MDU-da turizm və innovativ texnologiyalar seminarı keçirilib

1 Oktyabr, 2026 - 17:55
MDU-da turizm və innovativ texnologiyalar seminarı keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir Regional Turizm İdarəsinin təşkilatçılığı ilə “Turizmin yüksək inkişaf dövründə innovativ texnologiyalardan istifadə və onun əhəmiyyəti” mövzusunda maarifləndirici seminar keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, seminarın əsas məqsədi turizm sahəsi üzrə təhsil alan tələbələrin sektorun müasir inkişaf tendensiyaları haqqında məlumatlılığını artırmaq, onları turizm sənayesində tətbiq olunan innovativ və rəqəmsal həllərlə tanış etmək, eləcə də gələcək peşə fəaliyyətləri üçün zəruri olan müasir yanaşmalar barədə biliklərini genişləndirmək olub.

Seminar zamanı turizm sektorunun müasir tələbləri, xidmət keyfiyyətinin və standartlarının yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması, rəqəmsallaşmanın turizm xidmətlərinin təşkili və idarə edilməsində yaratdığı yeni imkanlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, innovativ texnologiyaların turizm müəssisələrinin fəaliyyətinin daha çevik və səmərəli qurulmasına, xidmətlərin əlçatanlığının artırılmasına və turist təcrübəsinin təkmilləşdirilməsinə təsiri diqqətə çatdırılıb.

Müzakirələr zamanı turizm sahəsində rəqəmsal platformalardan istifadə, xidmətlərin elektron formada təqdim olunması, müasir informasiya texnologiyalarının tətbiqi və dəyişən istehlakçı tələblərinə uyğun yeni xidmət modellərinin formalaşdırılması kimi məsələlərə toxunulub.

Tələbələrə turizm sektorunda rəqabətqabiliyyətli mütəxəssis olmaq üçün nəzəri biliklərlə yanaşı, rəqəmsal bacarıqların, innovativ düşüncə tərzinin, kommunikasiya və müştəriyönümlü yanaşmanın inkişaf etdirilməsinin əhəmiyyəti barədə məlumat verilib.

Seminarda turizmin inkişafında dayanıqlı yanaşmaların əhəmiyyətinə də diqqət yetirilib. Resurslardan səmərəli istifadə, xidmət proseslərinin rəqəmsallaşdırılması, məsuliyyətli turizm yanaşmasının təşviqi və innovativ həllərin tətbiqi vasitəsilə daha çevik və dayanıqlı turizm mühitinin formalaşdırılmasının vacibliyi qeyd edilib. Bu istiqamətdə gənc mütəxəssislərin müasir bilik və bacarıqlara yiyələnməsinin turizm sektorunun gələcək inkişafına töhfə verən əsas amillərdən biri olduğu vurğulanıb.

İnteraktiv formatda davam edən seminar çərçivəsində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb. Sonda tələbələr turizm sektorunun inkişaf perspektivləri, innovativ texnologiyaların praktik tətbiqi, xidmət standartları və gələcək karyera imkanları ilə bağlı onları maraqlandıran sualları ünvanlayıblar. Mütəxəssislər tələbələrin suallarını cavablandırdılar və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Seminar tələbələrin turizm sənayesində baş verən yeniliklər barədə məlumatlılığının artırılmasına, müasir texnologiyaların peşə fəaliyyətində tətbiqi imkanlarının öyrənilməsinə və əmək bazarının dəyişən tələblərinə uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsinə töhfə verib. 

MDU-da turizm və innovativ texnologiyalar seminarı keçirilib
MDU-da turizm və innovativ texnologiyalar seminarı keçirilib
MDU-da turizm və innovativ texnologiyalar seminarı keçirilib
MDU-da turizm və innovativ texnologiyalar seminarı keçirilib