Qarabağ Universiteti süni intellekt fokuslu innovasiya mərkəzinə çevrilməyi hədəfləyir
“Bu gün Qarabağ Universitetində 50-yə yaxın ixtisas üzrə müasir məzmunlu ali təhsilli kadr hazırlığı həyata keçirilir. İnanırıq ki, burada hazırlanacaq gələcəyin müəllimləri, həkimləri, hüquqşünasları, iqtisadçıları, mühəndisləri, incəsənət və turizm mütəxəssisləri və digər peşə sahibləri Qarabağın dayanıqlı inkişafında, təhlükəsiz və cəlbedici yaşayış məkanına çevrilməsində mühüm rol oynayacaqlar”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov “AZƏRTAC”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Qarabağ Universitetin bu böyük missiyanın ayrılmaz tərkib hissəsidir:
“Universitetimiz elm, təhsil və innovasiya ekosisteminin inkişafı vasitəsilə işğaldan azad olunmuş ərazilərin davamlı tərəqqisinə töhfə verməyi prioritetlərindən biri hesab edir”.
Rektor vurğulayıb ki, universitetin fəaliyyət istiqamətləri yalnız kadr hazırlığı və tədris prosesi ilə məhdudlaşmır:
“Belə ki, Qarabağ Universiteti dayanıqlı inkişaf üçün elmi əsasların yaradılmasına xidmət edən tədqiqatların aparılmasını, müvafiq innovativ həllərin hazırlanmasını, yaşıl inkişaf, rəqəmsal transformasiya və süni intellekt fokuslu innovasiya mərkəzinə çevrilməyi hədəfləyir. Güclü dövlət dəstəyi, yüksəkixtisaslı akademik heyətin qlobal vizyonu, yenilikçi tələbə gənclərin enerjisi, çevik universitet-sənaye əməkdaşlığı və yerli icma ilə fəal ünsiyyət qeyd olunan hədəflərə çatmaq üçün mühüm baza formalaşdırır”.



