Direktor məktəbdəki nöqsanlara görə vəzifəsindən azad edildi

2 Oktyabr, 2026 - 10:46
Direktor məktəbdəki nöqsanlara görə vəzifəsindən azad edildi

Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən tabe təhsil müəssisələrində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, fəaliyyətin şəffaflıq prinsipləri əsasında qurulması, təhsil müəssisələrində təhsilin keyfiyyət səviyyəsinin öyrənilməsi, habelə vətəndaş və valideyn müraciətlərinin operativ şəkildə araşdırılması məqsədilə mütəmadi olaraq planlı və növbədənkənar yoxlama-nəzarət tədbirləri həyata keçirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.

Bu çərçivədə, Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilmişdir.

Qeyd olunan ümumi təhsil müəssisəsinin direktoru Rəfiyeva Ruhiyyə Fizuli qızı özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməmiş, müvafiq normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Regional Təhsil İdarəsinin qanuni təlimatlarının tələblərini pozmuşdur. Bunun nəticəsində müəssisədə təlim-tərbiyə prosesinin təşkili, əmək və icra intizamı qaydaları ciddi şəkildə pozulmuşdur.
Aşkar edilmiş qanun pozuntuları və qeyd olunan nöqsanlar əsas götürülərək, məktəbin direktoru R.F.Rəfiyeva ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilmişdir.

Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində idarəetmənin, həmçinin tədris prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilinin yoxlanılması məqsədilə sistemli nəzarət tədbirləri ardıcıl olaraq davam etdiriləcək və hüquqpozmalara yol verən şəxslər barəsində qəti intizam tədbirləri görüləcəkdir.