Prezident İlham Əliyev: Media mühiti sürətli transformasiyaya məruz qalır

21 Noyabr, 2025 - 11:42
Prezident İlham Əliyev: Media mühiti sürətli transformasiyaya məruz qalır

“Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib.

Prezident vurğulayıb ki, bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən D-8 Media Forumunun əsas vəzifələrindən biri doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.

İlham Əliyev müraciətdə daha sonra qeyd edib ki, Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir: “Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda, biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik”.