Qayıdış hüququ haqqında layihənin ilk təlim görüşləri keçirilib

26 Yanvar, 2026 - 15:27
Qayıdış hüququ haqqında layihənin ilk təlim görüşləri keçirilib

25 yanvar 2026-cı il tarixində Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Dövlət Universiteti və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qayıdış hüququ: Hüquqi simulyasiya və debat forumu” fərdi qrant layihəsi çərçivəsində ilk təlim görüşləri təşkil olunub.

Təlim görüşləri layihə rəhbəri Əli Süleymanovun açılış çıxışı ilə başlayıb. Çıxış zamanı layihənin məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, eləcə də hüquqi simulyasiya və debat formatının gənclərin hüquqi biliklərinin artırılmasına, analitik düşüncə və çıxış bacarıqlarının inkişafına töhfəsi barədə məlumat verilib.

Layihə çərçivəsində keçirilən ilk təlim görüşü siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Gülgün Quliyevanın təqdimatında baş tutub. Təlim zamanı Gülgün Quliyeva Qərbi Azərbaycan tarixi reallığı, regionun ictimai-siyasi yaddaşda yeri, mövzuya elmi yanaşmanın əhəmiyyəti və bu istiqamətdə gənclərin maarifləndirilməsinin vacibliyi barədə geniş məlumat verib. O, tarixi faktların düzgün təhlilinin hüquqi müzakirələrdə əsaslandırılmış mövqelərin qurulmasına birbaşa təsir etdiyini vurğulayıb. Təlim görüşü interaktiv formatda davam etdirilib, tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların yanaşmaları real nümunələr üzərindən müzakirə olunub.

Təlim görüşü Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin direktoru, siyasi elmlər doktoru Xalid Niyazovun çıxışı ilə davam edib. Çıxışında Xalid Niyazov görüş gününün simvolik əhəmiyyətinə toxunaraq, “Qayıdış” konsepsiyasının formalaşması və ictimai-siyasi diskursda dərinləşməsi baxımından mühüm məqamları diqqətə çatdırıb. O, “Qayıdış” konsepsiyasının yaranmasının üçillik inkişaf proqramı çərçivəsində keçdiyi mərhələlər, mövzu üzrə institusional yanaşmalar və gənclərin bu prosesdə rolunun əhəmiyyəti barədə ətraflı məlumat verib. Eyni zamanda, Xalid Niyazov “Qayıdış hüququ”nun beynəlxalq hüquq müstəvisində yeri, hüquqi arqumentlərin formalaşdırılmasında əsas istinad nöqtələri, eləcə də debat və simulyasiya proseslərində istifadə olunan arqumentasiya üsulları barədə iştirakçılara praktiki izahlar təqdim edib. Təlimin bu hissəsi də interaktiv şəkildə davam etdirilib, tələbələrin sualları cavablandırılıb və mövzu üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, “Qayıdış hüququ: Hüquqi simulyasiya və debat forumu” layihəsinin əsas məqsədi gənclər arasında hüquqi biliklərin artırılması, hüquqi düşüncə və debat mədəniyyətinin təşviqi, eləcə də simulyasiya formatı vasitəsilə iştirakçıların praktiki bacarıqlarının inkişaf etdirilməsidir.

Layihənin növbəti mərhələsi olaraq, 29–30 yanvar 2026-cı il tarixlərində Bakı Dövlət Universitetində “Qayıdış hüququ” Forumu keçiriləcək. Forum çərçivəsində hüquqi simulyasiya sessiyaları və debat müzakirələrinin təşkili nəzərdə tutulur.