Qarabağ Universitetində bu ixtisaslar beynəlxalq akkreditasiyadan keçib
Qarabağ Universiteti beynəlxalq keyfiyyət təminatı və qlobal tanınma istiqamətində mühüm nailiyyətə imza atıb. Universitetin Biznes və iqtisadiyyat fakültəsinin “Mühasibat” və “Maliyyə” ixtisasları dünyanın ən nüfuzlu peşəkar maliyyə qurumlarından biri olan ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən akkreditə olunub.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, bu akkreditasiya Qarabağ Universitetində hər iki ixtisas üzrə tədris olunan proqramların akademik məzmununun, təlim nəticələrinin və qiymətləndirmə mexanizmlərinin ACCA-nin beynəlxalq standartlarına tam uyğun olduğunu təsdiqləyir.
Akkreditasiya çərçivəsində “Mühasibat” və “Maliyyə” ixtisasları üzrə gələcək məzunlar 5 il müddətində ACCA-nin imtahanlarından (Business and Technology, Management Accounting, Financial Accounting, Corporate and Business Law) azad olunacaqlar.
Bu mühüm üstünlük tələbələrimizə beynəlxalq peşəkar sertifikatlaşma yolunda vaxt və resurslara qənaət etməklə yanaşı, onların qlobal əmək bazarında rəqabətqabiliyyətini əhəmiyyətli dərəcədə artırır.
ACCA akkreditasiyası Qarabağ Universitetinin beynəlxalq ali təhsil məkanına inteqrasiyasını gücləndirməklə yanaşı, tələbələrimiz üçün qlobal tanınma, geniş karyera imkanları və beynəlxalq maliyyə institutlarında çalışma perspektivləri yaradır.
Qeyd edək ki, Qarabağ Universitetində tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələr üçün qlobal imkanların açılması istiqamətində fəaliyyətlərə xüsusi önəm verilir.


