciddi dəyişikliklərə səbəb ola bilər: “Müəllimlər artıq yalnız qapalı test tapşırıqlarına fokuslanmır, şagirdlərin fikrini yazılı şəkildə ifadə etməsinə daha çox vaxt ayırmalı olurlar.
Birinci mühüm dəyişiklik şagirdlərin öyrənmə vərdişlərində görünür. Yazı imtahana daxil olduqda şagirdlər yalnız məlumatı yadda saxlamağa deyil, onu izah etməyə, əlaqələndirməyə və əsaslandırmağa öyrəşirlər. Bu isə tənqidi düşünmə, məntiqi ardıcıllıq və söz ehtiyatının aktiv istifadəsini gücləndirir. Eyni zamanda, şagirdlər “hazır cavab” modelindən uzaqlaşıb öz fikrini qurmağa daha çox çalışırlar.
İkinci təsir müəllimlərin dərs planlaşdırmasına aiddir. Müəllimlər daha çox yazı tapşırıqları verməyə, esse, qısa mətn, arqumentativ yazı və reflektiv yazı kimi fəaliyyətlərə yer ayırmağa məcbur qalırlar. Bu da dərsdə vaxtın bölüşdürülməsini dəyişir və qiymətləndirmə üsullarını daha çox rubrik və meyar əsaslı edir.
Test yönümlü yanaşmanın azalmasına gəldikdə, bu dəyişiklik potensial olaraq onu zəiflədə bilər, amma avtomatik şəkildə aradan qaldırmır. Əgər imtahanın strukturu yazıya real çəki verərsə, məktəblər də tədricən testdən daha balanslı qiymətləndirməyə keçə bilərlər. Lakin əgər test hissəsi yenə də dominant qalarsa, yazı sadəcə əlavə “komponent” kimi qalacaq və test yönümlülük tam azalmayacaq.
Başqa bir vacib məqam da odur ki, ilkin mərhələdə bu dəyişiklik bəzi çətinliklər yarada bilər: müəllimlərin yazı qiymətləndirmə təcrübəsi, vahid meyarların olmaması və siniflərin çoxluğu kimi amillər prosesi ləngidə bilər.
Nəticə etibarilə, yazı bacarığının buraxılış imtahanına daxil edilməsi tədrisi daha kommunikativ və düşünmə yönümlü edə bilər və uzunmüddətli perspektivdə testyönümlü yanaşmanı azalda bilər. Lakin bu effektin reallaşması imtahanın çəkisi, müəllim hazırlığı və qiymətləndirmə sisteminin vahidliyindən birbaşa asılıdır”.
Dilçi mütəxəssis xüsusilə vurğulayır ki, yazı bacarığı qısa müddətdə formalaşmır, illərlə mərhələli şəkildə inkişaf edən kompleks formalı bir kompetensiyadır: “Yazı bacarığının inkişafı uzunmüddətli prosesdir və məktəbdə erkən mərhələdən başlamalıdır. İbtidai siniflərdə şagirdlər sadə cümlələr qurmağı və fikirlərini qısa şəkildə ifadə etməyi öyrənirlər. Orta siniflərdə paraqraf qurmaq, fikirləri əsaslandırmaq və məntiqi əlaqələr yaratmaq bacarıqları inkişaf etdirilir. Yuxarı siniflərdə isə şagirdlər artıq esse yazmaq, arqument qurmaq və analitik düşüncəni yazıda ifadə etmək səviyyəsinə çatırlar. Bu mərhələli yanaşma yazı bacarığının davamlı və sistemli inkişafını təmin edir”.




