Prezident: Rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir
"Bizim çoxlu istedadlı gənclərimiz var. İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu “Yüksəliş” proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir:
"Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir. Mən 22 ildir bu kürsüdəyəm. Bütün bu hadisələr mənim gözümün qabağında baş verir və həm yaxşı, həm də pis təcrübə, hamısı məndədir. Mən onun hamısını yaşamışam və bu da mənə bu gün bu sözləri deməyə imkan verir".
Prezident İlham Əliyev qeyd edib ki, kadr islahatı, elm-təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi - çünki bunlar olmasa, onda nadir hallarda hansısa istedadlı şəxs meydana gələ bilər:
"Cəmiyyətin ümumi intellektual səviyyəsi, bilik səviyyəsi yüksək olanda, orada, necə deyərlər, pleyadalar, belə istedadlı şəxsiyyətlər yaranır. Əlbəttə, hər birimiz ölkəmiz üçün ancaq yaxşı günlər arzulayırıq və verdiyiniz bu sual da çox vaxtında verilən sualdır. Bu da ayrıca bir danışığın, yəni söhbətin mövzusudur. Ancaq hesab edirəm ki, biz düzgün yoldayıq və islahatlar davam etdiriləcək".


