Qarabağ Universitetinin tələbələri təqaüdlü təcrübə proqramında iştirak edəcəklər
23 iyun 2026-cı il tarixində Qarabağ Universiteti ilə Bakı Fond Birjası (BFB) arasında təhsil, elm və praktiki əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandum imzalanıb. Həmçinin Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün kapital bazarları və investisiya mövzusunda növbəti maarifləndirici seminar keçirilib.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
Bildirilib ki, memorandumun əsas məqsədi tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbələrin kapital bazarları sahəsində nəzəri və praktiki biliklərinin artırılması, eləcə də onların peşəkar inkişafına dəstək göstərilməsidir.
Əməkdaşlıq çərçivəsində tərəflər birgə konfransların, seminarların, layihələrin və digər elmi-praktiki tədbirlərin təşkili istiqamətində fəaliyyət göstərəcəklər. Həmçinin Qarabağ Universitetinin tələbələrinin Bakı Fond Birjasında təcrübə proqramlarında iştirakına dəstək veriləcək, “Karyera günləri” təşkil olunacaq və mentorluq proqramları həyata keçiriləcəkdir.
Memorandumun ilk nəticələrindən biri olaraq, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin dörd tələbəsi 2026-cı ilin iyul ayında Bakı Fond Birjasında təqaüd əsaslı təcrübə proqramında iştirak etmək imkanı qazanıb.
İmzalanan memorandum tələbələrin real iş mühiti ilə yaxından tanış olmasına, fond bazarının fəaliyyəti, investisiya alətləri və müasir maliyyə bazarlarının iş prinsipləri ilə bağlı praktiki biliklər əldə etməsinə və gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
Eyni zamanda, bu əməkdaşlıq universitet-sənayə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək.




