Prezident İlham Əliyev: Naxçıvan, azad olunmuş ərazilər vahid konsepsiya əsasında inkişaf etməlidir
“Bütövlükdə bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planlarının təsdiqləndiyini nəzərə çatdırıb:
“Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün”.
Prezident İlham Əliyev bunu da qeyd edib ki, dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək. Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib:
“Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik”.




