Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni layihəyə start verilir

8 Oktyabr, 2026 - 10:59
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni layihəyə start verilir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin intellektual inkişafını təmin etmək və gələcək karyera seçimlərinə dəstək olmaq məqsədilə ölkənin uğurlu və təcrübəli şəxsləri ilə görüşləri əhatə edən “Mentor Talks” layihəsinə start verilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində təşkil olunacaq ilk görüş “Peşə təhsilindən sahibkarlığa: gənclər üçün imkanlar və dövlət dəstəyi” mövzusuna həsr olunacaq. Tədbir öz biznesini qurmaq istəyən, fərqli biznes ideyası olub haradan başlayacağını bilməyən və gənclər üçün mövcud dövlət dəstəyi proqramları ilə maraqlanan bütün tələbələr üçün böyük fürsətdir.

Görüş mütəxəssislərlə birbaşa dialoq formatında keçiriləcək və iştirakçılar aşağıdakı istiqamətlərdə faydalı məlumatlar əldə edəcəklər:
• Şəxsi biznesi qurmaq üçün ilkin mərhələdə nələrə diqqət yetirməli;
• Gənclər üçün mövcud olan dövlət dəstəyi mexanizmləri və maliyyə qaynaqları;
• Qəbələ DPTM, KOBİA və Dövlət Məşğulluq Agentliyinin tələbələr üçün təqdim etdiyi xüsusi imkanlar;
• Peşə təhsilindən uğurlu sahibkarlığa gedən yolun əsas prinsipləri;
• Tələbələri maraqlandıran sualların birbaşa sahə mütəxəssisləri tərəfindən cavablandırılması.

Tədbirin spikerləri: Qalib Nəbiyev – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, Afşin Əfsərbəyli – KOBİA Qəbələ-Oğuz rayonları üzrə KOB Dostu, Ramil İsayev – Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının Qəbələ rayon xidmət şöbə müdiri.

Görüş 09 oktyabr 2026-cı il tarixində, saat 10:00-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində baş tutacaq.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni layihəyə start verilir