Qarabağ Universiteti ilə Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunur
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarixi, mədəni və mənəvi yaxınlığa, xalqlarımızın möhkəm dostluq və qardaşlıq bağlarına əsaslanır. Son illərdə bu münasibətlər hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi və ortaq dəyərlərə əsaslanan vizyonu sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, konkret layihələr və birgə təşəbbüslərlə sürətlə zənginləşir.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri bu münasibətlərin inkişafında mühüm mərhələ oldu. Səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması, müxtəlif sahələri əhatə edən sənədlərin qəbul edilməsi, yeni layihələrin açılışı və təməlqoyma mərasimləri iki qardaş ölkənin münasibətlərinin uzunmüddətli və strateji xarakterini bir daha təsdiqlədi.
Bu strateji tərəfdaşlığın mühüm dayaqlarından biri də təhsil və elm sahəsində əməkdaşlığın genişləndirilməsidir. Dövlət başçılarının birlikdə iştirakı ilə Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılışı bu sahəyə verilən yüksək önəmin göstəricisidir. Universitetin Azərbaycanın ali təhsil müəssisələri ilə mövcud əməkdaşlığı iki ölkənin təhsil əlaqələrinin artıq praktik müstəvidə inkişaf etdiyini göstərir.
Rektor bildirib ki, əməkdaşlığımızın digər mühüm rəmzi Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdir. Məktəb Azərbaycan–Özbəkistan qardaşlığının, eləcə də təhsil sahəsində qarşılıqlı əməkdaşlığın bariz nümunəsinə çevrilib. Nizami Gəncəvi adına Milli Pedaqoji Universiteti tərəfindən bu məktəbin müəllimləri və məzunları üçün Daşkənddə yaradılan təlim və təhsil imkanları əməkdaşlığın davamlılığını nümayiş etdirir.
Şahin Bayramov deyib: “Qarabağ Universiteti olaraq Türk dünyasının ali təhsil müəssisələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Hesab edirik ki, universitetlər arasında əməkdaşlığın genişləndirilməsi ortaq elmi potensialın gücləndirilməsi, tələbə və müəllim mübadiləsinin inkişafı, birgə tədqiqatların aparılması və Türk dünyasının ortaq dəyərlərinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığı prioritet istiqamətlərdən biri kimi nəzərdən keçiririk. Hazırda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitet ilə əməkdaşlığın qurulması üçün ilkin təmaslar və müzakirələr aparılır. Eyni zamanda, Daşkənd Dövlət Tibb Universiteti ilə də ilkin əlaqələr qurulub, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunur və konkret addımların atılması üçün hazırlıq işləri görülür.
Əminik ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı əldə olunan razılaşmalar Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlığın yeni mərhələyə keçməsi üçün də əlverişli zəmin yaradacaq. Azərbaycanda ali məktəb rektorlarının ikinci forumunun keçirilməsi ilə bağlı razılaşma bu baxımdan mühüm platformaya çevrilə və yeni akademik tərəfdaşlıqların formalaşmasına əlavə imkanlar yarada bilər”.
Rektorun sözlərinə görə, səfər zamanı Xankəndi şəhəri ilə Özbəkistanın Ürgənc şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokolun imzalanması isə şəhərlərarası əlaqələrin inkişafı baxımından əhəmiyyətli addım oldu. Bu münasibətlər gələcəkdə humanitar, mədəni və sosial istiqamətlərlə yanaşı, təhsil və elm sahəsində də yeni əməkdaşlıq imkanları yaradacaq. Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti bu baxımdan mümkün akademik əlaqələrin inkişafında potensial rola malikdir.
“Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi göstərir ki, ölkələrimizi yalnız ortaq tarix və mədəniyyət deyil, həm də ortaq gələcəyə dair baxışlar birləşdirir. İnanırıq ki, Qarabağ Universiteti olaraq biz Azərbaycan–Özbəkistan qardaşlığının daha da möhkəmləndirilməsinə və Türk dünyasının ali təhsil məkanında yeni akademik körpülərin qurulmasına əhəmiyyətli töhfəmizi verəcəyik. Hesab edirik ki, bu əməkdaşlıq gələcək nəsillərin daha sıx inteqrasiyasına, ortaq elmi-intellektual potensialımızın gücləndirilməsinə və xalqlarımız arasında dostluq bağlarının daha da möhkəmlənməsinə xidmət edəcək”, - deyə o əlavə edib.




