Qaranlığa işıq saçan barmaqlar: Görmə məhdudiyyətli uşaqların hekayəsi – VİDEO
Reportaj üçün üz tutduğumuz məktəbdə ilk həmsöhbətlərimiz elə uşaqların özləri oldu. İkinci və üçüncü sinif şagirdləri balaca olduqları qədər də cəsarətlidirlər. Onlardan biri həkim, digəri riyaziyyat müəllimi, başqa biri isə maşın ustası olmaq istəyir. İlk baxışdan bu arzular hər bir məktəbdə eşidilən adi uşaq xəyalları kimi görünə bilər. Amma bu xəyalların sahiblərinin hekayəsi fərqlidir. Çünki bu arzular məhdudiyyət tanımayan, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdlərinə məxsusdur.
Bu məktəbdə dünyanı görmək üçün gözlərdən çox barmaqlar işə düşür. Uşaqlar bir səslə istiqamət tapır, toxunuşla formaları tanıyır, hər addımda həyatın yeni bir detalını kəşf edirlər. Tədris burada ən fundamental bacarıqlardan başlayır: addımlamaq, istiqaməti müəyyən etmək, öz yeməyini sərbəst yemək… bunların hər biri özünəgüvən hissini formalaşdıran kiçik, amma taleyüklü addımlardır.
İnternatın balaca sakini Fəxrimin arzusu…
İkinci sinif şagirdi olan Fəxrim deyir ki, təhsil almaq üçün buraya Gəncədən gəlib. İki həftədən bir evlərinə gedir. O, böyüyəndə müğənni olmaq istəyir. Çünki anası ona səsinin çox gözəl olduğunu deyib. Balaca həmsöhbətimiz deyir ki, məktəbdə qalır və burada çoxlu dostları var:
“Anam mənə deyir ki, səsin çox gözəldir, böyüyəndə müğənni ol. Mənim həmişə onun üçün oxuduğum bir mahnım da var. Oxuyum?”, – deyə həyəcanla soruşur.
Amma həyəcanı o qədər idi ki, həmin mahnını heç cür xatırlaya bilmədi. Biz isə eşitməsək də, onun ifasının gözəl olacağına əmin idik.
“Əvvəlcə sosiallaşma və ünsiyyət bacarıqlarını formalaşdırırıq”
Sinifdə müəllimlərin şagirdlərlə işi daha çox əllərin, barmaqların üzərində qurulub. İbtidai sinif müəllimi Şəhla İmanova bildirir ki, məktəbəqədər hazırlıq keçməyən uşaqlar məktəbə gələndə ilk mərhələ onların yeni mühitə uyğunlaşdırmaqdır:
“Əvvəlcə sosiallaşma və ünsiyyət bacarıqlarını formalaşdırırıq. Sonra uşaqların IQ səviyyəsini müəyyənləşdirir, hər birinə fərdi yanaşma planı qururuq. Görmə məhdudiyyətli uşaqlar üçün toxunma fəaliyyəti çox vacibdir. Buna görə ilk günlərdən əllərin və barmaqların inkişafı üzərində işləyirik. Dəri hissiyyatını oyadırıq ki, uşaq toxunduğu əşyanı daha tez dərk edə bilsin”.
Bu hazırlıq mərhələsindən sonra uşaqlar nöqtələrin kombinasiyasını tanımağa başlayır. Onların ilk “əlifba”sı altı nöqtədən ibarət sadə bir lövhədir. Bəzən hətta düyü və ya noxud dənələri belə bir dərs materialına çevrilir. Şəhla müəllim Brayl yazısının tədrisini belə izah edir:
“Hərflər altı nöqtə kombinasiyasına yerləşir. Dəmirdən hazırlanmış “pribor” və “grifil” adlanan xüsusi alətlərdən istifadə edirik. Uşaq nöqtələrin mövqeyini mənimsədikdən sonra yazı alətlərinə, daha sonra isə kitab oxumağa keçir. Toxunma duyğusu inkişaf etdikcə mətni sərbəst oxuya bilir”.
Bu məktəb Şəhla müəllim üçün yalnız iş yeri deyil. O, vaxtilə bu siniflərdə təhsil alıb və indi özü başqalarının dünyasını işıqlandırır. Elə burada çalışan müəllimlər arasında da bir zamanlar onun şagirdi olmuş insanlar var.
Hazırda məktəbdə 315 şagird təhsil alır, onlardan 106-sı internatın sakinləridir. İnternatda ikinci növbədə çalışan tərbiyəçilər uşaqlara həm təhsildə, həm də gündəlik bacarıqların formalaşdırılmasında dəstək olurlar.
“Onlara sadəcə tapşırıq yox, həyat bacarıqları öyrədirik”
Artıq 11 ildir ki, burada çalışan tərbiyəçi Dürrə Hüseynli uşaqlarla gündəlik fəaliyyətlərdən danışır:
“Bizim əsas işimiz ev tapşırıqlarının həllində onlara kömək etmək ilə yanaşı, ilkin bacarıqlarını və sosiallaşma qabiliyyətlərini formalaşdırmaqdır. Dərsdən sonra əl işləri hazırlayır, müxtəlif bacarıq inkişafı fəaliyyətləri həyata keçiririk. Bəziləri musiqi dərnəyinə, bəziləri tətbiqi sənət və folklor dərnəklərinə qatılır. Çoxu ilk gəldikdə istiqaməti müəyyən edə bilmir, amma qısa zamanda öyrənirlər”.
Uşaqlarda yemək, diş fırçalama, yataqxanada özünüidarəetmə kimi gündəlik vərdişlərin formalaşması tərbiyəçilərin ən çox diqqət yetirdiyi istiqamətlərdir.
Hər kəs öz istedadını tapır
Məktəbdə günün ikinci yarısında xüsusi bir canlanma hiss edilir. Bəziləri əl işləri hazırlayır, bəziləri musiqi alətlərində məşq edir. Bu uşaqlar bəzən sadəcə sinif yoldaşı deyil, bir ansamblın üzvü olurlar.
Görmə məhdudiyyətli uşaqlarda musiqi duyumu çox zaman daha güclü olur. Elə buna görə də məktəbin həyətində yerləşən Gözdən əlil uşaqlar üçün 38 nömrəli 11 illik musiqi məktəbi onlar üçün xüsusi bir məkandır. Burada internatın 315 şagirdindən 156 nəfəri musiqi təhsilinə cəlb edilib.
Tar müəllimi İmaməli İmaməliyev artıq 45 ildir ki, buradakı uşaqlara musiqinin sirlərini öyrədir:
“Burada tar, kamança, qarmon, nağara, kanon, fortepiano, skripka və xor dərsləri tədris olunur. Tələbələr internat məktəbindən gəlir və onların ilkin musiqi qabiliyyətini yoxladıqdan sonra yönləndiririk. Görmə məhdudiyyətli uşaqlarla işləmək çətin olsa da, çoxu görən uşaqlardan daha istedadlı olur. Onların arasında Prezident mükafatçıları, müsabiqə qalibləri, ali məktəblərdə oxuyanlar var”.
Bu məktəbin bir çox müəllimləri də bir zamanlar burada şagird olub, indi isə öz bilik və təcrübələrini yeni nəslə ötürürlər.
“Bu uşaqlar dünyanı başqa cür görürlər”
Məktəbin həyətində addımlayan şagirdlər müəllimlərinin müşayiəti ilə müxtəlif fəaliyyətlərlə məşğul olurlar.
Bir neçə uşaq səs-küy ilə balaca dovşan balasını sığallayır, bəziləri isə yerə tökülmüş ağac qozalarını toplayaraq əl işi hazırlamağa çalışırlar. Balaca bir qız isə bir gül budağının, hər yarpağa toxunaraq onu hiss etməyə çalışır. Onlar həyatı addım-addım hiss edərək tanıyırlar.
Təhsil onlara gözlə görünməyən, amma qəlblərlə hiss olunan bir güc verir: öz yollarını tapmaq gücü.



