Qazaxıstan əcnəbi tələbələrinin sayını 5 dəfə artıracaq - Nazir
Qazaxıstan universitetlərində əcnəbi tələbələrin sayı son illərdə sürətlə artıb və ötən il 31500 nəfərə çataraq rekord həddə yüksəlib. Bununla belə, elm və ali təhsil naziri Sayasat Nurbekin sözlərinə görə, ölkədə daha iddialı planlar da gündəmdədir: üç il ərzində 150 min beynəlxalq tələbəni cəlb etmək. Bu rəqəm isə hazırkı göstəricidən beş dəfə çoxdur.
“Azərbaycan müəllimi” Qazaxıstanın ali təhsil sahəsində beynəlmiləlləşmə təcrübəsinə nəzər salır.
Ölkədə əcnəbi tələbə sayının artırılması üzrə hədəf cari ildə yüksəldilib. Əvvəlki plan 2028-ci ilə qədər 100 min əcnəbi tələbənin ölkənin ali təhsil müəssislərində təhsilə cəlb olunması idi. Lakin son bir neçə ildə rekord sayda beynəlxalq tələbə qəbulundan sonra rəqəmlər yenidən nəzərdən keçirilib.
“Həyatda bir dəfə əldə olunan pəncərə”
“University World News” nəşrinə geniş müsahibə verən Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bildirib ki, hökumət ənənəvi beynəlxalq təhsil istiqaməti olan ölkələrin viza siyasətlərinin sərtləşdirilməsinin yaratdığı fürsətdən yararlanmaq istəyir. “Bizim bu qədər tələsik olmağımızın səbəbi odur ki, fürsət pəncərəsi istənilən an bağlana bilər”, – deyən nazir beynəlxalq tələbələri cəlb etmək imkanını “həyatda bir dəfə əldə olunan pəncərə” adlandırıb.
O qeyd edib ki, Kanada, Şimali Amerika, Böyük Britaniya, Avropa və Avstraliya kimi ölkələr birdən-birə daha sərt viza siyasəti tətbiq etmək qərarına gəliblər. Nazir bu siyasət nəticəsində daha az əcnəbi tələbənin adıçəkilən ölkələrə üz tutduğunu bildirib. Onun sözlərinə görə, amma bu vəziyyət yenidən dəyişə bilər
“Son nümunə ABŞ-dir. ABŞ hökuməti ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulan “H-1B” vizasına 100 min ABŞ dolları məbləğində rüsum tətbiq edib. Bununla yanaşı, Avrasiya-Asiya regionunun demoqrafik vəziyyəti kimi digər amillərlə birlikdə “hazırda çox böyük transmilli təhsil bazarı formalaşır. Təkcə Avrasiya regionunda, Çini nəzərə almadan, bir milyarddan çox gəncin yaşadığını düşünün”.
Çoxsaylı tələb və artan təhsil ehtiyaclarına işarə edən Sayasat Nurbek bir çox ölkələrdə “daimi təzyiq altında olan yeni akademik infrastruktur”a ehtiyac duyulduğunu və bu ehtiyacın artmaqda olduğunu bildirib. “Biz də düşünürük ki, bu genişlənən bazardan yararlana bilərik”.
O, eyni zamanda, alıcılıq qabiliyyətinin artdığını və buna uyğun olaraq beynəlxalq tələbələrin sayının yüksəldiyini qeyd edib. Nazir Birləşmiş Ərəb Əmirliklərini (tələbələrin 75%-i beynəlxalq tələbələrdir) və Qətəri (tələbələrin 40%-I əcnıəbidir) nümunə kimi göstərib.
Regiona daha yaxın olan amillərə gəlincə, o bildirib: “Daha yaxın ərazidə münaqişə var və Rusiya artıq akademik mobillik üçün üstünlük verilən mərkəz deyil” Əvvəllər Orta Asiya ölkələrindən Rusiyaya axın olduğunu xatırladan N.Sayasat deyib: “Tariximizdə ilk dəfə 3,000-dən çox rusiyalı tələbə və 2 min çinli tələbə Qazaxıstana gəlib. Bu ölkələrdən ali təhsil üçün Qazaxıstana heç vaxt tələbə gəlmirdi”.
Filial kampusları
Nazir Qazaxıstanda son beş ildən az müddətdə yaradılmış beş tamhüquqlu əcnəbi filial kampusunu və Qazaxıstan universitetləri ilə xarici ali məktəblər arasında 40 birgə proqram tərəfdaşlığını xatırladıb. “Bu, çox yaxşı nəticədir. Proses sürətlə davam edir”, – deyə o bildirib. Bu 40 filialın təxminən 20-si artıq fəaliyyət göstərir, daha 10-u bu il açılır və altısı 2026-cı ilə planlaşdırılır.
Beş tamhüquqlu filial kampusuna Böyük Britaniyanın Kardiff Universiteti (keçən ay açılıb), Astanadakı Koventri Universiteti, Almatıda Montfort Universiteti, sentyabr ayında Türküstan bölgəsində açılan Cənubi Koreyanın Vusonq Universiteti və Taldıkorğanda filialı açılacaq olan İtaliyanın Marke Politexnik Universiteti daxildir.
Bu filiallara dövlət tərəfindən torpaq ayrılıb və vergi güzəştləri edilib, özəl şirkətlərlə tərəfdaşlıq isə ən müasir kampusların tikintisini mümkün edib.
Digər qurumlar, məsələn, KAIST və Böyük Britaniyanın Qlazqo Universiteti Qazaxıstanda tərəfdaş universitetlərdə fəaliyyət göstərir.
Nazir qeyd edib ki, Qazaxıstanda Arizona Universitetinin iki kampusu olacaq; birincisi artıq fəaliyyət göstərir. Arizona State University isə ölkənin başqa bölgəsində iki kampus açacaq. ABŞ-nın Kolorado School of Mines Universiteti də mədən bölgəsinin mərkəzində ilk xarici kampusunu açacaq. Bundan əlavə, Exeter Universitetinin Camborne School of Mines İnstitutu da kampus açmağı planlaşdırır.
Əcnəbi tələbələr Qazaxıstan iqtisadiyyatına 55 milyon dollar gəlir gətirib
Sayasat Nurbek qeyd edib ki, bir çox ölkələrdə əsas gəlir mənbələrindən biri məhz xarici tələbələrdir. Nazirin sözlərinə görə, 2024-cü ildə xaricdən gələn 31500 tələbə Qazaxıstan iqtisadiyyatına 30 milyard tengədən (55.5 milyon ABŞ dolları) çox gəlir gətirib və 40 min iş yeri yaradıb, bütün bunlar ölkənin regionda “orta səviyyəli güc”ə çevrilmək strategiyasının bir hissəsidir. “Sadəcə brendinqin özü… bizə 31.500 tələbə gətirdi”, – deyə o bildirib.
Hazırda ali təhsil sistemində 700 min yerli tələbənin olduğunu nəzərə alsaq, əcnəbi tələbələr ümumi sayın cəmi 5%-ni təşkil edir. “Deməli, biz hələ 150 min tələbəyə qədər artım üçün yerə malikik, bu, təxminən 20-25% əcnəbi tələbə deməkdir. Amma biz bu həddi 30%-lə məhdudlaşdıracağıq ki, xarici tələbələrdən çox asılı olmayaq”, – deyə nazir əlavə edib. O, əsas bazarların Yaxın Şərq, Rusiya, Pakistan, Hindistan, Vyetnam və İndoneziya olduğunu bildirib. Pakistanla əlaqələrin çox yaxşı nəticə verdiyini deyən nazir əlavə edib ki, hazırda Çin, Monqolustan və Azərbaycan kimi ölkələrdən tələbələri cəlb etmək üçün də işlər aparılır.
Əcnəbi tələbələrin ən böyük qrupunu 12 mindən çox sayla hindli təşkil edir və onlar xüsusilə tibb proqramlarına maraq göstərirlər. İlk dəfə olaraq Asiyadan gələn tələbələrin sayı MDB ölkələrindən gələnləri üstələyib.
Çətinliklər
Nazir əcnəbi tələbələrin yerləşdirilməsi yolunda mövcud maneələrdən də danışıb. Onun sözlərinə görə, sürətli genişlənmə fonunda bəzi problemlər də yaranıb. Əsas çətinliklərdən biri tələbə yataqxanalarının çatışmazlığıdır. Yerli “EnergyProm” analitik agentliyinin avqust ayında dərc etdiyi hesabatda tələbə yataqxanalarının ciddi qıtlığı, yeni tikililərin isə ehtiyac olan bölgələrdə inşa edilmədiyi vurğulanıb.
Orta hesabla, bu il ölkə üzrə bölgələrdən gələn tələbələrin cəmi 40%-ə yaxını yataqxana ilə təmin edilib, bəzi bölgələrdə vəziyyət daha pisdir.
Hesabatda deyilir: “Hətta nisbətən yaxşı təmin olunan ərazilərdə belə çox sayda tələbə baha və çox vaxt standartlara cavab verməyən mənzilləri kirayəyə götürməyə məcburdur”. Proqnozlara görə, tələbə axınının artması ilə bu problem daha da kəskinləşəcək.
Sayasat Nurbek etiraf edib ki, infrastruktur ən böyük məhdudiyyətdir. Lakin o, özəl şirkətlərin resurslarından istifadə etməklə və dövlət maliyyəsini birləşdirməklə vəziyyətin yaxşılaşdırıldığını bildirib. Nazirliyin məlumatına görə, 2025-ci il üçün 6,238 yataqxana yeri çatışmazlığı mövcuddur.
Bununla belə, Qazaxıstana axının gələcəkdə yavaşıya biləcəyi qeyd olunur. Əvvəllər nazirlik tərəfdaş universitetləri çox fəal şəkildə axtarırdı. Hazırda bir neçə filial layihəsi yekunlaşma mərhələsindədir və regionun böyük gənc əhalisini nəzərə alsaq, Qazaxıstan “doyma nöqtəsindən” uzaqdır. Lakin nazir deyib ki, bu mərhələdə yalnız dünyanın ən yaxşı universitetləri ilə əməkdaşlıq planlaşdırılır.
Yerli universitetlərin inkişafı
Qazaxıstanda 20-dən çox regional universitet xarici tərəfdaşlarla tələb olunan laboratoriyalar və digər infrastruktur tələblərini ödəmək üçün Mükəmməllik Mərkəzləri Proqramı çərçivəsində əlavə maliyyələşmə alır. Lakin nazir Nurbek Sayasat etiraf edib ki, xarici universitetlərə diqqət yönəldilməsi yerli universitetlərlə gərginlik yaradır.
Bununla belə, məqsəd “dövlət universitetlərini tədqiqat yönümlü universitetlərə çevirməkdir”. Bunun üçün xarici tərəfdaşlarla birgə magistratura və doktorantura proqramlarının yaradılması təşviq edilir.
Edinburqdakı Heriot-Watt Universitetinin Qazaxıstandakı ilk kampusu Zhubanov Universiteti ilə əməkdaşlıq çərçivəsində əsasən mühəndislik ixtisasları təklif edilir.
Bu universitetlər “yerli tərəfdaş universiteti beynəlxalq tədqiqat yönümlü ali məktəbə çevirmək öhdəliyini” daşıyır. Nazir bildirib ki, “fakultə inkişafı proqramı” çərçivəsində birgə tədris olunan bölünmüş (split) magistr və PhD proqramları yaradılır və bununla maliyyə yükü də bölüşdürülür.
Bolashak Təqaüd Proqramı (xaricdə təhsil) üçün ayrılan vəsaitlər gələn ildən etibarən xarici tərəfdaş universitetlərlə birgə proqramlarda iştirak edən qazaxıstanlı tələbələrə yönəldiləcək. “Bolashak təqaüdlərinin müəyyən hissəsi “fakultə inkişafı proqramlarına” yönləndiriləcək və biz eyni vəsaitlə daha çox iş görə biləcəyik. Tələbələr Bolashak təqaüdü hesabına tərəfdaş universitetdə bir il təhsil ala biləcəklər. Bu yolla tərəfdaşlarımızın nəzarəti altında kifayət qədər PhD hazırlamaq və onların sonradan sıravi müəllim, daha sonra isə burada filial kampuslarında (Qazaxıstanda) baş müəllim olmasını təmin edəcəyik”,-deyə nazir bildirib. Nazir bu inteqrasiya modelinin “yerli universitetlərlə xarici tərəfdaşlar arasında əlaqəni möhkəmləndirmək üçün çox effektiv vasitə” olduğunu vurğulayıb: “Böyük ehtimalla tərəfdaş universitetlər bu bölünmüş dərəcə proqramlarını tədqiqat əməkdaşlığı və müəllimlərin inkişafı üçün istifadə edəcəklər”. O əlavə edib: “Biz bu maliyyə alətindən istifadə edərək mümkün qədər çox yüksək səviyyəli PhD proqramı açacağıq”.



