Psixoloji-tibbi-pedaqoji komissiyaların sayı niyə artırılır? - Rəsmi açıqlama
Bakıda Psixoloji-tibbi-pedaqoji komissiyaların sayı artırılıb.
Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Komissiyaların artımı paytaxt əhalisinin sayının çoxalması ilə izah edilib:
“Komissiyaların sayının artırılması Bakıda yaşayan uşaqların müvafiq təhsilə cəlbi prosesini asanlaşdırmağa imkan verəcək. Hazırda ölkə üzrə 68 rayon və şəhər üzrə Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir. Rayonlarda fəaliyyət göstərən PTPK-ların sayı əhalinin say tərkibinə uyğundur və bu say qənaətbəxş sayılır. Bakı şəhərində isə əhalinin çoxluğu ilə əlaqədar olaraq 2024-cü ildən etibarən komissiyaların sayı 3-dən 5-ə çatdırılıb”.
Qeyd edək ki, PTPK sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul etmək, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər vermək, mübahisəli məsələlərə baxmaq məqsədilə yaradılır.



