Prezident İlham Əliyev: Süni intellektdən məsuliyyətli istifadənin təmini üçün tədbirlər həyata keçirilir

15 May, 2026 - 16:39
Prezident İlham Əliyev: Süni intellektdən məsuliyyətli istifadənin təmini üçün tədbirlər həyata keçirilir

“Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edərkən bunu deyib.

Dövlət başçısı əlavə edib ki, ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır.

“Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir. Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir”.