Qəbələdə gənclər üçün aqroturizm mövzusunda seminar keçiriləcək
Fevralın 23-də saat 11:00-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində gənclər üçün “Qeyri-neft sektorunun inkişafında aqroturizmin əhəmiyyəti və turizm potensialı olan kənd təsərrüfatı modelləri” mövzusunda seminar təşkil olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, seminar zamanı iştirakçılar aqroturizmin inkişaf perspektivləri barədə ətraflı məlumat əldə edəcək, kənd turizminin iqtisadi və sosial faydaları ilə tanış olacaq, həmçinin turizm potensialı olan kənd təsərrüfatı modelləri haqqında biliklərini artıracaqlar.
Tədbir “Premier Consulting Group” MMC-nin direktoru, eyni zamanda “Zanbaq Azərbaycan” layihəsinin qurucusu Şahlar Mirzalıyev tərəfindən keçiriləcək.
Qeyd edək ki, seminar Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.



