Qarabağ Universitetinin tələbələri olimpiadada qalib olublar

18 İyun, 2026 - 13:42
Qarabağ Universitetinin tələbələri olimpiadada qalib olublar

Qarabağ Universitetinin tələbələri ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Vergilər” mövzusunda ümumrespublika olimpiadasında yüksək nəticələr əldə ediblər. Elm və Təhsil Nazirliyi və Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində təşkil olunan olimpiadanın final mərhələsi Dövlət Vergi Xidmətinin Şamaxı şəhərində yerləşən Tədris Mərkəzində keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, final mərhələsində 59 tələbə iştirak edib və nəticələrə əsasən qaliblər müəyyənləşdirilib. Qarabağ Universitetinin tələbəsi Əli Yusibov birinci, Əbdülkərim Babayev isə ikinci yerə layiq görülüb.

Qalib tələbələr diplom və hədiyyələrlə təltif olunublar. Eyni zamanda, universitet nümayəndələrinə diplomlar, digər iştirakçılara isə sertifikat və hədiyyələr təqdim edilib.

Olimpiadanın keçirilməsində əsas məqsəd tələbələr arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, vergi sahəsinə marağın artırılması, bu istiqamətdə bilik və bacarıqların inkişaf etdirilməsidir. Bununla yanaşı, təşəbbüs gənclərin vergi sistemi və qanunvericiliyi barədə məlumatlılığının artırılmasına, analitik düşünmə və peşəkar bacarıqlarının gücləndirilməsinə, gələcəkdə isə bu sahə üzrə ixtisaslaşmış insan kapitalının formalaşmasına töhfə verməyi hədəfləyir.

Ümumrespublika olimpiadasında ölkənin 29 ali təhsil müəssisəsindən ümumilikdə 352 tələbə iştirak edib. İştirakçılar vergi sistemi və vergi qanunvericiliyi üzrə hazırlanmış test suallarını cavablandırıblar.